AZ EN RU

Uğurun təməl prinsipi: dövlətin diqqəti və yaradılan şərait

  Bir məqsəd uğrunda mübarizə aparan məşqçilərimiz

 Bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi idmanın da inkişafına böyük diqqət və qayğı ilə yanaşılır. Bunun nəticəsidir ki, idmançılarımız müxtəlif ölkədaxili və beynəlxalq turnirlərdə, yarışlarda muxtar diyarımızın idman ənənələrini layiqincə təmsil edirlər. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı idmanın inkişafına bilavasitə təsir göstərib. İdmançılarımızla yanaşı, məşqçilərimizin də uğur qazanması, onların beynəlxalq seminar və treninqlərdə iştirakının təmin edilməsi gələcək nəslin sağlam və vətənpərvər ruhda tərbiyəsinin göstəricisidir. 5 mart – Bədən Tərbiyəsi və İdman Gününü qeyd etdiyimiz ərəfədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib. Bu ada layiq görülənlər içərisində Naxçıvanın tanınmış məşqçi-müəllimlərinin də olması muxtar respublikada idmanın inkişaf səviyyəsini göstərir. Biz də, öz növbəmizdə, fəxri adlara layiq görülən məşqçilərin fikirlərini öyrəndik.

  

 Yetirmələri dəfələrlə Azərbaycan, beynəlxalq səviyyəli yarışların qalibi və mükafatçısı, həmçinin dünya çempionatının mükafatçısı olan Nəriman Quliyev 30 ildən çoxdur, karate idman növü ilə məşğuldur. 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının baş məşqçisi olan 42 yaşlı mütəxəssis 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb: “Ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirib, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalıb. Bu gün bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılır, gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Hamıya məlumdur ki, idmanda böyük nəticələr güclü hazırlıq tələb edir və bu proses fasiləsiz olmalıdır. Ən əsası, yüksək hazırlıq keçmək üçün əlverişli, müasir tələblərə cavab verən infrastruktur yaradılmalıdır. Bu gün idmançılarımızın təlim-məşq toplanışları keçirmələri, eyni zamanda beynəlxalq yarışlarda iştirak etmələri, habelə idmanla məşğul olmaları üçün Naxçıvanda mükəmməl şərait yaradılıb. Biz də, öz növbəmizdə, yaradılan bu şəraitdən istifadə edib istedadlı idmançıları üzə çıxarmağa çalışırıq. Əməkdar məşqçi adına layiq görülməyim isə həm də böyük məsuliyyətdir. İndi daha əzmlə çalışıb bu etimadı doğrultmağa və Naxçıvan idmanı üçün istedadlı idmançıların yetişməsinə çalışacağam”.

    40 ildir, şahmatla məşğul olan Elmira Novruzova idmançı kimi muxtar respublikada keçirilən bir sıra yarışların, o cümlədən ölkə birinciliklərinin, beynəlxalq turnirlərin qalibi olub: “Zəka oyununa marağım uşaqlıqdan yaranıb. Uğurlu nəticələrdən sonra 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şahmat şöbəsini bitirdim və elə həmin ildən etibarən bu idman növü üzrə məşqçi-müəllim kimi çalışmağa başladım. 30 illik pedaqoji fəaliyyətimdə bir çox tələbəm ölkədaxili yarışların, turnirlərin mükafatçısı olub, Avropa birinciliyində mübarizə aparıblar. Hazırda Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində və 12 nömrəli tam orta məktəbdə bu idman növünü tədris edirəm. Bir çox istedadlı uşaqların olması bizi sevindirir, onlarla çalışmaq şahmata olan yanaşmamızda məsuliyyəti daha da artırır. Eyni zamanda bu gün muxtar respublikada şahmatın inkişafı üçün hər bir imkan yaradılıb, müasir infrastruktur qurulub. Bu da uşaqların şahmata marağına xeyli təsir göstərir. Naxçıvan Şahmat Federasiyası məşqçi-müəllimlərlə daim yaxından maraqlanır, bizimlə fikir mübadiləsi aparılır, təkliflərimiz dinlənilir. Təbii ki, bunlar olan halda istənilən idman növü inkişaf edəcəkdir. Biz də, öz növbəmizdə, çalışırıq ki, göstərilən diqqətin nəticəsi olaraq uğur qazanaq. Çox şadam ki, mənim əməyim belə yüksək qiymətləndirilib və “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülmüşəm. Bu, Naxçıvan şahmatına, federasiyamıza, şahmatçılara və məşqçilərə verilən dəyərin nəticəsidir. Göstərilən bu etimada görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.
 

