AZ EN RU

Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Hər bir xalqın tarixi keçmişi onun milli-mənəvi dəyərlərində əks olunur. Milli-mənəvi dəyərlər isə xalqın dili, ənənəsi, tarixi və s. kimi faktorlardır. Xalqın milliliyinin qorunması onun gələcəyə doğru inkişafını da təmin edir. Millətin qədim təsəvvürlərinin əks olunduğu adət-ənənələrinin müasir dövrlərdə də icrası heç də həmişə mümkün olmur. Bu mümkünsüzlük ya xalqın özünün biganəliyi, ya da o xalqın həmin dövrdə rəhbərliyində olan insanların sözügedən məsələlərə kortəbii  yanaşmasından irəli gəlir. Belə olan zamanda da xalq öz milliyini, dəyərlərini mühafizə edə bilmir. Əgər rəhbər mövqedə duran insan milliyətçiliyin qorunmasını, siyasətin millilik konsepsiyasını özünə şüar etsə, onda xalq da öz uğurlu gələcəyinin təminatını mövcud dövrdə tənzimləyə bilər.

Azərbaycan xalqı əsrlər boyu öz torpağı, vətəni, milli kimliyi uğrunda mübarizə aparıb. Tarixdə elə şəxsiyyətlər olub ki, Vətəninin və xalqının mənafeyi naminə bütün ömrünü həsr edib. Türk millətinin dahisi Atatürkün fəaliyyəti və türkçülük dövlətinin istiqbalı uğrundakı tarixi əhəmiyyətli mücadiləsi kökü qədim dövrlərə gedən türk xalqının gələcəyini də qarant altına aldı. Bu fəaliyyət türk millətinə böyük bir özünəinam bəxş etdi. Və türk milləti də bu dahi şəxsiyyətin dövlətin tərəqqi  və yüksəlişindəki müstəsna rolu və fəaliyyətinin sayəsində xoşbəxt gələcəyə doğru addımladı.

Azərbaycan xalqı zaman-zaman  dərin mücadilələrlə üzləşib. İstər sərhədlərinin müdafiəsində, istər daxili sabitliyinin qorunmasında, istər yadellilərin hücumundan və yad münasibətlərdən qorunmaq üçün Azərbaycan dövləti və Azərbaycan xalqı, demək mümkündür ki, hər tarixi dövrdə böyük mübarizələrdən üzüağ çıxıb. Təbiidir ki, uğursuzluqlar da istisna deyildir və uğursuzluğun olduğu kimi uğurlu nəticələrin də səbəbkarları olmuşdur. Uzun zamanlar ərzində başı olmazın bəlalarını çəkmiş xalqımız ağlasığmaz mübarizələrdən çox vaxt üzüağ çıxmışdır. Bu mübarizələrdə xalqın önündə gedənlərin – rəhbər mövqedə dayananların böyük rolu olub. Belə insanlar mənsub olduğu xalqın kökünə, soyuna dərindən bələd olanlardır. Onlar tarixi köklərə bələd olduqlarından məhz tarixin təhrif olunması, millətinin bəsit tarixlə üz-üzə qalmasını qəbul edə bilməyib canlarını fəda edəcək qədər mübarizəyə atılıblar. Məhz belə şəxsiyyətlərdən biri də dahi siyasətçi, ümummilli lider, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevdir.

Azərbaycan tarixində öz vətənpərvər mübarizəsi ilə xalqın taleyinin xoşbəxt gələcəyini təmin edən Ulu Öndər titulunu xalqdan qazanmış Heydər Əliyev milliliyə elə yüksək mövqedə dəyər verirdi ki, bunun ölçüyəgəlməzliyini ifadə etmək üçün bəzən sözlər yetmir.

