AZ EN RU

Ucqar bölgəmiz Şahbuzda seçkilər yüksək səviyyədə keçirilib

    Növbədənkənar prezident seçkiləri muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz mütəşəkkilliyi, yüksək səviyyədə təşkili ilə yadda qaldı. Həmin gün 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə 65 seçki məntəqəsindən 29-u bu rayonun ərazisində fəaliyyət göstərirdi.
    Məlumat üçün bildirək ki, Şahbuz rayonunda yaradılmış 29 seçki məntəqəsində, ümumilikdə, 16 min 572 seçici qeydə alınmışdı ki, həmin seçicilərin 861-i ilk dəfə prezident seçkilərində iştirak edirdi. Seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılmış, 3-37 və 3-40 saylı seçki məntəqələrində isə veb-kamera quraşdırılmışdı. 
    Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə yerləşən və 1393 seçicinin qeydə alındığı 40 saylı seçki məntəqəsinə sakinlər böyük ruh yüksəkliyi ilə axın edirdilər. Məntəqədə, ilk növbədə, yerli müşahidəçilərin iştirakı ilə seçki qutuları möhürlənir, qanunvericiliyə uyğun digər təşkilati işlər həyata keçirilirdi. Saat 800-da artıq səsverməyə start verildi. Şəhər sakini Röya Əliyarlı ilk dəfə prezident seçkilərində iştirak edirdi. O bildirdi ki, bu seçki onun üçün iki mühüm amillə əlamətdardır. Həm birinci dəfədir, öz layiqli namizədinə səs verir, həm də bu hüquqdan suverenliyi, ərazi bütövlüyü təmin olunmuş qalib ölkənin gənci kimi istifadə edir. Gənclərə göstərilən diqqət və qayğı, onların yüksək təhsil qazanmaları üçün yaradılan şərait, dövlət idarəetməsində önə çəkilmələri barədə danışan, ümumilikdə, dövlət gənclər siyasətinin məqsədyönlü şəkildə həyata keçirildiyini vurğulayan Röya bu siyasəti davam etdirəcək namizədə səs verdiyini deyir. 
    Növbəti üz tutduğumuz ucqar dağ kəndi olan Biçənəkdə yerləşən 3-51 saylı seçki məntəqəsində seçki prosesi üçün yaradılan ideal şəraitlə qarşılaşırıq. Məntəqə sədri Həsənxan Quliyev bildirdi ki, burada 883 seçici qeydə alınıb, 70 nəfər ilk dəfə səs verəcək, səsvermə seçicilərin yüksək fəallığı şəraitində keçirilir. Kənd ziyalısı Bəbir Məmmədov bizimlə söhbətində vurğuladı ki, bütöv, qalib Azərbaycanın hər bir vətəndaşı istəyir ki, sülh, əmin-amanlıq şəraitində yaşasın, ölkəsi inkişaf etsin. Mən də bu inkişafın davamlılığı naminə öz səsimi layiqli namizədə verdim. İnanıram ki, qüdrətli ölkəmiz bundan sonra daha böyük uğurlara imza atmaqda davam edəcək. 
    Rayonun digər ucqar yaşayış məntəqəsi sayılan Kolanıya yollanırıq, bu kənddə yaradılan, 1189 seçicinin qeydiyyata alındığı 3-48 saylı seçki məntəqəsində də seçicilərin fəallığını müşahidə etdik. Məntəqəyə üz tutan seçicilərin seçki prosesi ilə bağlı fikirlərini öyrəndik. Aydın İsmayılov kəndin ən yaşlı sakini kimi bu ümumxalq tədbirdə iştirak edir. Bildirir ki, yaşının 90-ı ötməsinə baxmayaraq, daşınan qutudan istifadə üçün müraciət ünvanlamayıb, məntəqəyə gələrək Zəfər seçkisində iştirakı mənəvi borcu hesab edib: “Ölkəmiz müstəqillik qazandıqdan indiyədək bütün seçkilərdə iştirak etmişəm. Düşünürəm ki, bu prosesdə gələcəyini fikirləşən hər bir vətəndaşın iştirakı vacibdir. Proses tam şəffaf, demokratik şəraitdə keçirilir. Bizim gələcəyimiz gənclərdir, nəvələrimiz, nəticələrimizdir. Ona görə mən də öz nəvələrimin timsalında böyüməkdə olan nəslin etibarlı sabahları naminə səs verdim. İnanıram ki, bu günümüz dünəndən daha yaxşı olduğu kimi, sabahımız da bu gündən aydın, işıqlı olacaq”.
    Ümumi fikir kimi onu deyə bilərik ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə bağlı Şahbuz rayonu üzrə müşahidələr apardığımız məntəqələrdə tam şəffaflığın, demokratikliyin, azad seçki mühitinin formalaşdığını gördük. Ümumxalq işində hər bir vətəndaşın, xüsusilə də gənclərin fəallığı isə gələcəyimizə böyük ümidlər yaratmaqla Zəfər seçkisinin yeni zəfərlərə vəsilə olacağını göstərir.

Nail ƏSGƏROV

Nəşr edilib : 07.02.2024 23:38