AZ EN RU

Uğurlu və davamlı yüksəliş

    Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə illərdir ki, Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Ulu öndərin yoluna sədaqətin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası da kompleks inkişaf mərhələsinə qədəm qoyub. Sevinclə qeyd etmək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk günlərindən blokada şəraitində yaşayan Naxçıvan ağır günlərini  çoxdan arxada qoyub. İndi Naxçıvanda yeni bir mənzərə açılır, həyata keçirilən uğurlu siyasət hesabına Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvanın  hər keçən gün daha böyük zirvələrə addımladığını görürük. 

    Azərbaycan dövlətinin memarı, milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti, Onun Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında qədim Azərbaycan torpağı Naxçıvana bağlılığı, tükənməz məhəbbəti və ardıcıl qayğısı bu gün də, gələcək nəsillər üçün də örnəkdir. 1990-1993-cü illərdə Naxçıvanda yaşayan, Ali Məclisin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət bu diyarı təkcə təhlükələrdən xilas etmədi, həm də siyasi məktəbinin layiqli məzunlarını yetişdirdi, onlara böyük əhəmiyyətə malik, gələcəyə hesablanmış strateji inkişaf konsepsiyasını ərməğan etdi. Naxçıvan Muxtar Respublikasının bu gün tərəqqi və inkişaf dövrünü yaşaması da məhz bu amillərlə bağlıdır. 
    Ümummilli liderin Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı qərarlar qəbul edildi, Naxçıvan təhlükə və bəlalardan xilas olundu. Heydər Əliyev müdrikliyi, xalqa inamı, Heydər Əliyev-el birliyi Naxçıvanı xilas etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə, ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
    Müstəqillik illəri sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm mərhələ təşkil edir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunur, həyata keçirilən sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirilir, iqtisadiyyatda müsbət meyillər daha da möhkəmləndirilir. Ümummilli lider tərəfindən əsası qoyulan bu işlərin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan diyarını yeni inkişaf mərhələsinə çıxarıb. İndi Naxçıvan milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır. Yaşayış məntəqələri müasirləşir, əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Naxçıvan şəhəri zirvə görüşlərinə, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Bu gün muxtar respublika sakinlərini ərzaq çatışmazlığı, enerji qıtlığı düşündürməməsi çəkilən böyük zəhmətin bəhrəsidir. Naxçıvanda görülən işlər ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirilir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
    Siyasi fəaliyyətdə uğur qazanmaq üçün ictimai inamın və etibarın başlıca şərti olmasını tarix dəfələrlə sübut edib. Yalnız öz fəaliyyətini xalqa layiqli xidmət üzərində quran və bunu əməli işi ilə sübuta yetirən şəxslər yüksək etimada layiq olur və hələ sağlığında ikən qəlblərdə yaşamaq hüququ qazanırlar. Elə bu səbəbdən də ictimai rəyə əsaslanan, insanların maraq və mənafeyinə xidmət edən siyasi fəaliyyət hər zaman dəstəklənir, təqdir olunur. Böyük fransız maarifçisi Volter vaxtilə yazırdı: “İş ideya üçün yaranmır – ideya iş üçün yaranır”.  Bu artıq aksiomdur və sübuta ehtiyacı olmadığını son illərdə muxtar respublikanın timsalında da görmək olar. Bəhs olunan dövrdə Naxçıvanın keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilməsidir. Bu gün Naxçıvanda hansı sahəyə baxsan, orada kompleks islahatların aparıldığının şahidi olarsan. Sosial-iqtisadi inkişaf sahəsində əldə edilən nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi kimi, həm də rəhbər amilinin real siyasi mühitdə təsdiqidir. Ötən dövr ərzində elə böyük nailiyyətlər qazanılıb ki, bunun blokada şəraitində əldə olunması inanılmaz gerçəklikdir. Naxçıvanın kompleks inkişafa qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurda sahibliyin ən yüksək nümunəsidir.
    İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biri elm və təhsildir. Müasir dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasında, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasında bu, vacib məsələdir. Bu baxımdan muxtar respublikadakı elm və təhsil quruculuğu yeniləşmənin əsas hərəkətverici qüvvəsi rolunu oynayır. Təhsil infrastrukturunun möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi dünya təhsil sisteminə inteqrasiya istiqamətində atılan mühüm addımlardır. Muxtar respublikada müasir informasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları istifadəyə verilmiş, orta ixtisas və ali təhsil məktəbləri üçün tədris korpusları tikilmişdir. Sərhəd