AZ EN RU

Türkün haqq bağıran səsi, istiqlal təşnəsi

         Soranlara mən bu yurdun,
        Anlatayım nəsiyəm:
        Mən çeynənən bir ölkənin
        Haqq bağıran səsiyəm.

    “Mən kiməm” adlı şeirindəki bu misralarla özünü xarakterizə edən istiqlal şairimiz Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində anadan olmuşdur. Altı yaşında atasını itirən Əhməd Cavad Vətənini atası hesab edib, torpağından daha da möhkəm yapışdı. Onun üçün Vətən anlayışı təkcə Azərbaycan deyil, türklərin yaşadığı bütün yerlər idi. Əhməd Cavad o qədər lütfkar bir insan idi ki, heç vaxt əməlinin qarşılığını gözləmirdi. O heç vaxt kimlərəsə söykənməmiş, yaşadığı müddətdə hər zaman millətinin dilinə çevrilmişdi. Girdiyi bu yolun sonunda ölüm olduğunu bilsə də, heç vaxt geriyə addım atmağı düşünmədi. 
    Türk xalqının dərdinə kədərlənib, sevincinə sevinən Əhməd Cavad 20 yaşında Osmanlı imperatorluğunun Balkanlardakı varlıq mübarizəsinin bir parçası olmaq qərarına gəlir. Beləcə, dostları ilə birlikdə qurduğu “Qafqaz könüllü dəstəsi” ilə könüllü əsgər kimi Balkan müharibələrində Osmanlı əsgəri ilə birlikdə vuruşmağa getdi. O, 1914-cü ildə qələmə aldığı və bu gün bütün türk dövlətlərinin sevərək dinlədiyi “Çırpınırdı Qara dəniz” mahnısının sözlərini Osmanlı ordusunun igidliyinə həsr etmişdi. 1918-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələmiş, lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu mahnının səsləndirilməsi qadağan olunmuşdu. Ondan sonrakı dövrdə uzun illər dəniz ayparasını, aypara da dənizi sevdi. Təbii ki, 70 il uzaqdan. 
    Həmin dövrlərdə ədəbiyyat sahəsində rus hökmranlığının çəkisi hər cəhətdən aydın görünürdü. Yazılan bir çox şeirlərdən, məqalələrdən, pyeslərdən, bir sözlə, hər şeydən sosializm qoxusu gəlirdi. Xüsusilə milli-mənəvi hissləri ifadə etmək qeyri-mümkün idi. Əsərlərində bu məsələlərə toxunan ziyalılara anti-xalq, millətçi, pantürkist, panislamizm damğası vuraraq onları güllələyirdilər. Bütün bu təzyiqlərə baxmayaraq, Əhməd Cavad milli ruhu və milli düşüncəni başqa simvollarla ifadə edərək az qala ölümə meydan oxuyurdu. 1920-ci illərdə ədəbiyyatın diktaturanın təsiri altında olmasına baxmayaraq, Əhməd Cavad öz amalından əsla dönmədi. Çünki o, millətçi və vətənpərvər idi. O ancaq vicdanının, millətinin səsinə qulaq asır, şeirlərində də, ancaq bu mövzulara toxunurdu. Ədəbiyyata, poeziyaya yeni səs, yeni nəfəs gətirən Əhməd Cavad belə bir zamanda susa bilməzdi. O özünü unudan, milli-mənəvi hisslərdən uzaqlaşan xalqı bu dərin qəflət yuxusundan oyatmağı, dostun-düşmənin kim olduğunu, Vətən və millətlə bağlı hansı oyunların planlaşdırıldığını söyləməyi özünə borc bilirdi. Sağa-sola baxmadan, kim var, kim yox demədən bu yola çıxmaq lazım idi. Beləcə, istiqlal aşiqi Əhməd Cavad 1925-ci ildə ölməz əsəri olan “Göy göl” şeirini qələmə aldı. İllərdir, onu nədəsə ittiham etməyə çalışanlara bu əsərin nəşri ilə qapı açılmışdı. Artıq istiqlal düşmənləri fürsətdən istifadə edərək onu günahlandırmağa səbəb tapmışdılar. Çünki bu şeirdə türkçülüyün rəmzi olan ay-ulduzdan bəhs edilirdi. 
    Əhməd Cavadın Gəncə mədrəsəsinə daxil olduğu gün həyatının dönüş tarixi kimi qələmə verildiyi üçün ilk dəfə bu şeirdə ulduz və ayın yer alması da onun adının ilk vurulacaqlar siyahısına yazılmasına səbəb oldu.

