AZ EN RU

Üç qat dünya və Avropa çempionu güləşçilərimiz üçün seminar keçib

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarlar davam etdirilir.
    İyunun 30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə 3 qat dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının 2 qat mükafatçısı, Naxçıvan güləş məktəbinin yetirməsi Hacı Əliyevin iştirakı ilə növbəti seminar təşkil olunub.
    Seminardan öncə çıxış edən Gənc­lər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov qonaqları salamlayaraq, keçirilən seminarın zəruriliyini vurğulayıblar. Eyni zamanda nazirlik və federasiyanın gələcək planları haqqında danışılıb, güləşin muxtar respublikada kütləviliyi üçün görülən işlərdən bəhs edilib. 
    Təşkil olunan seminarda 80-dən artıq güləşçi iştirak edib. 
    Çıxışların ardınca seminara start verilib. Hacı Əliyev xalça üzərində simulyasiya xarakterli güləş görüşləri vasitəsilə bəzi çətin və çıxılmaz vəziyyətlər zamanı icra oluna biləcək ən uyğun fəndləri iştirakçılara nümayiş etdirib, idmançının yarışa hazırlığı və yarış zamanı diqqət göstərməli olduğu məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. O, eyni zamanda məşqçi və idmançıları maraqlandıran sualları da cavablandırıb.
    Seminardan sonra Hacı Əliyevin fikirlərini öyrəndik: “İlk olaraq bu seminarın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Yenidən gənc güləşçilərimizlə bir arada olduğum üçün xoşbəxtəm və sevindirici haldır ki, Naxçıvanımızda belə güləşçilərimiz var. Keçirilən seminarın məqsədi gənc güləşçilərlə görüşüb onlara bildiklərimizi öyrətmək və gələcəkdə çempion olmaları üçün onları ruhlandırmaq, özünəinam hissi formalaşdırmaqdır. Bu gün Naxçıvanda güləşin inkişafı üçün hər bir imkan yaradılıb və gənclər də bundan istifadə emtəlidir. Qısa vaxt kəsiyində onlara yeni fəndlər praktik olaraq göstərildi. Ancaq əsas məqsəd gənc güləşçiləri seminar zamanı gələcək yarışlarda qələbə üçün ruhlandırmaq, onları çempion olmalarına inandırmaqdır. Naxçıvana hər gəldiyimdə bu diqqət və qayğını hiss etmişəm. Çalışacağam ki, bu görüşlər daha tez-tez keçirilsin. Bir naxçıvanlı kimi Vətənimdə olan idmançılarla görüşmək, onlara bildiklərimi öyrətmək qürurvericidir. Arzum odur ki, Naxçıvanda daha böyük idmançılar yetişsin və onlar ölkəmizi layiqincə təmsil etsinlər. Azərbaycanda idmanın inkişafı ölkə rəhbəri cənab İlham Əliyevin daim diqqətindədir. Qazanılan hər bir uğur asanlıqla başa gəlməyib və mənə elə gəlir ki, güləşçilərimiz bu qələbələri görüb bu növə daha çox maraq göstərirlər. Ölkə başçısı ilə son görüşümüzdə də onun mənimlə və hər bir idmançı ilə ayrı-ayrılıqda maraqlanması, bir daha göstərdi ki, cənab Prezidentimiz idmanın inkişafına xüsusi qayğı ilə yanaşır. Bir naxçıvanlı olaraq ölkə rəhbəri tərəfindən xoş sözlər eşitmək, layiq görülmək qürurvericidir”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 30.06.2022 22:01