AZ EN RU

Uğur qazanan idmançılarla görüş keçirilib

    Göygöl rayonunda yüngül atletikanın kross qaçış növü üzrə ölkə yaz çempionatı keçirilib. Azərbaycanın 24 bölgəsinin 250-dən çox idmançısının iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 4 idmançısı da mübarizə aparıb. İdmançılarımız ölkə birinciliyində uğurlu nəticə əldə edərək muxtar respublikaya 3 medalla qayıdıblar. Belə ki, 2000 metr məsafədə Aysu Abbasova bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına layiq görülüb. Digər qız idmançımız Zeynəb Babayeva isə 1000 metr məsafədə finiş xəttini üçüncü yerdə tamamlayıb. 6 kilometr məsafədə Miryusif Seyidov da bürünc medal qazanıb. Əmrah Nağıyev isə 10 kilometr məsafəni 4-cü yerdə başa vurub. 

    Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Qazandıqları uğura görə idmançıları təbrik edən təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, 2019-cu ildən etibarən yüngül atletika, ağır atletika və bədii gimnastika bölmələri birləşərək Atletika Federasiyası yenidən formalaşmağa başlayıb. Geridə qoyduğumuz iki il ərzində məlum pandemiya səbəbindən muxtar respublika, eyni zamanda ölkədaxili yarışlar, turnirlər təxirə salınmışdır. Lakin 2022-ci ildən etibarən idmançılarımız çıxış etdikləri yarışlarda uğurlu nəticələr əldə ediblər. Təbii ki, bunun səbəbi federasiya məşqçilərinin daim idmançılarla işləməsi, onlara nəzarət etməsidir. İlk olaraq cari ilin mart ayında ağır atletika üzrə keçirilən ölkə çempionatında 3 idmançımız böyük nailiyyət əldə edib. Ardınca bu uğuru kross qaçışı üzrə Azərbaycan çempionatında yüngül atletlərimiz təkrarladılar. Azərbaycanın müxtəlif bölgələrinin 250-dən çox idmançısının mübarizə apardığı ölkə çempionatında idmançılarımızın medallar qazanması sevindirici haldır.
    Qazanılan uğura görə məşqçi və idmançılara təşəkkürünü bildirən Rəhman Məmmədov yaradılan şəraitə görə federasiya adından muxtar respublika rəhbərinə minnətdar­lıq edib.
    Sonda federasiya sədri tərəfindən uğur qazanan idmançılara və məşqçilərə diplom, medal və Atletika Federasiyasının təşəkkürnamələri təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 20.04.2022 18:35