AZ EN RU

Türkiyənin vitse-prezidenti: Hökumətin iqtisadi siyasəti öz bəhrəsini verir

Türkiyə hökumətinin iqtisadi siyasəti öz bəhrəsini verir, işsizlik səviyyəsi azalır.

 "Şərq qapısı" "Azərtac"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bazar ertəsi, iyunun 10-da sosial şəbəkələrdə ölkədə məşğulluq səviyyəsi ilə bağlı son statistik məlumatları şərh edərkən yazıb.

“Aprelin sonunda Türkiyədə işsizlik 8,5 faizə düşüb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə bir yarım faiz bəndi aşağıdır. İl ərzində məşğul əhalinin sayı 983 min nəfər artaraq 32,6 milyon nəfərə çatıb”, -deyə vitse-prezident qeyd edib.

Cevdet Yılmaz qeyd edib ki, Türkiyə hökuməti müxtəlif yaş kateqoriyalarından olan qadınlarla yanaşı, gənclərin də məşğulluğuna xüsusi önəm verir.

“Bu ilin aprel ayında Türkiyədə qadınlar arasında işsizlik səviyyəsi 11,1 faiz təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,9 faiz azdır. Bütün bunlar Türkiyə iqtisadiyyatının potensialının artmasına ümidlə baxmağa imkan verir”, - deyə siyasətçi vurğulayıb.

Vitse-prezident əmin edib ki, Türkiyə hökumətinin siyasəti uzunmüddətli perspektivdə əhalinin rifahının yaxşılaşdırılmasına yönəlib ki, bu da yalnız yeni iş yerlərinin yaradılması və ixtisaslı mütəxəssislərin sayının artırılması ilə mümkündür.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Nəşr edilib : 10.06.2024 15:29