AZ EN RU

Türkiyəli rəssam Nilgün Ayşecik Çevikin Möminə xatın türbəsinə həsr olunmuş əsəri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə olunub

Bu münasibətlə sentyabrın 21-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində təşkil edilmiş mərasimdə  Türkiyə Cümhuriyyətinin  Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva, rəssamlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimi giriş söz ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev ümummilli lideri Heydər Əliyevin muzeyşünaslığın inkişafı ilə bağlı xidmətlərindən bəhs edib. Bildirib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, muxtar diyarda da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülüb, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapıb. Muxtar respublikada muzey fondlarının mütəmadi  zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Qeyd edilib ki, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı  Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin, eləcə də Möminə xatın türbəsinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılır.

Azərbaycan dövlətçilik tarixinin, memarlığının, qadına, anaya olan münasibətin şah əsərlərindən biri sayılan Möminə xatın türbəsinin bu gün də rəssamların yaradıcılığına təsir göstərdiyini vurğulayan Piri Nağıyev qardaş ölkənin tanınmış fırça ustalarından  olan Nilgün Ayşecik Çevikin  rəsm əsərinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində  nümayiş olunmasının çox sevindirici olduğunu vurğulayıb, müəllifə  və rəsm əsərini muzeyə hədiyyə etdiyinə görə Ülviyyə Həmzəyevaya  təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, “Möminə Hatun türbesi” rəsm əsəri muzey ziyarətçilərinin estetik zövqünü oxşamaqla yanaşı, qiymətli əsər kimi daim qorunub saxlanılacaq, müəllifinin adını ölümsüzləşdirəcək.

Rəsm əsərinin yaranma tarixçəsi və işlənmə texnikasından danışan Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, “Möminə Hatun türbesi” əsəri müasirliyi və qədimliyi özündə birləşdirən unikal bir əsərdir. Rəssam  kətan üzərində ebru və akril boya ilə çəkdiyi rəsm əsərini “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında iştirak zamanı ərsəyə gətirib.

Sonra çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Möminə xatın türbəsinin bir çox türk  rəssam tərəfindən kətan üzərinə köçürüldüyündən bəhs edib və belə bir tarixi məkanda türk rəssamının əsərinin nümayiş olunacağından qürur hissi keçirdiyini bildirib. Ulu öndər Heydər Əliyevin  anadan olmasının  100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlamətdar olan 2023-cü ildə bır sıra mədəni tədbirlərin də təşkil olunacağını vurğulayıb.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.09.2023 17:42