AZ EN RU

Türkiyənin iş adamları ilə görüş keçirilib

    “Naxçıvan Saray”da Türkiyə Respublikasının iş adamlarının Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri çərçivəsində muxtar respublikanın iqtisadiyyat, kənd təsərrüfatı, turizm sahələri ilə tanışlıq, eyni zamanda türk sahibkarlarla əlaqələrin gücləndirilməsi məqsədilə görüş keçirilib. 
    Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev qonaqları salamlayaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olub. Bu əlamətdar ildə keçirilən silsilə tədbirlər sırasında Türkiyədən olan iş adamları ilə görüşün təşkili Naxçıvan üçün olduqca əhəmiyyətlidir. Tarixi ənənələrə sadiq qalan Azərbaycan və Türkiyə arasında bu gün həyatın bütün sahələrində o cümlədən, iqtisadiyyat, turizm, aqrar istiqamətlərdə mehriban dostluq, qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr inkişaf edir. Naxçıvan Muxtar Respublikası da ticarətdə, məhsul idxal-ixracında mərkəz rolunu oynamaqla bu əlaqələrin güclənməsinə töhfələr verir. Ölkə başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” da məhz bu baxımdan geniş imkanlar açır. Proqramın əsas qayəsi sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirməkdir. Türkiyəli iş adamlarının Naxçıvana 3 günlük səfər çərçivəsində muxtar respublikanın bütün potensialı ilə yaxından tanış olmaları, sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq.
    Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova çıxışında muxtar respublikada kənd təsərrüfatı sahəsində qarşıya qoyulan hədəflərdən, reallaşdırılacaq layihələrdən, qazanılan uğurlardan söhbət açıb. Qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə illər öncə neft sektoru ilə paralel, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, iqtisadiyyat, turizm sahələri də inkişaf etdirildi. Məhz dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsinin nəticəsində bu gün əkinçiliyin ənənəvi formasında mütərəqqi texnologiyalar üsuluna keçid, dünya bazarına inteqrasiya yüksək səviyyədə təmin olunub. Ölkə başçısının siyasi iradəsi ilə Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu sahədə potensialı artacaq, türkiyəli iş adamları ilə əlaqələr daha da güclənəcək. Nazir müavini vurğulayıb ki, bu gün muxtar respublikada 64 min hektar torpaq suvarılır ki, həyətyanı sahələri nəzərə almasaq, onun 24 min hektarı əkin ərazisidir. Həmin ərazinin 21 min hektarında yazlıq və payızlıq taxıl əkilir, qalanı isə digər əkinlərin payına düşür. Bundan başqa, 953 hektar meyvə bağları vardır ki, onun 250 hektarı mütərəqqi metodlarla salınıb. Qarşıda duran əsas məqsəd suya qənaət etməklə mütərəqqi metodlarla əkinlərdə, intensiv üsullarla heyvandarlıqda məhsuldarlığı artırmaq, orqanik yetişdiriciliyi inkişaf etdirməkdir. Xəyalə Dadaşova çıxışının sonunda türkiyəli sahibkarları Naxçıvanda iş qurmağa, biznes sahələri yaratmağa dəvət edib.
    Türkiyə Respublikası iş adamlarının heyət rəhbəri Ercan Dəmirçi işgüzar görüşə, yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildirib ki, Azərbaycanla Türkiyə tarixboyu bir-birinin yanında olub, hər iki ölkə arasında bütün sahələri əhatə edən əlaqələr qardaşlıq, dostluq münasibətlərinə əsaslanıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipləri üzərində inkişaf edən Azərbaycanla Türkiyə əlaqələri bu gün dünyada qürurverici nümunə gücündədir. Naxçıvan Muxtar Respublikası da hər iki ölkənin yaxınlaşmasında önəmli yerə, mövqeyə malikdir. Türkiyəli iş adamlarının muxtar respublikaya səfəri Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələr üzrə investisiya cəlbi baxımından olduqca önəmli rol oynayacaq.
    Görüşdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikanın turizm imkanları barədə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov hər iki ölkənin iş adamlarının faydalı əməkdaşlıq münasibətlərindən söhbət açıblar.
    Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Ləman Əlizadə, Turizm Departamentinin sektor müdiri Süleyman Rüstəmov slaytlarla muxtar respublikanın iqtisadiyyatı, kənd təsərrüfatı, turizm potensialı haqqında təqdimatlar edib, ətraflı məlumatlar veriblər.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 10.09.2023 00:36