AZ EN RU

Türkiyənin aparıcı telekanalı Azərbaycan-ŞKTR dialoquna dair reportaj yayımlayıb

Türkiyənin aparıcı xəbər telekanalı olan “TRT Haber” Azərbaycan ilə Şimali Kipr Türk Respublikası (ŞKTR) arasında dialoqun inkişafı mövzusunda geniş reportaj hazırlayıb.

“Şimali Kipr - Türk dünyasının bir hissəsi: Azərbaycan ilə ŞKTR arasında əlaqələr uğurla inkişaf edir” adlı materialda Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri ilə əlaqələrin inkişafına yönəlmiş kursu yüksək qiymətləndirilir, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı prioritet hesab etməsinə dair dövlətimizin başçısının fikirlərindən sitat təqdim olunur: “TDT bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünki bu, bizim ailəmizdir”.

Telekanalın hazırladığı süjetdə Bakının ŞKTR ilə türk dövlətləri arasında dialoqun genişləndirilməsi istiqamətində fəal siyasəti vurğulanır.

Azərbaycan paytaxtının Kiprin türk xalqının qarşısında duran və beynəlxalq aləmdə ŞKTR-in maraqlarını müdafiə edən maneələrin aradan qaldırılmasına verdiyi töhfə də qeyd olunur. Materialda, həmçinin Bakı ilə Lefkoşa arasında parlamentlərarası əlaqələrin genişləndiyi diqqətə çatdırılır.

Reportajda Dumlupınar Universitetinin (Kütahya) müəllimi, elmlər doktoru Barış Adıbelli ilə müsahibə də yer alıb. O, Bakı ilə Lefkoşa arasında dialoq baxımından 2024-cü ilin dönüş nöqtəsi olduğunu bildirib. Ekspert, habelə Milli Məclisin ŞKTR ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına dair qərarını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanın tarixi Qələbəsindən sonra Bakı ilə Lefkoşa arasında münasibətlərdə müsbət dönüş yaranıb. Adıbelli bildirib ki, bu tendensiya Şuşa Bəyannaməsinin imzalanması və TDT ölkələri arasında əlaqələrin möhkəmlənməsi ilə daha da güclənib.

“Qarabağın işğaldan azad edilməsi Türk dünyasının ən böyük problemini TDT gündəmindən çıxarmağa imkan verdi. ŞKTR-in tanınmasının vaxtıdır”, - deyə Dumlupınar Universitetinin müəllimi bildirib.

Nəşr edilib : 20.06.2024 16:23