AZ EN RU

Türkiyənin səkkiz telekanalı ortaq yayımda: “Türkiyə tək ürək” yardım kampaniyası

Fevralın 15-də Türkiyənin səkkiz televiziya kanalı Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.

 Anadolu agentliyinə istinadla xəbər verir ki, “Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunacaq.

Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası səkkiz telekanalda eyni vaxtda canlı yayımlanacaq. Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olacaq.

Həmin telekanalların serial və proqramlarının sevilən aktyorlarının, aparıcılarının iştirak edəcəyi yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq və yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl aypara” cəmiyyətinin hesabına köçürüləcək.

Nəşr edilib : 14.02.2023 15:44