AZ EN RU

Tütünçülük Naxçıvanın ənənəvi təsərrüfat sahələrindəndir

Bu il muxtar respublikada 51 hektar sahədə tütün əkini planlaşdırılıb

    Keçmiş SSRİ dövründə respublikamızın kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş aqrar sahələrdən biri tütünçülük idi. O dövrlər Azərbaycan tütün istehsalına görə Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülük çox sürətlə inkişaf etdirilmiş, bu sahənin böyük sənaye potensialı yaradılmışdır. 

    1986-cı ildə respublikamızda 16,7 min hektar sahədən rekord miqdarda – 65 min ton tütün istehsal olunmuşdur. Həmin dövrdə Azərbaycanın 21 rayonunda tütünçülük inkişaf etdirilirdi. Lakin ötən əsrin sonlarında kənd təsərrüfatının müxtəlif sahələri kimi tütünçülük də tənəzzül dövrünü yaşamış, nəticədə, tütün istehsalı xeyli aşağı düşmüş, idxalın payı artmışdır. 
    2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən respublika müşavirəsində dövlət başçısı ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, strateji əhəmiyyətli, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan tütünçülüyün dirçəldilməsini bir daha prioritet vəzifələrdən biri kimi vurğulamış, bu sahənin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar vermişdir. Xüsusilə ölkə başçısının 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş və icrası artıq uğurla başa çatmış “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” ötən dövrdə bu sahənin inkişaf etdirilməsinə hərtərəfli şərait yaratmışdır. 
    Naxçıvan Muxtar Respublikası da sovetlər birliyi dövründə tütünçülüyün inkişaf etdirildiyi ənənəvi regionlardan olub. Mütəxəssislərə görə, muxtar respublika ölkəmizdə keyfiyyətli tütün istehsalına malik bölgələrdən biri kimi qiymətləndirilir. Ölkə başçısının tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar ötən dövrdə Naxçıvanda da bu sahənin inkişaf etdirilməsinə imkan verib. Bu məqsədlə 2017-ci ildə “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində tütün əkini aparılıb, əsasən, “Virciniya” və “Oriental” tütün sortlarından istifadə olunub. Məhz həmin il ərazidə yeni Tütün Yetişdirmə Təsərrüfatı qurularaq burada istixanalar, yeraltı su anbarı, tütün qurutma yeri və anbarlar yaradılıb. Qısa müddətdə təcrübə məqsədilə əkilmiş tütün sortlarından növbəti illərdə muxtar respublikanın digər bölgələrində istifadə olunub. 
     Tütün Yetişdirmə Təsərrüfatının nümayəndəsi Nurəddin Qəhrəmanov bizimlə söhbətində bildirdi ki, artıq bir neçə ildir, buradakı istixanada yetişdirilən tütün şitillərinin Kəngərli, Şərur, Babək rayonlarında əkini həyata keçirilir. Təsərrüfatın fəaliyyəti əhalinin məşğulluğuna da öz təsirini göstərir. Belə ki, hər il buradakı mövsümi işlərə Təzəkənd və Xıncab kəndlərindən 30-40 sakin cəlb olunur. Eyni zamanda adıçəkilən rayonlarda tütün əkini ilə məşğul olan torpaq mülkiyyətçiləri da bu işlə gəlirlərini təmin edirlər. 
    Öyrəndik ki, bu il Şərurda 10, Babəkdə 6, Naxçıvan şəhərində 4, Kəngərli rayonunda isə 31 hektar olmaqla, ümumilikdə, 51 hektar sahədə tütün əkini nəzərdə tutulub. 
    Bəli, tütüncülüyün inkişafı son illərdə diqqət mərkəzində saxlanılan sahələrdəndir. Çünki bu ənənəvi sahənin inkişaf etdirilməsi daxili bazarın idxaldan asılılığını qurtarmaq, xaricə axan valyutanın qarşısını almaq, eyni zamanda ölkəmizə valyuta qazandırmaq baxımından böyük əhəmiyyət daşıyır. Şübhə etmirik ki, tezliklə muxtar respublika iqtisadiyyatında tütün sektorunun çəkisi ciddi ölçüdə artacaq, bu sahənin inkişafı yeni iş yerlərinin yaranması ilə yanaşı, ixraca da öz töhfəsini verəcəkdir. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 06.05.2023 00:35