AZ EN RU

Ukrayna Respublikasında yerləşən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko Naxçıvan Muxtar Respublikasında səfərdə olub

    İyunun 12-də akademik  Zərifə  xanım Əliyevanın anadan olmasının 100 illiyi  münasibətilə muxtar respublikaya səfər edən qonaq  əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ehtiramını bildirib. Heydər Əliyev Muzeyi ilə tanışlıqdan məmnunluq duyan qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə Ali Məclis sədrinin müavini Anar İbrahimov qonağı salamlayıb, Ukrayna-Azərbaycan dostluq münasibətlərindən bəhs edib. Bildirib ki, İrpendə fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyi ölkələrimiz və xalqlarımız arasındakı dostluğun bariz nümunəsidir. Qeyd edib ki, Zərifə xanım Əliyeva, onun atası, görkəmli alim, siyasi xadim Əziz Əliyev nəinki Azərbaycanda, hətta ondan kənarda da göstərdiyi fəaliyyətlərə görə tarixdə iz buraxıblar. Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanımın da xatirəsi bütün Azərbaycan xalqı, eləcə də naxçıvanlılar üçün əzizdir. Ona görə biz məmnunuq ki, hərbi əməliyyat zamanı zərərçəkmiş Zərifə xanım Əliyevanın adını daşıyan təhsil müəssisəsi ölkə Prezidentinin tapşırığı ilə SOCAR Enerjy Ukrain tərəfindən qısa zamanda bərpa olunub.    
    Təhsil naziri Rəhman Məmmədov Zərifə xanım Əliyevanın adını daşıyan İrpen Humanitar Xarici Dillər Liseyi ilə Şahtaxtı  kənd tam orta məktəbinin  əlaqələrindən danışıb, bu əlaqələrin  gələcəkdə də davam etdiriləcəyini bildirib. Valentina Antonenko Azərbaycanın Ukraynaya humanitar yardımlarını xatırladaraq buna görə Azərbaycan rəhbərliyinə, xalqına minnətdarlığını bildirib. O həm də Naxçıvanda olduğu zaman məktəb infrastrukturunun yüksək səviyyəliliyindən, buradakı şəraitdən təsirləndiyini qeyd edib, gələcəkdə də İrpenin Zərifə Əliyeva adına məktəbi ilə Naxçıvanın sıx əlaqələrini davam etdirəcəyinə ümidvar olduğunu deyib.
    Valentina Antonenko Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində də olub. Alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıqdan sonra məktəbin müəllim kollektivi ilə görüşüb. Görüş  zamanı Ukraynada ağır şəraitdə dərs keçdiklərini bildirən qonaq qeyd edib ki, 15 ildir, rəhbərlik etdiyi lisey akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də akademik Zərifə xanımın  adını daşıyır. Vurğulayıb ki, məktəbdə 2500 şagird təhsil alır. Hazırda onların yarısı onlayn dərs keçirlər. Ağır şəraitə baxmayaraq, bu məktəbə gəlməyi özünə borc bilib. Bildirib ki, Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyində yeni tədris ilindən Azərbaycan dilində də dərs keçiləcək.
    Sonra qonaq Heydər Əliyev adına tam orta məktəbdə olub. Məktəbdəki STEAM tədris mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, məktəbdə 1200-dən artıq şagird təhsil alır. Təhsil ocağı hər il ali məktəblərə qəbulda yüksək nəticələr göstərir. Vurğulanıb ki,  muxtar respublikadakı 212 məktəbin 156-da STEAM kabinələri qurulub. Qonaq laboratoriyalarda yaradılmış şəraitlə də yaxından maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 13.06.2023 17:01