Milli-mənəvi dəyərlərimizə çox böyük hörmətlə yanaşan, milli düşüncələrin azca da olsa qabardığı maddi-mənəvi dəyərləri qoruyan və mühafizə  edən liderin düşüncəsi yalnız və yalnız Azərbaycançılıq ideyalarını ön planda saxlamaq idi. 1969-cu ildə dövlət başçısı kimi fəaliyyəti zamanında da sovetlərin qılıncının sağının və solunun kəsdiyi bir dövrdə o, milli düşüncəsindən qaynaqlanan fəaliyyətini də gerçəkləşdirirdi. Olduqca yüksək səviyəli idarəetmə və siyasət düşüncəsindən irəli gələrək fəaliyyətində nöqsan aramağa cəhd edən irticaçıları da lider mədəni şəkildə susdururdu. Ümummilli liderin hakimiyyətdə fəaliyyət göstərdiyi kəskin sovet rejimi illəri ərzində onun fəaliyyətində prioritet məsələ Azərbaycançılıqla bağlı olan məqamlar idi, hansı ki, lider bu məqamları çox böyük səriştə və siyasi ustalıqla işin məğzinin alt qatında yerləşdirərək həyata keçirirdi.

Ümummilli liderin hakimiyyətdə olduğu həmin dönəmlərdə Azərbaycanın bir çox regionlarında icra olunan milli bayramların keçirilməsi canlanmağa başlandı. Və nəzərə almaq mütləqdir ki, sovet rejiminin millilik ideyalarını parladan atributlarımızın məhv olunması yönündəki siyasəti həmin dönəmlərdə ən yüksək aktivlikdə idi. Rejim milli və dini dəyərlərimizin tamamilə sıradan çıxarılmasına yön almış iyrənc siyasətini həyata keçirməkdə ikən liderin bu siyasəti tam imkan daxilində zərərsizləşdirməyə çalışması və həm də belə bir antimilli siyasət yeridilən respublikada əsas fəaliyyətini – türkçülük ideyalarının qorunmasını həyata keçirtməsi ölçüyəgəlməz vətənpərlik hissləri duyğularına malik olmağın təcəssümüdür. Heydər Əliyev məhz  belə bir dövrdə dilimizin qorunması uğrunda da öz fəaliyyəti çərçivəsində mübarizə aparmışdır. Liderin mübarizəsinin əyani sübutu onun  dövlət tədbirləri və yığıncaqlarında ana dilində danışmağa üstünlük verməsi idi. Azərbaycan dilinin möhtəşəmliyini sovet carçılarının nəzərinə ürəklə çatırmağa nail olan liderin nitqində bu dil xüsusi gözəllik qazanırdı. O, dilimizin dərinliklərinə o qədər mükəmməl şəkildə bələd idi ki, hər sözün, kəlmənin tarixini az qala əhatəli və təfərrüatlı söyləmək iqtidarında idi. Lakin sovetlərin kəskin siyasi rejimi dönəmində lider bu fəaliyyətini də olduqca ehtiyatla həyata keçirirdi. O çox yaxşı bilirdi ki, nə qədər bu yolda fədakarlıq edən ziyalıları, şair və yazıçıları irtica məhv etmişdir. Onların məhvi təkcə özlərinin, ailələrinin, yaxın qohum-əqrəbalarının deyil, həm də Azərbaycançılıq ideyasının hakim olduğu Azərbaycan gələcəyinə böyük zərbə idi. Odur ki, dahi siyasətçi bu yolda həddən artıq ehtiyatlı  üsullarla davranırdı. Bilirdi ki, hər hansı kiçik ehtiyatsızlıq onun millilik ideyalarının gerçəkləşdirilməsi uğrundakı üstüörtülü fəaliyyətini lazımsız vaxtda önə çıxara bilər. Bilirdi ki, kəskin sovet rejiminin apardığı antimilli siyasətin qarşısını almaq birdən-birə mümkün deyildi. O icra etdiyi işlərin daxilində millilik ideyalarının qorunmasına çalışırdı. Heydər Əliyev Azərbaycan fəallarının ön cərgələrdə yer alması üçün var qüvvəsi ilə fəaliyyət göstərirdi.  Mədəniyyət işçilərinin, elm mütəxəssislərinin, təsərrüfat sahəsindəki fəalların əməyinin qiymətləndirilməsini o zamankı qanun içərisində o qədər mükəmməl şəkildə əridirdi ki, bəzən irticaçıların özləri belə bu məqamlar qarşısında çaşqınlıq içərisində qalırdılar. Bəli, Heydər Əliyev elə siyasətçi idi ki, ağır şəraitdə belə yenilməyərək öz amalı və məqsədi uğrunda var qüvvəsi ilə çalışaraq “Azad Azərbaycan” arzusunu gerçəkləşdirmək ideyaları ilə yaşayırdı və ömrünü də, özünün dediyi kimi, bu yolda həsr etdi.

