AZ EN RU

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

    İyunun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında təşkil edilən  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və rəsm müsabiqələrinin yekunu və qaliblərini mükafatlandırma mərasimi keçirilib. 
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
    Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının foyesində müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti haqqında danışıb. Vurğulanıb ki, Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təsdiq etdiyi Tədbirlər Planına əsasən keçirilən müsabiqənin məqsədi muxtar respublikada yaşayan istedadlı gənc və yeniyetmələri aşkar edib üzə çıxarmaq, yaradıcılıq potensialını inkişaf etdirmək, onlara dövlət qayğısı göstərməkdir. Ümumilikdə, 20 nominasiya üzrə keçirilən müsabiqəyə 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin 1000-ə yaxın şagirdi qoşulub. 
    Həsən Kərimov müsabiqənin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb.
    Sonra tədbirin mükafatlandırma mərasimi olub. Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev,  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova və Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva da iştirak ediblər. Mərasimdə qaliblərlə yanaşı, qalib gələn iştirakçıların sayına görə fərqləndiyinə, iştirakçıları yüksək peşəkarlıqla müşayiət etdiyinə, müsabiqənin təşkilindəki fəallıqlarına görə bir sıra uşaq musiqi və incəsənət məktəbi və müəllimləri Fəxri fərman və diplomla təltif edilib. 
    Həmçinin müsabiqənin şərtlərinə əsasən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi qalib gələn iştirakçıların sayına görə fərqləndiyi üçün “İlin məktəbi” elan edilib və diplomla təltif olunub. Sonda  müsabiqə zamanı münsiflər heyətinin üzvü kimi yüksək peşəkarlıq və obyektivlik nümayiş etdirmiş muxtar respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
    Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında konsert proqramı təqdim edilib. Rəngarəng musiqi nömrələri ilə tamaşaçı qarşısına çıxan qaliblər izləyənlərdə xoş ovqat yaradıb. Konsert-müsabiqə qrup rəqsləri nominasiyası üzrə 1-ci yerin qalibi, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivinin təqdimatında “Zəfər rəqsi” ilə sona çatıb.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2023 19:18