AZ EN RU

Ulu Öndər Azərbaycan xalqına xas olan milli-mənəvi dəyərləri daim qorumuş və onları bütün dünyaya tanıtmışdır

    Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ümummilli Liderimiz Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan görkəmli dövlət xadimi Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Çünki dahi rəhbər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.

    Tarix sübut etmişdir ki, xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur. Ümummilli Liderimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, Ulu Öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Onun məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur. 1982-ci ildə xalqımızın dahi oğlunun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçilməsi o zaman “Kremlə sancılan əzəmətli türk bayrağı”  kimi dəyərləndirilirdi. Ulu Öndər həmin vəzifədə də milli maraqlara xidmət etməyi böyük məharətlə bacardı.
    Ümummilli Liderimizin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ulu  Öndərimiz milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi. Görkəmli dövlət xadimi deyirdi ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır. “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”, – deyən  dahi şəxsiyyət Azərbaycançılığı milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan müdrik şəxsiyyət kimi o, hələ ötən əsrin 70-ci illərində yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyildiyi kimi: “Xalqımızı vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.
    Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli Lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”, –  deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisiyası ilə gələcək müstəqilliyi duyub-hiss edən görkəmli dövlət xadimi o illərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı.
    1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Ümummilli Lider həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Dahi şəxsiyyət hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Ümummilli Liderimiz bu tədbirləri təkcə Azərbaycan yox, bütün Türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Ulu Öndər Heydər Əliyev bütün Türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.
    Dahi şəxsiyyət islamiyyətlə bağlı olan dini mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu Öndərin dini-əxlaqi dəyərlərə sadiqliyinin, Allahını və Peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda xalqımızın dahi oğlu qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, – deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.
    Ulu Öndərin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti  cənab İlham Əliyev bu gün regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Ölkə başçısını, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident cənab İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət, ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Elə buna görə də Prezident cənab İlham Əliyev bizim uğurlarımızın əsas şərti olaraq: “Müstəqil siyasət, milli maraqların qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq” olduğunu söyləmişdir.
    Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Bu gün Ulu Öndərin yaratdığı müasir Azərbaycan gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın gerçək mənada fəxrinə çevrilibdir. 
    Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara imza atmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır.
    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə  söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha ortaya qoydu. Bu tarixi hadisə sübut etdi ki, bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur. Bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli birliyimizin gücü Vətən müharibəsində tarixi Zəfərimizin qazanılmasında özünü  bir daha göstərdi.
    Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını itirməyib. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Lalə HƏSƏNLİ
Naxçıvan Dövlət Universitetinin
Təməl tibb fənləri kafedrasının müəllimi

Nəşr edilib : 24.05.2023 22:56