Heydər Əliyev milli ideyaların və qədim milli düşüncəmizin var olduğu adət-ənənələrimizin yaşaması və qorunması, gələcək nəslə ötürülməsi məsələlərinin vacibliyini prioritet məqsəd olaraq qarşısına qoymuşdu. Amma bunun icrasında təkcə Azərbaycan daxilində deyil, ümumtürk kontekstində həyata keçirməyin daha faydalı olduğunu gözəl bilirdi. Çünki türkün ümumkökü onun müasir dönəmdəki törənlərində də öz əksini tapmaqdadır. Əgər türk xalqlarına məxsus olanları qabardıb ortalığa çıxarmaq mümkün olarsa, irtica ümumtürk istəyinə nümayişkaranə şəkildə etiraz edə bilməzdi. Təbii ki, tədricən həyata keçiriləcək fəlakətlər gözlənilirdi. Lakin ümumtürk xalqlarının təqdir etdiyi və türklərə məxsus dünyagörüşü yaşadan adətlərin, bayramların keçirilməsi türk xalqlarının hamısı tərəfindən qəbul olunmasını ən ümdə şərt kimi önə çəkirdi. Bu da irticanın müəyyən qədər susqunluğunun təmin edilməsi demək idi.

Heydər Əliyevin elmə, mədəniyyətə, incəsənətə, ədəbiyyata verdiyi dəyər Azərbaycançılıq ideyaları uğrunda aparılan siyasət idi. O, “Kitabi-Dədə Qorqud” kimi xalqın qəhrəmanlıq dastanının dəyərləndirilməsi və gələcək nəslə ötürülməsində olduqca böyük xidmət göstərdi. Belə ki, dastanın 1300 illik yaşının keçirilməsi Ulu Öndərin milli ruha, qədim etnik düşüncəyə, ulu söykökə bağlılığını və bu kökə sədaqətinin açıq etiraf etdi. Və bu barədə, yəni dastanın 1300 illlik yaşının keçirilməsi haqqında saysız-hesabsız məqalələr yazıldı, fikirlər söylənildi. Bu, insanlarımızın xalqımızın ulu soykökünə olan dəyərdən aldığı sevinc və minnətdarlıq dolu fikirləri idi. Milli dəyərləri dövlət siyasətinin əsaslarında qoruyub saxlayan Ulu Öndər çox gözəl bilirdi və bütün dünyaya da çatdırırdı ki, Azərbaycan mədəniyyətinin kökü qədimdir. Mədəniyyətimiz milli köklər üzərində yaranıb və formalaşıb. Bunları mövcud zamanda da yaşatmaq mütləqdir ki, gələcək nəsil öz kökünə şüurlu şəkildə sahib çıxa bilsin. Odur ki, milli dövlətçiliyimizin formalaşması və yaşamasında şifahi ənənəmizin çox böyük rolu və əhəmiyyəti olduğundan Ulu Öndər bu sahədəki görülən işləri təqdir edir, qarşıda duran problemlərin həll olunmasında mütəxəssislərə əsl rəhbər qayğısı göstərirdi.

