AZ EN RU

Uğurun sirri: motivasiya, məqsəd və düzgün metodla çalışmaq

    Təhsilə göstərilən dövlət qayğısı hesabına muxtar respublikamızın ümumtəhsil məktəblərini bitirən məzunlar bu il də ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayıblar. Onlar içərisində Kəngərli rayonunun məzunları da vardır. Gəlin onları yaxından tanıyaq...

    Turac Mehdiyeva 2004-cü ildə anadan olub. Hazırda Kəngərli rayonunun Yurdçu kəndində yaşayır. O deyir: – Orta təhsilimi Yurdçu kənd tam orta məktəbində almışam. Məktəbdə oxuduğum müddətdə olimpiadalarda, bilik yarışlarında iştirak edib, finala qədər irəliləmişəm. 2021 və 2022-ci illərdə Kəngərli rayon komandasının tərkibində Naxçıvan üzrə “Xəmsə” milli intellektual oyununun qalibi olmuşam. IX sinfi fərqlənmə attestatı, XI sinfi “Qızıl” nişanla bitirmişəm. IV ixtisas qrupu üzrə qəbul imtahanında 674 bal toplamışam. Seçimim isə Naxçıvan Dövlət Universiteti oldu. Burada tibb sahəsi üzrə təhsil almağı hədəfləyirəm. Yüksək nəticəyə görə valideynlərimə və müəllimlərimə minnətdaram. Məncə, uğur qazanmağın sirri çox çalışmaqdadır, həmçinin yönəldiyin sahəyə marağın və həvəsin olmalıdır. Məqsədim yaxşı həkim olmaq, tibb elminin inkişafına töhfə vermək, ölkəmizi beynəlxalq səviyyədə təmsil etməkdir.

    Əli Qasımov 2005-ci il fevralın 2-də Çalxanqala kəndində anadan olub. Orta təhsilini Çalxanqala kənd tam orta məktəbində alıb. Əli deyir: – Məktəbdə bir çox uğurlar qazanmışam. Buraya rayon olimpiada birinciliyim və məktəb üzrə bir çox birinciliklərim aiddir. Bununla yanaşı, idman sahəsində məktəb üzrə uğurlarım var. Bu il II ixtisas qrupu üzrə qəbul imtahanında 634 bal toplamışam. Seçimimi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat ixtisası üzrə etmişəm. Məncə, hər bir gənc, ələlxüsus da ki, ali təhsil almağı qarşısına məqsəd qoymuş bir şagird həmişə xəyallarını, arzularını və əziyyətinin bəhrəsini alacağı günü düşünərək daha da həvəslənməli, qətiyyətlə və əzm göstərərək çox çalışmalıdır. Həmçinin idman, bədii əsərlər oxumaq kimi digər məşğuliyyətlərlə də özlərini daha da təkmilləşdirə bilər, çünki əziyyət çəkən hər kəs bəhrəsini görür.
    Məramım öncə Vətən üçün xeyirli bir şəxsiyyət olmaq, arzu və xəyallarımı həyata keçirməkdir.

    Məftun Niftəliyev 2004-cü il fevralın 13-də Qıvraq qəsəbəsində anadan olub. O deyir ki, riyaziyyat, coğrafiya, tarix və fizika fənlərinə böyük marağı olub. XI sinifdə oxuyarkən muxtar respublika fənn olimpiadasında fizika fənni üzrə I yeri tutub. I ixtisas qrupu üzrə imtahan verərək 617 bal toplayıb. Seçimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi ixtisası olub: – Seçim zamanı sadəcə olaraq öz maraqlarımı və universitetdəki təhsil sistemini nəzərə aldım. Məncə, yüksək bal toplamaq üçün çox oxumaq yox, düzgün oxumaq lazımdır, necə deyərlər keyfiyyətə daha çox diqqət yetirmək lazımdır. Gələcək hədəfim isə öz şəxsi işimi qurmaqdır.

