AZ EN RU

Ulu öndər Heydər Əliyev və türk dünyasi məsələləri

Heydər Əliyevin  formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin  memarı və qurucusudur. Bu dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb  bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edir. Ulu öndər öz fəaliyyətində Türkiyəyə , türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə  görürdü.  Akademik İsmayıl Hacıyevin qeyd etdiyi kimi, Heydər Əliyevi çox düşündürən  problemlərdən biri də türk dövlətlərinin iqtisadi-mədəni yaxınlaşması, birliyi məsələləri, bu mühüm məsələlərin həyata keçirilməsi yollarının nəzəri əsaslarının işlənib hazırlanması olmuşdur. Bu məsələlər isə Heydər Əliyevin yeni dövr türk birliyi strategiyasının yalnız bir qismini təşkil edir. 

Ulu öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşmış, milli tariximizin, dilimiz və ədəbiyyatımızın, milli mədəniyyətimizin köklərinə nüfuz etmiş, keçmiş və gələcəyimizin vəhdətinə, onun ümdə məsələlərinə diqqəti yönəltmişdir. Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edir. 

Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda türkologiya sahəsində elmi araşdırmaların aparılmasına, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə şərait yaradılmış, türkoloqlara dövlət qayğısı göstərilmişdir. Təsadüfi deyildir ki, o, elə hakimiyyətə gəldiyi ilk illərdə - 1970-ci ildə türk dünyası elm və mədəniyyətinin mərkəzini yenidən Bakıda formalaşdırmağa təşəbbüs göstərmiş, burada beynəlxalq “Sovet türkologiyası” elmi jurnalının nəşrə başlamasına nail olmuşdur.

Ulu öndərin türk dünyasına diqqət və qayğısı böyük türkçü, turançı mütəfəkkir Hüseyn Cavidə münasibətində də özünü göstərmişdir. Onun nəşinin uzaq Sibirdən Azərbaycana köçürülməsi sovet sistemində xeyli çətin, mürəkkəb bir iş olsa da, ümummilli lider Heydər Əliyev bu tarixi missiyasını böyük uğurla başa çatdırmışdır. Hüseyn Cavidin nəşinin gətirilməsi türkçülüyün, turançılığın Azərbaycana qaytarılması idi (E.Akimova).                                                                                       Ağır sovet sistemi şəraitində işləməsinə baxmayaraq, ümummilli liderin fəaliyyətində türk dünyası ilə əlaqələrin qurulması və genişləndirilməsi mühüm yer tutmuşdur. Bu fəaliyyət mövcud şəraitə uyğun olaraq ehtiyatla, məharətlə və uğurla həyata keçirilmişdir. Məhz ümummilli liderimizin SSRİ rəhbərliyinə tövsiyəsi ilə Azərbaycan ilə qonşu türk respublikalar, o cümlədən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və başqaları arasında ədəbi-mədəni əlaqələr inkişaf etmiş, mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər keçirilmişdir. Bütün bu tədbirlər xalqların bir-birinə yaxınlaşmasında, milli oyanışında mühüm rol oynamışdır. Xalqlar öz tarixi keçmişləri və gələcək inkişafı haqqında düşünmüşlər ki, bu da türk dünyasının birləşməsi yolunda geniş strateji fəaliyyətin tərkib hissələrindən biri olmuşdur (akademik İsa Həbibbəyli).                                                                              Böyük mütəfəkkir 1994-cü ildə dövlət başçılarının İstanbul sammitində türk dövlətlərinin əlaqələrinin inkişafına,türk xalqlarının birliyinə xüsusi önəm verərək demişdir: “Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu çox böyük əsasdır və biz  bu imkanlardan səmərəli istifadə etməliyik”.                                                                 Heydər Əliyev Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi fikir verirdi. O, qardaş ölkənin qurucusu M.K.Atatürkü dünyada XX  əsrin ən böyük şəxsiyyətlərindən biri adlandıraraq deyirdi: “Ölümündən sonra da Türkiyə xalqı onun qoyduğu yol ilə gedir. Görün yol nə qədər doğru-düzgün qurulub ki, o yoldan nə saga, nə sola dönmək mümkün deyil. Bu, Mustafa Kamal Atatürkün müdrikliyini göstərir”. Təsadüfi deyildir ki, ulu öndərin təşəbbüsü və sərəncamı ilə böyük Mustafa Kamalın irsini öyrənmək və təbliğ etmək üçün 2001-ci ildə Bakıda Atatürk  Mərkəzi yaradılmışdır. Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alındı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan layihələrin gerçəkləşməsində də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəklədi.  

