AZ EN RU

Üçrəngli bayrağımız tarixi qələbəmizin, dövlətçilik ənənələrinə sadiqliyimizin rəmzi kimi əzəmətlə dalğalanır

    Müstəqil Azərbaycanımızın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağım dövlətimizin suverenliyinin rəmzidir. Hər bir vətəndaşımıza yüksək vətənpərvərlik duyğuları aşılayan bayrağımız Vətənə sevgi və məhəbbətimizin göstəricisidir, milli qürur və  varlığımızın təcəssümüdür. Millətimin imzasını, onun kimliyini təsdiq edən üçrəngli bayrağımız milli birlik və həmrəyliyimizin təcəssümü, torpaqlarımızın müdafiəsində, işğaldan azad olunmasında qəhrəmanlıqla mübarizə aparmış şəhidlərimizin ruhlarının daşıyıcısıdır. 
    Xalqımız yetmiş il üçrəngli bayrağından məhrum olunsa da, ona olan dərin sevgi və sədaqət hisslərini ürəyində yaşatdı və bir gün yenidən doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı günü səbirsizliklə gözlədi. Uzun illər sonra taleyin xalqımıza yetirdiyi dahi şəxsiyyət, siyasi uzaqgörənliyə malik ümummilli liderimiz Heydər Əliyev dövlətçilik tariximizin mühüm və nadir tarixi hadisələrindən birinə imza atdı, dövlət bayrağımız haqqında qərar qəbul etdi. Bütün həyatını Azərbaycanın və xalqımızın taleyi ilə bağlayan görkəmli dövlət xadiminin 1990-cı ilin iyul ayında Moskvadan Bakıya, sonra Naxçıvana qayıdışı ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi mərhələ başladı. Həmin il iyulun 22-də Naxçıvana gələn dahi şəxsiyyətin qədim diyarımızda milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Xalqımız üçün ən ağır dövrdə Naxçıvana rəhbərlik edən dahi lider daim arzusunda olduğu Azərbaycanın müstəqilliyi naminə qətiyyət, cəsarət, böyük siyasi iradə göstərərək milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm tarixi qərarlarla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyənləşdirdi. Həmin dövr xalqda milli özünüdərki gücləndirdi və dövlət müstəqilliyi uğrunda mübarizənin inkişaf mərhələsini təşkil etdi. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. 
    Bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin  illər əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı  ulu öndər Heydər Əliyevin əzmi və iradəsi sayəsində Naxçıvanda əbədi yüksəkliyə qaldırıldı. Hələ Sovet imperiyasının dağılmadığı bir vaxtda dahi liderin bu qətiyyətli addımı müstəqil dövlətçiliyimizə aparan yolda  tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. Prezident cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda ovaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin... Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali            Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında Qərar qəbul etdi. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edildi. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət bayrağımız haqqında müddəalar öz əksini tapdı. Dövlət bayrağımızın üzərindəki mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.
    Ulu öndərimizin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən dövlət başçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin nəticəsidir ki, bu gün hər bir azərbaycanlı bayrağımızı özünün qürur mənbəyi hesab edir.  Həmçinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması bu yüksək ehtiramın ifadəsidir. Dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir. Fərəhli haldır ki, bu gün dünyanın ən uca bayrağı Bakıda, Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Həmçinin bölgələrimizdə üçrəngli bayrağımızın şərəfinə bayraq meydanlarının yaradılması ölkə başçısının dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Belə bayraq meydanları dövlət atributlarımıza  hörmət və ehtiramın nümunəsi kimi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının paytaxtını və rayon mərkəzlərini bəzəyir. 
    Bu gün muxtar respublikamızda da dövlət rəmzlərinin qorunması, yaşadılması və təbliğinə böyük diqqət və qayğı göstərilir, dövlət rəmz­lərimiz və atributlarımız daim uca tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu Sərəncama əsasən 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisi kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”. Bəli, bu gün Bayraq Meydanı, eləcə də orada yaradılan unikal quruluşa malik Bayraq Muzeyi muxtar respublika gənc­lərinin, eyni zamanda əcnəbilərin ən çox ziyarət etdiyi yerlər sırasında dayanır. Onlar muzeydə nümayiş olunan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul edilən “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları ilə tanış olur, dövlətçilik tariximizi, Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənirlər.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı ilə muxtar respublikamızın digər bölgələrində də Bayraq meydanları tikilib istifadəyə verilir. Üçrəngli bayrağımız bu bölgələrin səmalarında milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyimizin ifadəsi kimi əzəmətlə dalğalanır.
    Bu yerdə şair-publisist Rövşən Hüseynovun Azərbaycan bayrağına olan məhəbbətinin, Zəfərdən doğan qürur hisslərinin aydın şəkildə öz əksini tapdığı “Üçrəngli bayrağım” şeirindən bir parçanı bölüşmək istərdim:

        Göylərdən almısan mavi rəngini,
        Təbiət bəxş edib öz çələngini.
        Döyüşdə çalmısan zəfər cəngini
        Qalxıb ucalmısan Vətənlə qoşa,
        Üçrəngli bayrağım, yaşa, min yaşa!

    Qürurvericidir ki, dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız bu gün bu bayraq altında tərbiyə edilən qeyrətli, vətənpərvər Vətən oğullarının sayəsində Zəfərimizin, milli birliyimizin və həmrəyliyimizin rəmzi kimi işğaldan azad edilən torpaqlarımızda əbədi olaraq qaldırılıb. 

Müdriklərin belə bir deyimi var: “Bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu qədər də onlara borcludur”. Bu gün xalqımız onu nicat yoluna çıxaran, dövlətçiliyimiz, müstəqilliyimiz yolunda mütərəqqi addımlar atan dahi siyasətçi, görkəmli dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan başladığı tarixi xilaskarlıq missiyasını daim hörmət və ehtiramla xatırlayır. Gənc nəslin Vətənə, xalqa, dövlətə olan məhəbbəti, bayrağımıza olan sevgisi, ehtiramı dövlətimizi daim yaşadacaq, müstəqilliyimizi əbədi edəcək. Qalibiyyət nişanəsi üçrəngli bayrağımız, min yaşa, həmişə yüksəklərdə, zirvələrdə dalğalan! 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.11.2022 21:26