AZ EN RU

Uğurlu yol, Sabrina!

    Sabrina Gültəkin 9-cu sinfi bu tədris ilində müvəffəqiyyətlə bitirmişdir. Ancaq İlahi ona dərs oxumaqdan başqa, bir də bədii istedad vermişdir. Bu vaxta qədər, Sabrina artıq bir neçə kitab müəllifi olmuşdur. “Mənim anam bir mələkdir”, “Mahnın da, adın da dastana döndü”, “Şəhid Vüsalın dastanı”, “Mənim doğma Naxçıvanım” kitabları son iki ildə çap edilib. Yaxın zamanlarda o, “Qurtuluş” adlı kitabı ilə oxucularının görüşünə gəlib. Bu poemada Sabrina respublikamızda gedən sürətli quruculuq, ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin ucalığı və nəhayət, İkinci Qarabağ savaşındakı uğurumuz barədə bədii sözün gücü ilə oxucularla “söhbətləşir”. Şuşanı ziyarət edərək bu poemanı Şuşada söyləmək onun ən böyük arzusudur.
    Sabrinanın əvvəlki şeirləri kimi, “Qurtuluş” poeması da qələbəmizə, haqq işimizə inamla süslənmişdir və asan oxunur. Onun poetik dili aydın və yüyürəkdir.
    Sabrina bədii söz məkanında yenidir, gəncdir. Ona nə arzu edərdim? Sabrina orta məktəbi qurtarmalı və ali məktəbdə təhsilini davam etdirməli, Vətənimiz, xalqımız üçün layiqli bir vətəndaş olmalıdır. Və özünütəhsilin bir yolu da mütaliədən keçir. Sabrina klassik ədəbiyyatı, söz korifeylərini, ustad sənətkarları mütaliə etməklə poeziya yollarında püxtələşəcək. 
    “Şərur ədəbi birliyi”ndə onu görəndə, çoxillik müəllimlik təcrübəmlə müəyyən etdim ki, Sabrina təmkinli və duyumlu olduğu qədər də daxilən zəngin bir yeniyetmədir. Belə gənc­lərə qayğı göstərməli, ona poeziyanın qayda-qanunlarını mənimsəməkdə həyan durmalıyıq. Onun artıq belə bir qayğı ilə yüksək səviyyədə əhatə olunması diyarımızda istedadlı gənclərə verilən yüksək dəyərin təzahürüdür. 
    İnanıram ki, bu istedadlı qız gələcəkdə də poetik nümunələri ilə bizi sevindirəcəkdir.
    Uğurlu yol, Sabrina!

 Seyfəddin EYVAZOV
“Şərur ədəbi birliyi”nin rəhbəri, 
filologiya üzrə fəlsəfə doktoru

Nəşr edilib : 25.08.2022 19:08