AZ EN RU

“Ulu öndər Heydər Əliyev irsində kitab və mütaliə” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı Tədbirlər planının icrası çərçivəsində “Naxçıvan” Universitetində silsilə tədbirlərin keçirilməsi davam edir.

Universitetin Elmi Kitabxanasının təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev irsində kitab və mütaliə” mövzusunda tədbir keçirilib. Konfrans zalında keçirilən tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının müdiri Tamella Əsgərova, Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Minayə Nəbisoy və Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov iştirak ediblər.  

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov qonaqları salamlayaraq, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində mütaliənin rolundan bəhs edib. Bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev də kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.

“Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Emelya Süleymanova “Ümummilli lider Heydər Əliyevin kitaba və mütaliəyə verdiyi dəyər”,  Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının müdiri Tamella Əsgərova “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Minayə Nəbisoy “Azərbaycanda mütaliənin inkişafında Heydər Əliyev mərhələsi”, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov “Kitab və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” adlı mövzularla çıxış edərək qeyd ediblər ki, böyüməkdə olan nəslin mənəvi, intellektual və estetik inkişafında mütaliənin rolu danılmazdır. Mütaliə insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü genişləndirir, yaradıcı potensialı üzə çıxarır. İnsanın xəyal dünyasını zənginləşdirir, təsvir bacarığını gücləndirir. Ən təsirli tərbiyə vasitəsi olan mütaliənin düzgün təşkili, düzgün əxlaqi davranış motivlərinin də tərbiyə edilməsində mühüm rol oynayır.

Tədbir slayd nümayişi ilə yekunlaşıb.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 13.04.2023 17:33