AZ EN RU

“Ulu Öndər Heydər Əliyev irsində dil və ədəbiyyat məsələləri” mövzusunda elmi konfrans

    AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev irsində dil və ədəbiyyat məsələləri” mövzusunda elmi konfrans keçirilib.
    Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və ölkəmizdən kənarda müxtəlif tədbirlər keçirilir, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrində, eləcə də Naxçıvan və Gəncə bölmələrində bu istiqamətdə aparılan araşdırmaların nəticələri müxtəlif kitab, monoqrafiya və toplularda nəşr olunur.
    Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı üçün çalışmış, xalqın və ölkənin gələcəyinə yönəlik işlər görmüşdür. Lakin bu uzaqgörənlik təkcə sosial-iqtisadi inkişafla məhdudlaşmır. Xalqın mədəni inkişafı, milli dəyərlərimizin qorunması Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Belə ki, Azərbaycan SSR-in hələ 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında ana dilimizin rəsmi dövlət dili elan olunması məhz Heydər Əliyevin nüfuzu, yürütdüyü bacarıqlı siyasət sayəsində mümkün olmuşdur.
    AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev konfransda “Heydər Əliyev və Türk dünyası ədəbiyyatı məsələləri”, Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Heydər Əliyevin ədəbiyyat siyasəti”, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Naxçıvan şairlərinin yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda məruzələr ediblər. Məruzələrdə Ümummilli Lider Heydər Əliyevin ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması və işlədilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərdən bəhs olunub. 

AMEA Naxçıvan Bölməsinin
 mətbuat xidməti

Nəşr edilib : 23.10.2023 09:28