    Məlahət Ələkbərli 2005-ci il iyulun 2-də Qıvraq qəsəbəsində anadan olub. Qıvraq qəsəbə tam orta məktəbini bitirib. Məlahət deyir: – Həmişə istəmişəm ki, çalışqan, intizamlı və nümunəvi şagird olum, yüksək nailiyyətlər əldə edim. Buna görə də çox çalışmışam və bunun nəticəsi olaraq VII sinifdə oxuyarkən keçirilən fənn olimpiadalarında ingilis dili fənnindən Kəngərli rayonu üzrə I, muxtar respublika üzrə isə II yerə layiq görülmüşəm. X sinifdə oxuyarkən isə keçirilən respublika fənn olimpiadasında fizika fənni üzrə respublika üzrə III yeri tutaraq bürünc medalla təltif olunmuşam. Bu uğurları qazanmağımda müəllim və valideynlərimin böyük rolu olub. Ali məktəbə qəbul üçün imtahanlarda IV ixtisas qrupu üzrə 616 bal toplamışam. İxtisas seçimimdə həkimlik arzumu həyata keçirmək üçün tibb sahəsinə üstünlük vermişəm. Fikrimcə, əsas olan sistemli çalışmaqdır. Bununla hər bir şagird məqsədinə nail ola bilər. 

    Rəvan Musayev 2004-cü il dekabrın 26-da Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Qıvraq qəsəbə tam orta məktəbini bitirib. Rəvan bildirir ki, məktəbdə fəal şagird olub, olimpiadalarda və intellektual yarışlarda, sınaq imtahanlarında uğur əldə edib. “Xəmsə” intellektual oyununda muxtar respublika üzrə I yeri, coğrafiyadan puzzle oyununda rayon üzrə I yeri tutub. Məktəbi fərqlənmə attestatı ilə bitirib, II ixtisas qrupu üzrə 609 bal toplayıb: – İstəyim ingilis dilində təhsil almaq olduğu üçün seçimimi Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə  ixtisası üzrə (tədrisi ingilis dilində) etmişəm. Yüksək bal toplamaq üçün bir şagirdə ən birinci, məsuliyyət lazımdır. Həvəsi itirməmək, ruhdan düşməmək, həmişə motivasiyalı olmaq, dərslərə ciddi önəm vermək vacibdir. Ən önəmlisi isə vaxtı düzgün bölməkdir. Vaxtında dərs oxuyub, kifayət qədər dincəlmək də əsasdır. Əsas məqsədim ixtisasımı yaxşı mənimsəyib, özümə yaxşı bir iş qurmaqdır.

    Emil Şəfizadə 2005-ci il sentyabrın1-də Qarabağlar kəndində anadan olub. Qarabağlar kənd tam orta məktəbini uğurla başa vurub. Emil deyir: – Məktəbdə oxuyarkən respublika, eləcə də muxtar respublika fənn olimpiadalarında və müxtəlif bilik yarışmalarında iştirak edib, uğurlar qazanmışam. IX sinifdə oxuyarkən muxtar respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə II yerə layiq görülmüşəm. Respublika fənn olimpiadasında isə final mərhələsinədək yüksəlmişəm. IX sinfi fərqlənmə attestatı ilə bitirmişəm. XI sinifdə oxuyarkən muxtar respublika fənn olimpiadalarında iştirak edib, riyaziyyat fənni üzrə qalib olmuşam. Məktəbi “Qızıl” nişanla başa vurmuşam. Qəbul imtahanında IV ixtisas qrupu üzrə 607 bal toplamışam. Azərbaycan Tibb Universitetini seçmişəm. Gələcəkdə hansı ixtisasa yiyələnəcəyimdən asılı olmayaraq, Vətənimə, xalqıma layiqli vətəndaş olmağa çalışacağam.
    Biz də tələbə adını qazanacaq gənclərimizə gələcək təhsil həyatlarında uğurlar arzulayırıq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 30.08.2022 17:42