AZ EN RU

Uğurun astanasında

    9 illik orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən iştirakçılar arasında Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Məhəmməd Məmmədli maksimal olan 300 balı toplamaqla ən yüksək nəticə göstərib.
    Haqqında söhbət açacağımız bu gənc istedad  2008-ci il may ayının 21-də Naxçıvan şəhərində doğulub. Uşaqlıqdan ən böyük arzusu futbolçu olmaq olan Məhəmməd hələ də sevimli idmanı ilə məşğuldur. Təhsildə uğur qazanan yeniyetməmiz həm də futbol sahəsində böyük nailiyyətlər əldə edib. “Futbol, adətən, ayaqla yox, başla oynanılar” deyimi, Məhəmməd üçün keçərlidir, desək, yəqin ki, yanılmarıq. Muxtar respublika daxilində keçirilən birinciliklərdə uğur qazanan 15 yaşlı yeniyetməmiz, həmçinin Bakı şəhərində təşkil olunan futbol birinciliklərində də muxtar respublikanı təmsil edib. Təhsil sahəsində isə bir çox birinciliklərdə iştirak edən Məhəmməd aşağı siniflər üzrə fənn olimpiadasında (riyaziyyat üzrə) ölkə birinciliyinin qalibi olub, muxtar respublikada təşkil olunan riyaziyyat olimpiadasında mükafatçılar sırasına düşüb.
    Məhəmmədin buraxılış imtahanında bu nəticəni göstərəcəyinə ən çox inanan isə müəllimləri olub. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Heydərova: “Məktəbimiz fənn müsabiqələrində, beynəlxalq müsabiqələrdə yüksək nailiyyətlər əldə edir. Şagirdlərimiz buraxılış və qəbul imtahanlarında yüksək nəticələr qazanırlar. Ötən il qəbul imtahanında məktəbimiz 100 faiz nəticə göstərmişdi. Məhəmməd maksimal uğuru, yüksək savadı, intellekti, dərslərə davamiyyəti və məsuliyyəti ilə seçilən bir şagirdlərimizdəndir. Onu da deyim ki, məktəbimizdə bütün şagirdlərə eyni münasibət göstərilir. Bu da ali təhsil ocaqlarına keçirilən qəbulun nəticələrində özünü büruzə verir. Tədris ili başlayan gündən 9-cu siniflər üçün ayda 3 dəfə sınaq imtahanları təşkil edirik. Bu sınaq imtahanları uşaqların uğur qazanmasında böyük rol oynayır”.
     Məhəmməd digər fənlər kimi, ingilis dilini də mükəmməl səviyyədə öyrənir. Onun qısa vaxt kəsiyində bu dilə yiyələnməsi, mənimsəməsi müəllimi Nazilə Sadıqovanı da sevindirir. Nazilə müəllimin fikrincə, şagirdinin uğur qazanması onun məsuliyyəti ilə əlaqədardır: “O, həmişə dərslərində yüksək nəticələr əldə edib. İstər məktəbdə keçirilən sınaq imtahanlarında, istərsə də muxtar respublikada təşkil olunan digər kursların imtahanlarında Məhəmməd öz bacarığı ilə seçilib və uğur qazanıb. Onun ingilis dilinə marağı uşaqlıqdandır. Mən onlara 6-cı sinifdən dərs deyirəm və bu dərsdə, dərsdənkənar məşğələlərdə Məhəmməd  öz danışıq bacarığı, qrammatik biliyi ilə seçilib”.
    Məhəmməd Məmmədli ilk olaraq onu təbrik edən hər kəsə minnətdarlıq edərək vurğuladı ki, qəlbində böyük sevinc və qürur var. Səbəbi isə təhsil aldığı məktəbin adını zirvələrə yüksəldə bilməsidir: “Təhsilim üçün əlindən gələn hər şeyi edən valideynlərim və müəllimlərimin mənə olan inamını doğrultduğum üçün qürur duyuram. Maksimal nəticə əldə etməyim təsadüfi deyil. Təhsil aldığım Naxçıvan Qarnizonu tam orta məktəbində tədris və nizam-intizam yüksək səviyyədədir. Buna görə məktəbimizin şagirdləri həm respublika, həm də beynəlxalq səviyyədə keçirilən fənn müsabiqələri və olimpiadalarında yüksək nəticələr əldə edirlər”.
    Məhəmməd qarşısına bir məqsəd qoyub – yüksək nəticə əldə etmək: “Qarşıma konkret hədəf qoymuşdum. Fənn müəllimlərimiz bizi daim yüksək nəticəyə həvəsləndirirdi. Məktəbdə hər ay ən az 3 dəfə buraxılış formatında sınaq imtahanları təşkil olunur. Bəli, maksimal nəticə yığmağımda bu sınaqların çox böyük əhəmiyyəti oldu. İmtahanlarda davamlı iştirak etdikcə həm imtahan həyəcanım yox olur, həm də vaxt bölgüsünü düzgün qura bilirdim. Buna görə də maksimum nəticəni qazandım”.
    Onun uğur qazanmasına ən çox sevinən isə anası Nuranə Əliyevadır: “Hər bir valideynin ən böyük arzusu övladının yüksək nailiyyətlər əldə etməsi və dövlətinə layiqli vətəndaş olmasıdır. Məhəmmədin uğur qazanmasında ən böyük rolu isə məktəbi və müəllimləri oynayıb. Onlara  valideyn kimi minnətdarlığımı bildirirəm”. 
    Məhəmmədin dediklərindən: “Yüksək nəticə üçün gecə-gündüz ancaq oxumaq lazım deyil, əksinə, normal həyat rutini ilə də bu mümkündür. Mən həm idmanla məşğul olurdum, həm də lazım olanda istirahət və əyləncəyə də vaxt ayırırdım. Naxçıvan Qarnizonu tam orta məktəbinin müəllimlərinə sonsuz minnətdarlığımı bildirir və söz verirəm ki, təhsilimə bundan sonra da eyni ciddiyyətlə yanaşıb daha böyük uğurlarla hamını sevindirəcəyəm”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.05.2023 15:13