AZ EN RU

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvan Dövlət Universitetində olub

Universitetin rektoru Elbrus İsayev rəsmi qonağı salamlayaraq, Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Rektor qardaş ölkədə baş verən zəlzələ nəticəsində həlak olanlara başsağlığı verib, yaralılara şəfa diləyib. Ali təhsil ocağının mövcud ixtisasları, kadr potensialı haqda məlumat verilib. Qeyd edilib ki, universitetdə 11 fakültə, 43 kafedra, magistratura və doktorantura mərkəzi, 2-si elmi-tədqiqat laboratoriyası olmaqla 36 laboratoriya fəaliyyət göstərir. Ali təhsil ocağında bakalavr təhsil pilləsində 60, magistratura mərhələsində 42, doktorantura pilləsində 10, rezidenturada 15, dissertantura üzrə isə 32 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Rektor universitetin professor-müəllim heyətinin mövcud elmi potensialı haqda məlumat verərək qeyd edib ki, alimlərimiz beynəlxalq indeksli elmi bazalara çıxışları ilə də fərqlənirlər. Məhz bunların nəticəsidir ki, ali təhsil ocağı 2021-ci ildə dünyada 2000 ən yaxşı, 2022-ci ildə isə seçilən 1000 universitet sırasına düşməyi bacarıb. Elbrus İsayev diqqətə çatdırıb ki, ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi yeri və rolu vardır. Belə ki, ali təhsil ocağı beynəlxalq əlaqələr sahəsində qardaş ölkənin 80 universiteti ilə sıx əməkdaşlığa malikdir. Hazırda Naxçıvan Dövlət Universiteti Türkiyənin bəzi universitetləri ilə əməkdaşlıqlarını genişləndirib, diplomların qarşılıqlı tanınması layihələri barədə razılaşmalar əldə olunub. Vurğulanıb ki, əcnəbi tələbələrin sayına görə ölkə universitetləri arasında seçilən Naxçıvan Dövlət Universitetində sayca üstünlüyü türkiyəli tələbələr təşkil edir. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya  bildirib ki, ölkəsində baş verən güclü zəlzələ bir daha onu göstərdi ki, “biz bütün çətin zamanlarda birləşən və həqiqətən bir olan xalqıq”. Baş konsul Asip Kaya  universitetdən göstərilən dəstəyə görə rektora xüsusi minnətdarlıq edib. Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ali təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib. Tərəflər bundan sonra da təhsil sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparıblar.

Səadət ƏLİYEVA

 Naxçıvan Dövlət Universitetinin

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri

Nəşr edilib : 02.03.2023 15:58