AZ EN RU

Türkiyənin istiqlal şairi Məhmət Akif Ərsoyun 150 illik yubileyi qeyd edilir

Şeirlərində milli-mənəvi dəyərləri hər şeydən üstün tutan, aktual problemlərə həssaslıqla yanaşan Məhmət Akif Ərsoy yaxın tariximizin ən böyük ziyalılarından biri kimi yaddaşlara həkk olunub.

Türkiyədə ölkənin Dövlət Himni - İstiqlal Marşının sözlərinin müəllifi Məhmət Akif Ərsoyun 150 illik yubileyi qeyd edilir. Türkiyə xalqının istiqlal mübarizəsinin alovlandırdığı bir vaxtda yazdığı “İstiqlal marşı” şeiri ilə şair milli mübarizə ruhunu ən gözəl şəkildə əks etdirib. Bundan tam 102 il əvvəl, 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündən oxunan bu şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində nəşr edilib.

İstiqlal Marşının yazılması üçün Məhmət Akifə verilən 500 lirə mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanıb. Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnib.

Xatırladaq ki, 150 illik yubileyi münasibətilə şairin əsərləri Azərbaycan dilinə uyğunlaşdırılaraq “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabı şəklində çap olunub.

Nəşr edilib : 20.12.2023 15:27