Xalq yaradıcılığı örnəklərini toplayıb yazıya almaq, elmi araşdırmalara cəlb etmək millilik siyasətinin icrası deməkdir. Çünki bu örnəklər, sözün əsl mənasında, milli düşüncədən qaynaqlanır. Odur ki, bu sahədə görülən işlərin keyfiyyətini təmin  etmək üçün əlverişli məkan məsələsi də vacib faktorlardandır. Məhz bu işlər də kiçik bir ərazidən ibarət olan “Folklor sarayı”nda icra olunurdu. Qeyd edək ki, AMEA M.Füzuli adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən “Folklor” sarayı Bakı şəhərində – İçəri şəhərdə yerləşirdi. Sarayın kiçik kollektivi hələ sovet rejimindən folklorun toplanması işlərində yorulmaz fəaliyyət göstərirdilər. Xalqın milli-mənəvi sərvəti olan folklorun toplanması milli mədəniyyət və tariximizə olduqca gərəkli idi. Bunu özünə prioritet məsələ kimi qəbul etmiş ziyalılar – qanında əsl türk qanı axan alimlərimiz folklorun toplanmasına xüsusi diqqət göstərirdilər. Yaşlı nəslin yaddaşında yaşayan elə dəyərli örnəklər mövcud olur ki, onların zamanında toplanması bəzən bir çox tarixi həqiqətlərin açılmasına böyük töhfə verə bilir.  Mədəniyyətimizi və milliliyimizi formalaşdıran folklor örnəklərini elmi müstəviyə çıxararaq araşdırıb tədqiq etmək folklorçuların ən ümdə borcudur. Lakin burada bütün yük təkcə alimlərin – folklorçuların üzərinə düşə bilməzdi. Onların fəaliyyətinin uğurlu şəkildə gerçəkləşməsi üçün, fəaliyyətlərinin ümumdünya elmi auditoriyaya tanıtdırmaq üçün dövlətin qayğısına çox böyük ehtiyac var idi. Məhz ümummilli liderin təşəbbüsü ilə bu qayğının folklor elminə göstərilməsi bu günkü Folklor İnstitutunun yaranmasını şərtləndirdi. 2003-cü ilədək yalnız digər institutun tərkibində –  Ədəbiyyat İnstitutunun kiçik bir şöbəsi olaraq fəaliyyət göstərən “Folklor” sarayı “İnstitut” statusu aldı. Ulu Öndər Heydər Əliyev 2003-cü il sarayın müstəqil “İnstitut” kimi fəaliyyət göstərməsi üçün sərəncam imzaladı. Və elə o gündən etibarən institutda Azərbaycan folklorşünaslıq elminin yaşaması və inkişafı naminə saysız-hesabsız təqdirəlayiq işlər görülməkdədir: cild-cild kitablar çap olunur, folklor elmimizə xidmət edən elmi məqalələr yazılır, seminarlar, elmi konfrans və simpozyumlar təşkil olunur, folklor ekspedisiyaları həyata keçirilir, peşəkar kadrlar yetişdirilir və s. bu kimi böyük əhəmiyyət kəsb edən işlər həyata keçirilir. İnstitutun əməkdaşları folklorumuzun öyrənilməsində təkcə yerli təcrübələrlə kifayətlənməyərək dünyada qəbul olunmuş prinsiplər üzrə də fəaliyyət göstəririlər.

