AZ EN RU

Türkiyənin Qars şəhərində ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Türkiyənin Qars şəhərində də mərasim təşkil edilib.

Tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulluğunun kollektivi, eləcə də yerli hakimiyyət orqanlarının rəhbərləri və təmsilçiləri, Qars ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Qarsdakı Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, Ulu Öndərimizin burada ucalan heykəli önünə tər çiçəklər düzüblər.

Sonra Qars Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan geniş mərasim keçirilib.

Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Qars vilayəti üzrə təşkilatının sədri Adem Çalkın çıxış ediblər.

Ulu öndər Heydər Əliyevin tarix qarşısında mühüm xidmətlərindən danışan çıxışçılar əminliklə bildiriblər ki, Azərbaycanın xilaskarı, xalqımızın birliyinin pənahı, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına böyük töhfələr verən Ümummilli Liderimizin işıqlı xatirəsi hər zaman insanların qəlbində yaşayacaq, şəxsiyyəti uca tutulacaqdır.

Ulu öndər Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Nəşr edilib : 10.05.2022 16:23