AZ EN RU

Türkiyənin Naxçıvandakı baş konsulu “Naxçıvan” Universitetində olub

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya “Naxçıvan” Universitetində olub.

Baş konsul ilk öncə universitetlə və onun maddi texniki bazası ilə tanış olub. Tanışlıq zamanı bildirilib ki, böyük bir ərazini əhatə edən universitet korpusu-rektorluqdan, fakültələrdən, Elmi kitabxanadan, yataqxanadan, idman və konfrans zalından,sosial mərkəzdən ibarətdir. Korpuslarda ən müasir tədris bazası yaradılıb. Potensial baza imkan verir ki peşəkar mütəxəssislər hazırlansın. Asip Kaya ilə STEAM komandasının, eyni zamanda “Naxçıvan” Universitetində təhsil alan türkiyəli tələbələrin görüşü də baş tutub. Konsul universitetin konfrans zalında tələbələr tərəfindən hazırlanan şeir və musiqi nömrələrini izləyib, tələbələrin sual və təkliflərini dinləyib.

Universitetlə tanışlıqdan sonra rəhbərliklə görüşüb. Görüşdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb.

“Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov əvvəlcə rəsmi qonağı salamlayaraq, yeni təyinatı münasibətilə Asip Kayanı təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan A.Kazımov bildirib ki, bu iki dövlət dünyada qardaş ölkələr kimi tanınırlar. Bir-birlərinə sözdə yox, əməldə sadiqlik nümayiş etdirirlər. Təbii ki, bu qardaşlığımızın, dostluğumuzun, birliyimizin tarixi kökləri vardır. Biz buna həm 44 günlük Vətən müharibəsində, həm də Türkiyədə baş verən “Əsrin fəlakəti” adlanan zəlzələ zamanı şahid olduq. Rektor, həmçinin qardaş ölkədə baş verən zəlzələ nəticəsində həlak olanlara başsağlığı verib, yaralılara şəfa diləyib.

Ali təhsil ocağının mövcud ixtisasları, kadr potensialı haqda məlumat verilib. Qeyd edilib ki, universitetdə 4 fakültə, 9 kafedra fəaliyyət göstərir. Universitetdə bakalavr təhsil pilləsində 25, magistratura mərhələsində 9, doktorantura və dissertantura pilləsində isə 8 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı həyata keçirilir. A. Kazımov universitetin professor-müəllim heyətinin mövcud elmi potensialı haqqında məlumat verərək qeyd edib ki,  yaxın gələcəkdə professor-müəllim heyətinin beynəlxalq indeksli elmi bazalara çıxışlarının artırılması istiqamətində işlər aparılır. Rektor qeyd edib ki, “Naxçıvan” Universitetinin beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi yeri və rolu vardır. Belə ki, ali təhsil ocağı beynəlxalq əlaqələr sahəsində qardaş ölkənin 20-dən çox universiteti ilə sıx əməkdaşlığa malikdir. Hazırda isə “Naxçıvan” Universiteti Türkiyənin bəzi universitetləri ilə əməkdaşlıqların genişləndirilməsi, diplomların qarşılıqlı tanınması layihələri üzərində çalışır. Diqqətə çatdırılıb ki, “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini türkiyəli tələbələr təşkil edir.  

Baş konsul Asip Kaya çıxış edərək diplomatik fəaliyyəti barədə məlumat verib. Muxtar respublikaya təyinatından məmnunluq duyduğunu bildirən qonaq humanitar, iqtisadi və elm sahəsində mümkün əməkdaşlıqlardan söz açıb. İki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğuna diqqət çəkən Asip Kaya “Şuşa Bəyannaməsi” ilə rəsmiləşdirilən Türkiyə - Azərbaycan müttəfiqliyini, ən çətin zamanlarda bir-birinə göstərdikləri mənəvi dəstəyi bu qardaşlığın dünyaya bəyanı kimi səciyyələndirib. Qonaq söyləyib ki, Naxçıvanın mühüm geosiyasi mövqeyi, yaxın zamanda Zəngəzur dəhlizinin açılması ilə bölgənin daşıyacağı strateji önəm mədəni fikir mübadiləsinin vacibliyini şərtləndirən amil olmaqla bərabər, hər iki ölkə arasında ortaqlığın elm sahəsində də davamını labüd edir.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Nəşr edilib : 07.04.2023 19:40