Minillik dünya təcrübəsi göstərmişdir ki, çoxəsrlik tariximizdə türk xalqlarını yaşadan, türk dünyası vəhdətini qoruyub saxlayan ən əsas bağlardan biri də ortaq mədəniyyət və ədəbiyyatdan ibarətdir. Çünki türk xalqları tarix boyu insan fəaliyyətinin bütün sahələrində öz istedadlarını, biliklərini, bacarıqlarını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, tarixi-memarlıq abidələri, bədii əsərləri, musiqiləri ilə bəşər tarixinə parlaq səhifələr yazmışlar. Bu tarixi uğurlarda türk xalqlarının şairlərinin və yazıçılarının xidməti çox böyükdür.  

 Azərbaycan, həmçinin SSRİ-yə daxil olan digər türk respublikalar dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Ulu öndər Heydər Əliyev 1996-cı ildə türk dünyası yazıçılarının üçüncü qurultayının ölkəmizdə keçirilməsini əlamətdar hadisə hesab etmiş və bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi çox yüksək qiymətləndirmişdir.  Qurultaydakı çıxışında ulu öndər bildirmişdir ki, xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi məhv edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan çıxmış mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutmuşdur. Ümummilli lider Heydər Əliyev türk xalqlarının əlaqələrinin möhkəmlənməsi yolunda atılan bütün addımları yüksək qiymətləndirmiş, fəaliyyəti boyu müvafiq istiqamətdə keçirilən tədbirlərin təşəbbüskarı, təşkilatçısı, iştirakçısı olmuşdur. O, TÜRKSOY Beynəlxalq təşkilatının Bakıda keçirilən 8-ci toplantısında təşkilatın yarandığı vaxtdan başlayaraq həyata keçirdiyi məhsuldar fəaliyyətini xüsusilə qeyd etmişdir. Bildirmişdir ki, TÜRKSOY xalqlarımız üçün daha çox iş görə bilər. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir. 

Qorqud”un 1300, “Manas”ın 1000, böyük qazax şairi, filosofu Abayın 150, Özbəkistanın böyük dövlət xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, Azərbaycan şairi, eyni zamanda, bütün türk dünyasına mənsub olan Məhəmməd Füzulinin 500 illik yubileyinin türk dövlətlərinin bir yerdə qeyd etmələrini böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirmişdir.  

Ulu öndər 1995-ci ildə “Manas” dastanının 1000 illik yubileyi tədbirində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər etmişdi. Bu tədbirə bütün türk xalqlarının dövlət başçıları toplaşmışdı, bu, türk dünyasının mənəvi körpülərinin inkişafı baxımdan çox əhəmiyyətli idi. Ulu öndər dövlət müstəqilliyinin verdiyi imkanları yüksək qiymətləndirərək sonralar göstərirdi ki, biz artıq böyük türk dünyası, türk xalqları, türk xalqlarının ümumi kökləri, müştərək mədəniyyəti, tarixi haqqında danışırıq. Bunları böyük şəxsiyyətlərin yaradıcılığı əsasında edirik. Məsələn, biz qırğız eposu “Manas”ın 1000 illik yubileyini birlikdə qeyd etdik. Bu böyük bir hadisə oldu. Açıq deyək ki, Manasın kimliyi, onun tarixi, yaratdığı irs haqqında o vaxta qədər Azərbaycanda çox az adam bilirdi. Amma qırğızlar bunu etdilər. Biz hamımız – türkdilli ölkələrin dövlət başçıları oraya toplaşdıq. Hamımız birlikdə sübut etdik ki, bəli, bizim xalqlarımızın qədim kökü və bu xalqların müştərək tarixi,mədəniyyəti vardır.

Ümummili lider göstərirdi ki, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi məhz bu baxımdan böyük siyasi əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev 1999-cu ildə bu möhtəşəm dastanın 1300illik yubiley komissiyasının iclasında təkidlə qeyd edirdi: “Əgər nəzərə alsaq ki, bizə düşmən olan erməni millətçiləri daim təbliğ edirlər ki, “bunlar köçəri xalqdır, onların keçmişi olmayıbdır”, əgər xalqımızın keçmişinə dair mənfi təbliğatı nəzərə alsaq bu tədbirlərimizin nə qədər əhəmiyyəti olduğunu görərik. Azərbaycanın tarixində indiyədək keçirilmiş bütün yubiley mərasimlərindən “Kitabi-Dədə Qorqud” dastanının yubileyi hamısından əhəmiyyətlidir. Bu, bizim tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın qədimliyini, eyni zamanda tarixi köklərimizin 1300 il bundan əvvəlki dövründə xalqımızın böyük bir eposu olduğunu göstərir....”Dədə Qorqud” dastanı bizi bu gün eyni zamanda birləşdirir, bir-birimizə yaxınlaşdırır. “Dədə Qorqud” həm Azərbaycanın, həm bütün türk dünyasının dastanıdır”.

Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının I qurultayını təşkil etməklə(2001) təkcə Azərbaycan xalqının deyil, bütünlüklə türk dünyasının lideri kimi  tarixi missiyanı həyata keçirmişdir.   

Qeyd etdiyimiz kimi, Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur.   Ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, Azərbaycançılıq məfkurəsinin mənimsədilməsi Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Ona görə də türk dünyası ədəbiyyatı, ədəbi şəxsiyyətləri həmişə ulu öndərin diqqət mərkəzində olmuşdur. Türk dünyasında, beynəlxalq miqyasda şöhrət qazanmış filosof yazıçısı Çingiz Aytmatov Azərbaycan sənət adamları ilə sıx tellərlə bağlı idi. Hələ XX əsrin 60-cı illərindən ulu öndər türk dünyasının bu görkəmli söz ustasının yaradıcılığına maraq göstərmiş, onunla dəfələrlə görüşmüş, səmimi söhbətlər etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük yazıçı və ictimai xadim Ç.Aytmatovun şəxsiyyətinə və xidmətinə yüksək qiymət vermişdir: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir.”

Türk dünyasının fəxri, dünya şöhrətli Çingiz Aytmatovun ölkə prezidenti tərəfindən “Dostluq” ordeninə (2008) layiq görülməsi Azərbaycan dövlətinin türk dünyası sənətinə verdiyi yüksək qiymətdir.                                                                     Türk dünyasının tanınmış sənət adamlarından biri də qazax xalqının yetirməsi şair Oljas Süleymenovdur. O.Süleymenov  1970-ci ildə nəşr etdirdiyi “Az i ya” əsəri ilə türk dünyasının qədim köklərə malik olduğunu elmi dəlillərlə sübut etmişdi. Lakin  türk birliyi, onun qədim mədəniyyəti haqqındakı tezisləri türk düşmənlərini qəzəbləndirmişdi. Belə bir məqamda O.Süleymenovu müdafiə edən, onun haqq səsinə səs verən  Heydər Əliyevin də dəstəklədiyi Azərbaycan ziyalıları oldu. Azərbaycana ,ulu öndərə böyük rəğbət bəsləyən  O.Süleymenov  tez-tez Bakıya səfər etmiş, bu toprağın əziz qonağı olmuşdur. Bir neçə dəfə H.Əliyev bu səmimi və mütəfəkkir şairi qəbul etmiş, onunla səmimi söhbətlər etmiş, türk dünyası haqqında fikirlərini onunla bölüşmüşdür. Oljas Süleymenovun sənəti Azərbaycanda yüksək qiymətləndirilmiş, ölkə prezidenti onu “Şöhrət” ordeni(2006) və “Dostluq” ordeni ilə(2013) təltif etmişdir.                                                                                                                      Hansı sosial-iqtisadi, ideoloji sistemin mövcudluğundan asılı olmayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti türk xalqları arasında əlaqələrin konkret şəraitdə inkişafına xidmət etdiyindən böyük tarixi əhəmiyyət daşımışdır. 

Ümummilli lider Heydər Əliyevin türk dünyasının yüksəlişi barədəki  strateji mövqeyini onun aşağıdakı sözləri çox aydın və  açıq şəkildə göstərir: “Özününün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası  bəşər sivilizasiyasına yeni, misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır”.                                                                                                                           Azərbaycanın ümummilli liderinin türk dünyasınının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün də uğurla davam etdirilməkdədir.

Bu gün eyni məqsəd və məram, əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. Təsadüfi deyildir ki, günbəgün türk xalqlarının ədəbiyyat adamları, yazıçıları bir-birinə yaxınlaşır, kömək edir, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradırlar. 44 günlük II Qarabağ müharibəsinin nəticələri, Türk Dövlətləri Təşkilatının fəaliyyətləri, ümumiyyətlə, türk xalqlarının mədəni-iqtisadi və hərbi-siyasi əməkdaşlığının  gün keçdikcə daha da genişlənməsi ulu öndərin türk dünyasının gələcəyi haqqındakı arzularının həyata keçdiyini göstərir.

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru

Nəşr edilib : 08.05.2023 12:19