AZ EN RU

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş II regional neyroreabilitasiya konfransı keçirilib

Qonaqlar konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və muzeyini ziyarət ediblər. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Sadiq Sadıxov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Azərbaycan Tibb Universiteti, Sanator Kurort  Reabilitasiya Mərkəzi, professor Gindes adına uşaq və yeniyetmələr üçün vərəm və tənəffüs orqanlarının xəstəlikləri sanatoriyasının təşkilatçılığı ilə keçirilir. Üç panellli konfransın 1-ci panelinin mövzusu “İşemik insultun və disfagiyanın neyroreabilitasiyası”, 2-ci panelinin mövzusu “Koqnitiv, hərəki və xüsusi pozuntuların idarə olunması”, 3-cü panelinin mövzusu isə “Reabilitasiyada elektrostimulyasiya üsulları”dır.

Konfransın məqsədi işemik insult və onun reabilitasiyasında istifadə olunan müasir üsullar, bu sahədə olan elmi – praktik yeniliklərin həkimlərə çatdırılmasından ibarət olub. Problemin müxtəlif sahələrinə həsr edilən məruzələr təqdim olunub.

Konfransa nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, orta tibb işçiləri də qatılıblar. İştirakçılar sertifikatlar, davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.12.2023 15:36