Məlum və aydındır ki, Heydər Əliyevin milli kimliyimizə verdiyi çox böyük töhfələrdən biri də milli mərasim düşüncəmizin bərpası məsələsidir. Bunu təkcə Novruz bayramı üzərində təqdim etsək, Ulu Öndərin milli düşüncəmizin bərpası yönündəki fəaliyyətinin mahiyyəti açıqca görmüş olarıq. Bilirik ki, sovetlər dönəmində milli və dini bayramlarımızın, mərasimlərimizin keçirilməsində kəskin qadağalar mövcud idi. Biz bu bayram və mərasimlərimizi gizlin şəkildə qeyd edirdik. Toy mərasimlərimizdə milli düşüncəmizi təbliğ edən aşıqlarımızın ifasına çox vaxt qadağalar qoyulub. Aşıq el atasıdır, deyərlər. Xalqın dərd-sərini, ağrı-acısını, daxili iztirablarını ifadə etməkdə aşıqlarımız çox vaxt cəsarət nümayiş etdiriblər. Sovetlər dönəmində aşıqların toylarda iştirakına qoyulan qadağalar da xalqın daxili dünyasını cəsarətlə ifadə edən aşıqların tədricən məhv olmasına yönəlmiş məqsəddən doğurdu. Və bütün bunları rəhbər mövqedən çox ehtiyatla müşahidə edən Ulu Öndər milliyyətçilik siyasəti içərisində mədəniyyətimizin faktlarından olan aşıq yaradıcılığının inkişafına qayğı göstərirdi. Bu qayğını dahi şəxsiyyət aşıqların dövrün tələblərini ifadə edən bayram və tədbirlərdə iştirakını təmin etməklə, onları  mənəvi dəyərlərin inkişafına xidmət edən, millətlərin mədəniyyətləri arasında əlaqə yaradan el sənətkarı kimi  fəxri adlarla təltif etməklə, Azərbaycan aşıq sənətinin sütunlarından olan görkəmli aşıqların yubiley tədbirləri və yaradıcılıq gecələrinin keçirilməsinə şərait yaratmaqla, aşıqların sözügedən dövrdə Azərbaycana qapısı açılan xarici dövlətlərdə qastrol səfərlərində iştirak etməsini təmin etməklə həyata keçirirdi. Bütün bunlar isə milli kökümüzü ifadə edən aşıq sənətininin sovetin məhvedici siyasətinin qurbanı olmasının qarşısını kəskin şəkildə alırdı. Və Ulu Öndərin yığıncaqlardakı, tədbirlərdəki nitqlərindən aydın olur ki, bu dahi şəxsiyyətin yürütdüyü siyasətin təməlində sırf Azərbaycançılıq qayəsi dayanır. Lakin dahi siyasətçi belə bir rejimin qarşısında milliyyətçilik ideyalarının olduqca ehtiyatlı və ehmallı tərzdə ictimai həyatın bütün sahələrində bərpa etməyi qarşısına məqsəd qoymuşdu. Milli düşüncəmizin carçıları olan dastanlarımızın, xalq yaradıcılığı örnəklərimizin yaddaşlardan toplanaraq yazıya alınmasına xüsusi həssaslıqla yanaşırdı. Bu barədəki verdiyi sərəncam və tapşırıqlardan irəli gələrək görülən işlər millilik düşüncəmizə böyük töhfə idi. Heydər Əliyev bunları bəzi özü real olan məqamların fonunda da icra edirdi. Belə ki, Azərbaycan mədəniyyəti və milli-mənəvi dəyərləri ümumbəşəri ideyaların təbliği baxımından da təqdirəlayiqdir. Lider məhz bu məqamdan yola çıxaraq Azərbaycan mədəniyyətinin inkişafına çalışırdı. O deyirdi ki, Azərbaycan mədəniyyəti dünya xalqlarının mədəniyyətinə daim qapılarını açmış mədəniyyətdir. O heç də öz içərisində stabil şəkildə qalmır. Bu mədəniyyət köklü dəyərlər kəsb etdiyindən onun inkişafı da ümumbəşəri amillərlə çulğaşır.