və ucqar dağ kəndlərinin məktəblərində şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə etməsini təkcə təhsilin inkişafı sahəsində görülən cari işlər kimi səciyyələndirmək düz olmaz. Belə ki, bu gün muxtar respublikada rayonların tarazlı inkişafı təmin edilmiş, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Şəhər və rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri, açılan iş yerləri, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə və nəticə etibarilə, insanların məskunlaşmasına, bölgələrin inkişafına səbəb olmuşdur. Zəngin tarixi və mədəniyyəti, gözəl təbiəti ilə seçilən qədim Naxçıvan artıq yüksək yaşayış səviyyəsi, abad yaşayış məntəqələri ilə müasir məkana çevrilmişdir. Bu gün Naxçıvan tarixi öyrənilir, tədqiq olunur, yaşadılır. Naxçıvanın qədimliyinin, əzəmətinin daş nümunəsi olan, son illərdə bərpa edilərək ikinci həyat verilən tarixi abidələr muxtar respublikanın simvoluna, bəzəyinə, sakinlərin isə qürur mənbəyinə çevrilib. Bu qədim Azərbaycan diyarında mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən qayğı muxtar respublika rəhbərinin bu sahələrə böyük önəminin ifadəsidir. Bu günə qədər muxtar respublikada yüzlərlə abidənin qeydə alınaraq tədqiq edilməsi, həmin tarixi yadigarların çoxunun bərpa edilməklə xalqımızın qədim irsi kimi ona yenidən qaytarılması da bunun ifadəsidir. 
    Günbəgün inkişaf edən, müasirləşən, abadlaşan Naxçıvan bu gün mənfur düşmən üçün gözdağıdır. Ona görə ki, qədim diyarda əsası ümummilli lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır”, – deyən ölkə başçısının həyata keçirdiyi islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir. Ali Baş Komandan, Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikadakı ordu, birləşmə və hissələr böyük təşkilatlanma və inkişaf yolu keçib. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan ölkə Prezidentinin dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər... Naxçıvan Ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji əhəmiyyətə malik bir yerdə yerləşir”. Görkəmli dövlət xadimi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Sirr deyil ki, müdrik insan, dahi rəhbər siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi qayğı və diqqət göstərib. Bu amil də torpaqlarımıza zaman-zaman göz dikən bədxah və işğalçı erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmalarında önəmli rol oynayıb. Vətən müharibəsində Naxçıvandakı ordu birləşməsinin qəhrəmanlığı bir daha təsdiq etdi ki, qədim diyarda yaradılan hərbi lisey, müntəzəm keçirilən hərbi döyüş təlimləri, alınan ən müasir silah və texnikalar yalnız bir hədəfə hesablanıb: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, Naxçıvanın möhkəm müdafiəsinə.
    Bu gün hər bir naxçıvanlının qəti fikri belədir: Biz Vətən sevgisi üzərində ucaldılan, arzuların çin olduğu, inkişaf və tərəqqinin davamlı xarakter aldığı, təhlükəsizliyin tam təmin edildiyi, ləyaqətli, vətənpərvər gəncliyin yetişdirildiyi, iradənin bütün çətinliklərə qalib gəldiyi bir diyarda – dahi lider Heydər Əliyevin doğulduğu torpaqda  yaşayırıq. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.
    Bu gün dahi şəxsiyyətin yolu böyük sədaqət və ehtiramla davam etdirilir. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bütün Dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini təmin edib. Ulu öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”  fikirləri reallığa çevrilib.

    Deyirlər, insanların ömrü həm də yaxşı əməlləri, gördüyü böyük işlərlə ölçülür. Bu mənada, nə qədər ki ulu öndər Heydər Əliyevin qoruyub yüksəltdiyi qədim Naxçıvan, qüdrətli Azərbaycan var, dahi şəxsiyyət də yaşayacaqdır. Bu gün muxtar respublikamızın gündəlik həyatında, görülən genişmiqyaslı işlərdə ulu öndərin dəstxətini gördükcə, insanların gələcəyə inamları daha da artır. Qədim yurdda davamlı xarakter alan bu proseslər isə müstəqil Azərbaycan dövlətinin milli maraqlarının ən yüksək səviyyədə təmin olunması deməkdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış sosial-iqtisadi inkişaf strategiyasının müasir mərhələdə müvəffəqiyyətlə icra olunması isə muxtar respublikamızın yeni-yeni uğurlara imza atması ilə nəticələnməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Heç şübhəsiz ki, bu uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı, eləcə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında davam və inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və çəkilən zəhmət sayəsində nail olunmuşdur”.

Turan MƏMMƏDLİ
Babək rayon Payız kənd tam orta məktəbinin direktoru,
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 21.09.2022 19:33