AZ EN RU

Ulu Novruz, qədəmlərin sayalı olsun

Qədəmləri ilə yurdumuza xoşbəxtlik, başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu gətirən, eyni zamanda sülhə və firəvan həyata, insanlara sevgi bəsləməyə səsləyən əvəzsiz bahar bayramıdır Novruz bayramı. Baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunan və qış fəslinin bitməsinə, yazın gəlişinə həsr olunan sevinc dolu bu bayram nəinki ölkəmizdə, həmçinin bir çox türk xalqları tərəfindən də təntənəli şəkildə keçirilir. Baharın müjdəçisi hesab olunan  əziz və qədim ümumxalq  bayramımız bu il də yurdumuzda böyük bir sevgi ilə qarşılanır. Bütün bölgələrimizdə olduğu kimi qədim Naxçıvan diyarımız da Novruza və onun bir-birindən maraqlı adət-ənənələrinə böyük bir həvəs ilə hazırlaşmışdır. Muxtar respublikamızın tarixi məkanlarından sayılan  “Əcəmi” seyrangahında keçirilən bayram tədbirinə qoşulmaq, iştirakçilarla daha yaxından tanış olmaq, düşüncələrini öyrənmək üçün bu məkana üz tuturam. 

Seyrəngaha daxil olan zaman böyük bayram ab-havası və gözəl bir mənzərə ilə qarşılaşaraq haradan başlayacağımı bilmədim. Burada uşaqdan-böyüyə hər kəsin marağına səbəb olacaq maraqlı və əyləncəli bayram coşqusu yaşanırdı. Rəngarəng konsert proqramı, folklor nümunələri, yallılarımız, milli və canli musiqilər, maraqlı oyunlar, dadı ilə hər kəsi heyran edən milli təamlarimiz hər bir şənlik iştirakçısını bayram ovqatına kökləyir, insanların simasında gülüş, Novruz sevinci kənardan hiss edilirdi.

İlk həmsöhbətim Bakı şəhər sakini İlyas Hüseynov oldu. O bayram münasibəti ilə yoldaşı Səadət Hüseynova ilə diyarımıza qonaq gəldiyini və buradakı bayram tədbirlərində yaxından iştirak edə bilmələrinə görə şad olduğunu bildirdi. Şəhərimizdəki tədbirin Bakıdakı tədbirlərdən geri qalmadığını və Novruzun bütün bölgələrimizdə eyni yüksək əhvalı-ruhiyyə ilə, qalibiyyət məğrurluğu ilə qeyd edilməsinə sevindiyini vurğuladı. Həmsöhbətim bu bayramın onların könül yaddaşına yazıldığını və unutmayacaqları xoş günlərdən olduğunu əlavə etdi. Səadət xanım milli paltar geyinən hər bir Azərbaycan xanımına bu libasın xüsusi yaraşmasından və xanımlarımızın, bəylərimizin milli geyimdə neçədə yaraşıqlı olmalarından bəhs etdi. 

Gənc qonaqlarımızdan biri olan Nigar Abdullayeva isə Naxçıvandakı tədbirlər haqqında valideynlərindən çox eşitdiyindən və bu il ilk dəfə Novruz sevincini şəhərimizdə keçirtmək üçün Bakıdan buraya üz tutduğundan bəhs etdi: - Tədbirdə yer alan atributlar, personajlar, dekorlar hər biri məni bu Novruz şənliyinə məftun etdi. Hər bir iştirakçısının “Əcəmi” seyrangahındakı bu bayram tədbiri üçün həssaslıqla hazırlaşıldığını, bu rəngarəng proqramın böyük bir əziyyətin bəhrəsi olduğunu indi bu mənzərədən gördüyünü dedi. O bunu da əlavə etdi ki, Novruz şənliyinin Möminə Xatın türbəsi kimi bir tarixi memarlıq-abidəsinin ətrafında keçirilməsi buraya ayrı bir gözəllik qatib. Nigar xanım fürsətdən istifadə edib burada əziyyəti olan hər kəsə dərin təşəkkürlərini bildirdi və Azərbaycan xalqını bu əziz bayram münasibəti ilə təbrik etdi.  

  Digər bir müsahibim isə Türkiyə vətəndaşı olan, əslən Azərbaycanlı xanım Sevinc Akın idi. Sevinc xanım 25 ildir ki Türkiyədə yaşadığını və bayram ərəfələrində ağlının, ürəyinin də bura üçün döyündüyünü dedi. İndi isə Naxçıvanda, böyüyüb boya-başa çatdığı yerdə olmanın sevincini yaşaydığını söylədi: - Aradan uzun illər keçsə də, adət-ənənələrimizin bu ulu diyarda olduğu kimi qorunub yaşadılması qürurvericidir. Tarix dəyişsə də uşaqlığımdakı eyni sevinc və həyəcanı yenidən yaşadım. Builki bayram mənim üçün unudulmaz və qürurvericidir. Tədbir zamanı Kosa və Keçəlin deyişmələri, Bahar qızın xoş avazı, şeir söyləyən balacalarımız Novruz şənliyini sevinc sədaları ilə daha da coşdururdu. 

Milli mətbəximizin xoş təamları isə hər bir turistin maraq dairəsində idi. Dadını unuda bilməyəcəyim şirniyyatlardan isə Mailə xanımın Bağırovanın satış stendində olan bir çox təamlar idi. Bir-birindən gözəl, dadl, həm də münasib qiymətə satılan şirniyyatlar turistləri buraya cəlb edirdi. Müsahibim Mailə xanımın dediklərindən: -- Kiçik ailə təsərrüfatımızın 15 çeşid məhsulunu satişa çıxarmışıq ki, bunlardan şəkərbura, qoğal, paxlava, badambura, tort və bir çox Novruz şirniyyatları sakinlər tərəfindən daha çox alınır. Mailə xanım ev üsulu hazırladığı dadlı naz-nemətlərin diyarımızda qonaq olan Çin, İran, Rusiya, Türkiyə və digər xarici ölkə vətəndaşlarının marağına səbəb olduğunu vurğuladı. Bu bayram coşqusundan xoş təəssüratlarala ayrılarkən bir daha düşündüm: -- Novruz xalqımızın milli varlığını özündə cəmləşdirən şən və sevimli bayramdır. “Şərq qapısı” qəzeti olaraq bu gün münasibəti ilə bütün dünya azərbaycanlılarının Novruz sevincinə qoşulmaq çox fərəhlidir. Bu bayram xalqımıza sevinc, əmin-amanlıq, firəvan həyat, süfrələmizə isə bol ruzi -bərəkət gətirsin. Bu gözəl günlərimiz əzəli və əbədi olsun. Əziz xalqım, bayramın  mübarək!

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 23.03.2023 20:50