AZ EN RU

Ukraynalı səfir Naxçıvanda səfərdədir - YENİLƏNİB

    Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində diplomat ilk olaraq Ümummilli Liderin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeydə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə tanış olan səfir muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb.  

    “Şərq qapısı” qəzetinə müsahibəsində Vladislav Kanevski deyib: – Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət yetirmiş qədim və gözəl Naxçıvanda olmaq mənim üçün böyük şərəfdir. Ukraynada hamı dahi Heydər Əliyevin xatirəsini əziz tutur və Azərbaycan-Ukrayna dostluğunun təməlinin yaradıcısı olduğunu bilirlər. Məhz bu dostluq sayəsində ölkələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Mən həmişə Heydər Əliyevin bu sözlərini xatırlayıram ki, müstəqilliyə gedən yol çox çətin və nahamar yoldur. Azərbaycan məhz bu yolu keçərək sonunda öz ərazilərini işğaldan azad etdi. Qeyd edim ki, bu mənim dörd ildən sonra Naxçıvana ikinci səfərimdir. Hazırda ölkələrimiz arasındakı əlaqələrin regional olaraq da inkişafına diqqət yetirməyə çalışırıq. Bununla bağlı artıq müxtəlif səviyyələrdə əlaqələr var. 2020-ci ildə Ukraynanın Lvov vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında dostluq haqqında əməkdaşlıq sazişi imzalanmışdır. Bu gün mən bu gözəl, qonaqpərvər diyarda regional əsaslı ikitərəfli layihələrlə bağlı müzakirələr aparacağam. İnanıram ki, dörd il bundan əvvəl dahi Heydər Əliyevin anadan olduğu gözəl Naxçıvanla bağlı yaddaşımda qalanlar bu səfərlə daha da zənginləşəcək. 
    Qeyd edək ki,  Naxçıvana ikigünlük səfərə gəlmiş səfir Vladislav Kanevski rəsmi şəxslərlə görüşlər keçirəcək, muxtar respublikanın səhiyyə, mədəniyyət, sənaye müəssisələri ilə də tanış olacaq.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 24.10.2023 18:55