AZ EN RU

Türkiyəli rəsmilər Azərbaycan könüllülərinin qardaş ölkədəki fəaliyyətini yüksək qiymətləndirirlər

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə təyinat alan Samsun vilayətinin valisi Zülkif Dağlının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan könüllülərinin düşərgəsinə baş çəkib.

Bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, sözügedən görüşdə onu Kahramanmaraş vilayətinin baş prokuroru Sedat Çelik və polis rəisi Ömər Urhal müşayiət edib. Türkiyəli rəsmilər Azərbaycanın könüllü gənclərinin qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirib, onlara minnətdarlığını ifadə ediblər.

Məlumat üçün bildirək ki, təbii fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərdə könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstəkverici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.

Nəşr edilib : 22.02.2023 11:17