   “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı ilə təltif olunan digər bir idmançımız Seymur Məmmədov 20 ilə yaxındır, məşqçi-müəllim kimi İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində çalışır. Tələbələri Azərbaycan və güləş üzrə uşaqların dünya çempionu adını qazanan məşqçinin böyük arzusu var: “Naxçıvanda istər məşqçilər, istərsə də idmançılar üçün hər bir şərait yaradılıb. Bundan bəhrələnmək, uğur qazanmaq isə bizim əsas vəzifə borcumuzdur. İdmana göstərilən diqqəti hər zaman hiss etmişik və bunun nəticəsi kimi yetirmələrimiz keçirilən beynəlxalq turnirlərdə ölkə bayrağını layiqincə dalğalandırıblar. Bu, biz məşqçilər üçün fəxrdir. Çünki hər bir məşqçinin ən böyük arzusu tələbəsini fəxri kürsüdə görməkdir. Ən böyük arzum məktəbimizin yetirməsinin muxtar respublikaya olimpiya qızılı ilə qayıtmasıdır. Qısa vaxt kəsiyində bunun reallaşacağına inanıram. Bu ada layiq görülməyim isə təkcə mənim yox, Güləş Federasiyasının uğurudur. Bir daha göstərilən diqqət və qayğıya görə bütün məşqçilər adından muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.
  

 “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı ilə mükafatlandırılan Nəriman Əliyevin yetirmələri dəfələrlə Azərbaycan birinciliklərinin mükafatçısı olublar. Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində çalışan məşqçinin fikrincə, Naxçıvan Muxtar Respublikasında idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində məşqçi olmaq şərəfli bir peşəyə çevrilib: “Məşqçisi olduğum boks bölmələrinə uşaq, yeniyetmə və gənclərin mütəmadi axını onu göstərir ki, onlar idmanla müntəzəm məşğul olmaq istəyirlər. Sağlam cəmiyyət hər bir ölkənin strateji məqsədidir. Əlbəttə ki, dövlət gənclərin idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada, hər bir azərbaycanlının idmana maraq göstərməsi və idmanla məşğul olması dövlətimizin diqqət mərkəzindədir və idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Bu nəsil isə Vətənimizin sağlam gələcəyi deməkdir. Ümummilli liderimiz Heydər Əliyev idmanın inkişafına çox böyük diqqət ayıraraq hər zaman bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlərin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı üçün hər bir şərait yaradılıb və bu inkişaf sistemli xarakter daşıyır. İdmançılarımız möhkəm iradəli olmaqla yanaşı, həm də vətənpərvərlik ruhunda böyüyür, beynəlxalq arenalarda Vətən sevgisi ilə mübarizə aparırlar. Uğurlarımız isə hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Məşqçilər adından bütün uğurlarımızı daim diqqətdə saxlayan muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.
    Göründüyü kimi, bu gün Naxçıvanda idman hərəkatının idarə olunması günün tələbləri səviyyəsindədir: müasirləşən və təkmilləşdirilən idman qurumlarının sayı artırılır, idmançı və məşqçi kontingenti çoxalır, müəyyən qurumların idmanla bağlı fəaliyyətləri gücləndirilir. Əlbəttə, bu prosesin daha da geniş vüsət alması üçün dövlət üzərinə düşən bütün öhdə­likləri yerinə yetirir. İndi əsas iş məşqçi-müəllimlərin üzərinə düşür – onlar isə idmanın kütləviləşməsi, istedadlı idmançıların üzə çıxarılması və bu sahənin təbliğinə öz töhfələrini vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.03.2022 20:15