AZ EN RU

Uğurlu qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub

Mayın 11-də “Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda keçirilən konfransın iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibə verib.

Dilarə Əfrasiyabova – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri: Ümummilli Lider Heydər Əliyevin  doğulub boya-başa çatdığı Naxçıvanda olmaqdan, bu konfransda iştirakdan qürur hissi keçirirəm. Konfrans yüksək səviyyədə təşkil edilmişdi. Ulu Öndər bütün fəaliyyəti boyu qadınların cəmiyyətdə iştirakı, hüquq və azadlıqlarının təmini sahəsində Azərbaycan qadının bütün sahələrdə uğurla təmsil olunmaları üçün mühüm addımlar atıb. Bu gün Azərbaycan qadının əldə etdiyi böyük uğurların təməlində məhz görkəmli dövlət xadiminin həyata keçirdiyi qadın siyasəti dayanır. Bu siyasət ölkəmizdə, eləcə də muxtar respublikada layiqincə davam etdirilir. Müstəqil dövlətimizin inkişafında qadınlar mühüm rol oynayırlar. Biz Vəkillər Kollegiyasının üzvləri olaraq ölkə başçısının müvafiq Sərəncamına əsasən Bakı şəhərində, regionlarda və müxtəlif sosial ünvanlarda  aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım həyata keçirilməsində iştirak edirik. Məhz may ayının 10-da bu yardımın keçirilməsi üçün Naxçıvan şəhərinin seçilməsi təsadüfü deyildi. Ulu Öndərin 100 illik yubileyi ölkə səviyyəsində, eləcə də onun Vətəni Naxçıvanda geniş şəkildə qeyd olundu. Bu bir neçə gün ərzində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının köməkliyi ilə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərildi. Bu yardımın keçirilməsi davamlıdır və bu məqsədlə əlimizdən gələn köməkliyi göstərəcəyik. Ötən il yaradılan Qadın Vəkil Alyansı bölgələrdə maarifləndirmə işlərinin aparılmaında, ödənişsiz hüquqi  yardımlar göstərilməsində mühüm rol oynayır.

Kollegiyanın, eləcə də Alyansın üzvləri olaraq konfransda iştirakdan böyük məmnunluq duyduq. Konfransda gender məsələləri ilə bağlı bir çox məsələlərə aydınlıq gətirildi, davamlı olmağını arzu edirəm.

Lalə Nağıyeva Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü: “Heydər Əliyev ili” çərçivəsində keçirilən konfransın mövzusu çox aktual idi. Gender bərabərliyi siyasətinin  təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu sahədə normativ hüquqi baza yaradılıb. Bu siyasətin davam və inkişaf etdirilməsinin nəticəsidir ki, Azərbaycan qadınları milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərir, ictimai-siyasi proseslərin fəal iştirakçıları kimi dövlətimizin, xalqımızın adını dünyada ucaldırlar. Vətənini və millətini sevən, ədalətli, məsuliyyətli saflığı və sədaqəti ilə seçilən  Azərbaycan qadını cəmiyyətimizin, hamımızın qürurudur.

Gülşən Salmanova Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Mərkəz Vəkil bürosunun müdiri: Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər keçirilib. May ayının 10-da Naxçıvanda 30 nəfərə ödənişsiz hüquqi yardım göstərdik. Bu gün belə bir konfransda iştirakımız xüsusilə əlamətdardır. Dünya yaranandan bu günə qədər cəmiyyətin inkişafında qadınların rolu əvəzedilməzdir. Nəzərə alsaq ki, qadın ilk növbədə anadır, valideyndir, ailədə uşağın tərbiyəsi ilə bilavasitə məşğul olur, o zaman qadının  cəmiyyətin inkişafındakı rolu bütün  zamanlar üçün aktualdır, vacibdir. Konfrans təşkilatçılarına burada iştirakımıza şərait yaradıldığı üçün minnətdarlığımızı bildiririk. Bundan sonra da Naxçıvanda gender məsələləri ilə bağlı görülən işlərə biz də öz töhfəmizi verməyə çalışacağıq.

Qeyd edim ki, Naxçıvanda olduğumuz müddətdə bir çox tarixi yerləri gəzdik. Batabat, Əshabi-Kəhf, Duzdağda olduq.  Naxçıvan təsəvvür etdiyimdən daha gözəldir şəhərdir. Bu gün Naxçıvan inkişaf edir, bu sevindirici haldır.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.05.2023 17:17