AZ EN RU

Türkiyənin daha bir qabaqcıl və nüfuzlu universiteti ilə əməkdaşlıq genişlənir

    Naxçıvan Dövlət Universitetinin müasir dünya təhsilinə inteqrasiya istiqamətində uğurlar qazanmasında beynəlxalq əlaqələr mühüm rol oynayır. Bu ali təhsil ocağı dünyanın 130-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Beynəlxalq əlaqələr sistemində isə Türkiyə Respublikasının ali təhsil ocaqları müstəsna yer tutur. Qardaş ölkənin 80-dən çox ali təhsil ocağı ilə geniş əməkdaşlıq edən Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti ali təhsil ocağında yeni qurulacaq Texnopark layihəsində təcrübə əldə etmək məqsədilə 2021-ci ilin iyul ayında Türkiyənin bir sıra universitetlərində, Türkiyə Ali Təhsil Şurasında olub və əməkdaşlıq müqavilələri imzalanıb. 
    Bu günlərdə isə Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar,  Qazi Universitetinin rektoru, professor doktor Musa Yıldız, İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, həmin universitetin prorektoru, professor Lütfiyə Durak Ata, Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor Ali Tüfekçi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Naxçıvan Dövlət Universitetində olublar. Səfər çərçivəsində Ankara və İstanbul Texnik universitetləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilərək universitetlərarası əməkdaşlıq protokolu imzalanıb. Yeni əməkdaşlığın təməli qoyulan universitetlər sırasına Türkiyənin milli ali sistemində özünəməxsus yeri olan Qazi Universiteti  də daxildir. 
    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ilə Qazi Universitetinin rektoru, professor doktor Musa Yıldızın iki universitet arasında birgə əməkdaşlığa dair imzaladıqları müqavilədə “Erasmus+” çərçivəsində müəllim və tələbələrin mobilliyi, Mövlana proqramı layihəsinin yenilənməsi, Biotexnologiyalar, İncəsənət ixtisasları sahəsində əməkdaşlıq, birgə konfransların, simpozium və forumların keçirilməsi, ortaq nəşrlər öz əksini tapıb. 
    Bu münasibətlə keçirilən görüşdə doktorantura proqramları, sinxron tərcümə ilə bağlı məsələlər müzakirə olunub. Elmi-tədqiqat sahələrində ortaq araşdırmalar, mədəniyyət, incəsənət və sair sahələrdə birgə fəaliyyət barədə razılığa gəlinib. Müqavilədə bakalavr səviyyəsində fizika, rəsm, ingilis dili ixtisasları üzrə ikili diplom layihələri, həmçinin Qazi Universitetində xarici dili tədris edən müəllimlərin Naxçıvan Dövlət Universitetində tədrisə yönləndirilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata  keçirilməsi, rezidentura tədrisinə dəstək məsələləri öz əksini tapıb. İmzalanmış müqaviləyə görə tərəflərin üzərinə düşən öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb. 
    Qeyd edək ki, əsası 1926-cı ildə qoyulmuş və hazırda 40 mindən artıq tələbəsi olan Qazi Universitetində müxtəlif istiqamətlərdə kadr hazırlığı həyata keçirilir. Bu ali təhsil ocağında tədqiqat universiteti kimi çoxsaylı elmi layihələr reallaşdırılır.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə 
əlaqələr bölməsi

Nəşr edilib : 07.04.2022 19:47