AZ EN RU

Türkiyəli qonaqlar şəhidlərimizin xatirəsini Haçadağda anacaq - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə qardaş Türkiyə Respublikasının Araz Təbiət və Azərbaycan Mədəniyyət dərnəyinin bir neçə üzvü Xocalı soyqırımında həyatını itirmiş şəhidlərimizin və Türkiyənin 10 iri regionunda baş vermiş təbii fəalkət nəticəsində dünyasını dəyişmiş insanların xatirəsini anmaq və Haçadağ zirvəsinə qalxmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.  
Səfərin ilk günündə qonaqlar əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin şəhərimizin mərkəzi meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyublar, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra görkəmli dövlət xadiminin həyatı, çoxşaxəli fəaliyyətini minə yaxın maddi mədəniyyət nümunələri ilə özündə əks etdirən muzeyə baxış olub. Ekskursiya çərçivəsində qonaqlara məlumat verilib ki, muzey ümummilli liderimizin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı bir vəzifəni həyata keçirir. Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri, stendləri və digər görüntüləri Ulu Öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. Xüsusilə dahi rəhbər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti - Ali Məclisin sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar və digər eksponatlar nümayiş etdirilir. 
Bildirilib ki, ilk dəfə olaraq bu muzeydə nümayiş olunan sənədlər, materiallar dahi şəxsiyyətin həyat salnaməsini, - uşaqlıq və gənclik illərini, təhsil aldığı illəri, rəhbər vəzifələrdə çalışdığı illərdə gördüyü çoxcəhətli şərəfli və mürəkkəb vəzifələrin yerinə yetirilməsindən bəhs edir. Bütün bunlar və muzeydə əksini tapmış digər nadir eksponatlar unudulmaz ulu öndərimizin həyat yolunun öyrənilməsi üçün tamaşaçılara, muzeyə gələnlərə çox şeylər, məlumatlar aşılayır.
Daha sonra qonaqlar Türkiyə Respublikasının qurucu lideri, görkəmli siyasi xadim Mustafa Kamal Atatürkün şəhərimizdəki abidəsini ziyarət ediblər, ardınca Şəhidlər xiyabınına ekskursiya olub. Qonaqlar əvvəlcə xiyabanda Türkiyə-Azərbaycan qardaşlığına, birlik və bərabərliyə həsr edilmiş abidənin önünə gül dəstələri qoyublar, həm Çanaqqala zəfərində, həm də torpaqlarımızın azadlığı yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad olunub, onların ruhlarına dualar oxunub. 
Diqqətə çatdıraq ki, səfər iki gün davam edəcək və Haçadağa zirvəsinə səfər martın 19 baş tutacaq. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 18.03.2023 19:44