AZ EN RU

Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüş

   Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev Türkiyənin muxtar respublikadakı Baş Konsulluğu ilə universitet arasındakı səmərəli əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, iki qardaş ölkənin timsalında, regionda inkişaf etmiş iki güc dövlətinin birliyinin bu ölkələrin müxtəlif sahələrinə, o cümlədən təhsil sahəsində informasiya və təcrübə mübadiləsinə təsiri nəzərəçarpacaq dərəcədədir. Antalya Bilim və Antalya Akdəniz universitetləri ilə qarşılıqlı əlaqələrin yaradılacağından bəhs edən rektor qardaş ölkənin ali təhsil ocaqları ilə əlaqələrin bundan sonra daha da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə edib, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
    Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin elm və təhsil sahəsində də böyük nailiyyətlər qazandığını vurğulayıb. İki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin davam etdiyini diqqətə çatdıran Baş konsul bu faktı milli kimliyə bağlılıq, ortaq dəyərlərə hörmətin təcəssümü kimi dəyərləndirib. Baş konsul çıxışının sonunda Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, xidməti müddətində əməkdaşlığın inkişafına göstərilən diqqətə və yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.
    Tədbirin sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. 

 Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 28.11.2022 20:44