Milli-mənəvi kimliyimizi ifadə edən sözlü yaradıcılığımızın zaman keçdikcə yaddaşlardan silinməsi real faktdır. Düzdür, bu, olduqca böyük təəssüf hissi doğurur, amma gerçəklik də budur ki, milli düşüncəmizi özündə qoruyub saxlayan sözlü yaradıcılıq örnəklərimizi zamanında toplamadıqda, təbiidir ki, itib-batacaq. Və kəskin sovet rejiminin də ən ümdə vəzifələrdindən biri də bu idi ki, hökmranlıq etdiyi dövlətlərdə xalqların kökünə, milliliyinə işıq salan faktları tamamilə itirib yoxa çıxarsın. Və xalqın folklor yaddaşı da müəyyən zaman daxilində qoruna bilər. Onları yazıya alıb gələcəyə ötürmədən onlardan rejim “can qurtarırdı”. Xalqın qəhrəmanlıq düşüncəsini özündə təcəssüm etdirən dastanlarımızın yazıya alınıb, tədqiqata cəlb olunmasına isə, çox hallarda icazə verilmirdi. Bu da açıq-aydın millilik və vətənsevrlik düşüncəsinin silinməsinə xidmət edən iyrənc siyasət idi. Belə bir siyasətin obyektlərindən biri də qəhrəmanlıq dastanımız olan “Kitabi-Dədə Qorqud” dastanına qarşı aparılan antitəbliğat idi. İrtica yaxşı bilirdi ki, “Kitabi-Dədə Qorqud” dünya epos mədəniyyətinin əvəzsiz nümunələrindən olub, həm də Azərbaycanda bu mədəniyyətin parlaq örnəyidir. Akademik İsa Həbibbəyli dastanın Azərbaycan elmi və mədəniyyətinə yenidən qayıtmasında Ulu Öndərin ölçüyəgəlməz fəaliyyəti haqqında yazır: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra “Kitabi-Dədə Qorqud” dastanlarının ölkəmizdə milli təfəkkürün və azərbaycançılıq məfkurəsinin daha da inkişaf etdirilməsində mühüm rolu olmuşdur. Bu mənada Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanı ilə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin ölkəmizdə 9 aprel 2000-ci ildə dövlət səviyyəsində təntənə ilə qeyd edilməsi böyük sənət abidəsinin layiqli şəkildə qiymətləndirilməsi ilə bərabər, həm də milli düşüncənin, müstəqil dövlətçilik təfəkkürünün, azərbaycançılıq ideyasının daha da qüvvətləndirilib möhkəmləndirilməsinə xidmətin ifadəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən tapılıb üzə çıxarılmasının və elmi dövriyyəyə daxil edilməsi hadisəsinin  yubiley səviyyəsində geniş miqyasda keçirilməsi, 2013-cü ildə Bakı şəhərində Dədə Qorqud parkının yaradılması, Dədə Qorquda və dastan boylarının qəhrəmanlarına abidə ucaldılması həm Azərbaycan xalqının bu möhtəşəm ədəbiyyat abidəsinin dünya miqyasında təbliğinə, həm də daha dərindən tədqiq edilib öyrənilməsinə böyük imkanlar açmışdır”. Göründüyü kimi, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanına göstərdiyi bu möhtəşəm qayğını türkçülük düşüncəmizin bərpası ilə bağlı olan ən qiymətli fəaliyyətlərdən hesab edir. Təbiidir ki, Ulu Öndərin bu fəaliyyəti heç də təəccüb doğurmur. Ona görədir ki, bu dahi siyasətçinin devizi, şüarı türkçülükdür. Lakin rejimin gözü önündə bunu açıq-aydın gerçəkləşməsinin mümkünsüz olduğunu çox yaxşı bildiyindən, bu siyasəti mövcud siyasətin daxilinə qataraq gerçəkləşdirirdi. Bu da Ulu Öndərin uzaqgörən və tədbirli siyasətçi olduğunu bir daha təsdiq edir.

Beləliklə, dahi şəxsiyyət, Ümummilli lider, Azərbaycan xalqının Ona əbədi sev­gisini ifadə edən “Ulu Öndər” titulunu qazanmış Heydər Əliyev Müstəqil Azər­bay­­canımızın bərpası, yaşaması, daim var olması üçün, özünün də dediyi kimi, ömrünü bu yola həsr etdi. Və O, bütün fəaliyyətini əsasında türkçülük düşüncəsinin ya­şa­ması və qorunması ideyasını  kəskin irtica rejimində üstüörtülü, müstəqillik dövrün­­də isə vüqarla, əzmlə açıq-aşkar nümayiş etdirərək gerşəkləşdirdi. Bu gün Azər­baycan xalqı milli-mənəvi dəyərlərinin qorunduğu və yaşadığı Müstəqil Azər­bay­canın vətəndaşıdır. Bunu biz Ulu Öndərə borcluyuq. Odur ki, nə qədər Azərbaycan var, Heydər Əliyev yaşa­ya­caqdır.

Aytən CƏFƏROVA 

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutu, Folklorşünaslıq şöbəsinin

 müdiri, filologiya üzrə fəlsəfə doktoru,

 dosent

Nəşr edilib : 10.05.2023 16:20