        Sənin gözəlliyin gəlməz ki, saya, 
        Qoynunda yer vardır ulduza, aya.

    Əslində, bu şeiri yox olmaq üzrə olan Azərbaycan üçün mərsiyə idi. Dost bivəfa, düşmən güclü olanda başqa heç nə etmək mümkün deyildi. Şairin ən böyük silahı qələmi olduğu üçün qəlbində duyduğu əzab qığılcımlarını mürəkkəb əvəzinə qanla kağıza yazdı. Ürəyindən çıxan bir şeir üçün sonsuz işgəncələrə məruz qalacağını bilsə də, Əhməd Cavad yenə də onu qələmə aldı. “Göy göl” şeiri onun həyatında iztirabların başlanğıcı oldu. Şeirində millətçilik ruhu olduğu üçün şairə ikinci dəfə həbsxanaya yol açıldı. Güllələnən günə qədər bu dəhlizdən çıxa bilmədi. Əslində, bu dəhlizin sonu yeni həyatın başlanğıcı idi. Çünki dəhlizin sonu onu doğulduğu zaman adı verilən babası Cavad xanın yoluna çıxardı. 
    Belə bir fırtınalı və ağrılı həyatın son bəhrəsi olan və 1937-ci ildə öldürülməzdən əvvəl yazdığı çox güclü bir azadlıq şeiri olan “Susmaram” Əhməd Cavadın yaxın dostunun həbsxanaya onun ziyarətinə gəldiyi zaman əzbərlətdiyi şeirdir. Çünki bu şeirin yazılı mətn şəklində saxlanılması və ələ keçirilməsi ağır cinayət sayılaraq ölümlə nəticələnərdi. Əhməd Cavad dostunun bu cəzaya məhkum edilməsini istəmədiyi üçün ona deyir: “Mən ağaclara baxıb deyirəm sən qulaq as və əzbərlə, azadlıq günləri gələndə yaz, oğluma göndər çap edib millətimə hədiyyə etsin”. 
    Bütün həyatını Adriatikdən Çin səddinə qədər uzanan türk xalqlarının istiqlalına həsr edən Əhməd Cavadın şeirləri uğrunda mücadilə etdiyi istiqlalın bayraqdarı kimi azadlıq eşqimizin önündə addımlayır:

       Türküstan yelləri öpüb alnını
       Söyləyir dərdini sana, bayrağım!
       Üçrəngin əksini Quzğun dənizdən
       Ərməğan yollasın yara, bayrağım!

       Gedərkən Turana çıxdın qarşıma,
       Kölgən dövlət quşu, qondu başıma!
       İzn ver gözümdə coşan yaşıma –
       Dinlətsin dərdini aha, bayrağım!

    1991-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra Əhməd Cavadın 1905-ci ildə yazdığı “Milli marş” yenidən dövlətimizin himni kimin qəbul edildi. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə apardığı üçün “xalq düşməni” damğası ilə Stalinin güllələtdiyi Əhməd Cavad bu gün yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının qəhrəmanı kimi tarixin səhnəsində layiq olduğu zirvəni tutub. Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı isə istiqlal şairimizin xatirəsinə böyük ehtiram, onun bütün mənəvi iztirab və məşəqqətlərinə əbədiyaşarlıq məlhəmi olaraq bu imzanın poeziyamızda istiqlal məşəli kimi həmişəlik alovlanmasına rəvac verir.

 İlahə ALLAHVERDİYEVA
 Naxçıvan Dövlət Universitetinin 
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi 

Nəşr edilib : 01.12.2022 19:57