AZ EN RU

Ulu Öndər Heydər Əliyevin 100 illiyi və 18 oktyabr – Müstəqiliyin Bərpası Gününə həsr olunmuş fərdi sərgi

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədovun  Ulu Öndər Heydər Əliyevin 100 illiyi və 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilib.

    “Azərbaycanın Papa Karlosu” adlı sərginin açılışında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Ümummilli Lider  Heydər Əliyevin şərəfli həyat yolu və Azərbaycan xalqına göstərdiyi müstəsna xidmətlərdən söhbət açıb.  Vurğulayıb ki, görkəmli dövlət xadimi ölkəmizə rəhbərliyi dövründə həyatımızın bütün sahələri ilə yanaşı incəsənətin də inkişafını diqqətdə saxlayıb, bu sahədə fəaliyyət göstərən sənət adamlarının əməyini yüksək qiymətləndirib. Ülviyyə Həmzəyeva  müəllifi fərdi sərgisi münasibətilə təbrik edib, gələcək fəaliyyətində  uğurlar arzulayıb.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Tural Rzayev çıxış edərək bildirib ki, dövlətimizin başçısı tərəfindən digər istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsinin inkişafına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mədəniyyət sahəsində əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin inkişafı prioritet istiqamət kimi götürülür. Ölkə Prezidenti tərəfindən sənət adamlarının əməyinin yüksək qiymətləndirilməsi, orden və medallarla təltif olunması, Prezident təqaüdünə layiq görülməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması bu sahədə aparılan məqsədyönlü siyasətin bariz nümunəsidir.
    Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Naxçıvanda da həyatın bütün sahələrində böyük inkişaf müşahidə olunur. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan özünün yeni intibah dövrünü yaşayır. Belə bir əlamətdar gündə və ildə Sabir Məmmədovun rəsm əsərlərindən və əl işlərindən ibarət fərdi yaradıcılıq sərgisinin açılması Vətənə, xalqına, dövlətinə ləyaqətlə xidmət edən dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevə olan xalq sevgisinin, sənətkar ehtiramının nəticəsidir. 
    Tədbirdə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, iqtisadiyyat naziri Tapdıq Əliyev, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev  və başqaları çıxış edərək rəssamın çoxşaxəli yaradıcılığı barədə  danışıblar. 
 Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədov əsərlərinin yaradıcılıq xüsusiyyətlərindən söz açıb, mədəniyyətin inkişafına, milli-mədəni irsimizin yaşadılması və təbliğinə, sənət adamlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
    Qeyd edək  ki, sərgidə  müəllifin Ulu Öndər Heydər Əliyevin 100 illiyi və 18 oktyabr –  Müstəqilliyin Bərpası Gününə həsr etdiyi 170 əsəri təqdim olunub. Eyni zamanda rəssamın dekorativ-tətbiqi sənət, taxtadan əl işləri  və mis üzərində döymə nümunələri də sərgidə yer alıb.
    Sonda sərgiyə baxış keçirilib,  əsərlər böyük maraqla qarşılanıb.

Bülbül Quliyeva

Nəşr edilib : 18.10.2023 20:20