AZ EN RU

Türkiyəli müəllim və şagirdlər: “Naxçıvanda Türk dünyasına aid olan qədim tarix-mədəniyyət abidələri həm də qardaşlığımıza, dostluğumuza ən gözəl nümunədir”

    Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin müəllim və şagirdləri 16-17 mart tarixlərdə muxtar respublikamızda səfərdə olublar. Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Mədəniyyət ocağı ilə tanışlıq zamanı qeyd olunub ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzeydə bütün Türk dünyasında sevilən dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nadir tarixi eksponatlar böyük maraq doğurub. Sonra Naxçıvan şəhərindəki Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsinə ucaldılmış büst ziyarət olunub, abidənin önündə Türkiyə Respublikasının Dövlət Himni oxunub, Kazım Qarabəkir Paşa məscidi ziyarət edilib. 

    Açıq Səma Altında Muzey, Möminə xatın türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi ilə tanışlıq liseyin müəllim və şagirdlərində muxtar respublikamızın tarixi, mədəniyyəti, turizm potensialı barədə zəngin təəssürat formalaşdırıb. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gələn qonaqlar dərnək üzvlərinin əl işlərindən ibarət sərgi və dərnəklərin fəaliyyəti ilə əyani tanış olublar. Tur iştirakçıları mərkəzdə yaradılan innovativ dərnəklər ilə yaxından tanış olub. Müəllim və şagirdlərə mərkəzdəki digər dərnəklər barədə də ətraflı məlumat verilib.  

    Liseyin müəllim və şagirdləri Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı muxtar respublikada səhiyyə turizminin inkişafı ilə bağlı zəngin məlumatlar əldə ediblər.
    Səfərin ikinci günündə qonaqlar əvvəlcə Naxçıvan Dövlət Universitetinə gəliblər. Burada onlara universitet şəhərciyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda mövcud olan universitetlər arasında öndə dayanan bu ali təhsil ocağında təhsil alan tələbələrin böyük bir qismini məhz türk tələbə-gənclər təşkil etməkdədir. Bu göstəricilər ilbəil daha da artmaqdadır.
     Sonra qonaqlar “Naxçıvan” Universiteti ilə tanış olublar, burada onlar filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin mühazirələrini dinləyiblər. Daha sonra Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbə və Naxçıvan Dövlət Xalça Muzeyinə səfər edilib, günün sonunda isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olublar. 

    Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin müəllim və şagirdlərindən bir neçəsi “Şərq qapısı” qəzetinə müsahibələrində muxtar respublikamızla bağlı təəssüratlarını bölüşüblər:
    Nigar Ünal Uzun – Liseyin sosial elmlər müəllimi: – Həyata keçirilən bu layihə “külək odlar” diyarı adlanır, yəni rüzgar atəş ölkəsinə gəlsin deyə bu proqramı reallaşdırdıq. Liseyimizin 41 şagirdi və 4 müəllim həmkarımla bu layihədə iştirakdan çox şadıq. Proqramın əsas məqsədi pandemiya dönəmində evdə qalan, cəmiyyətdən uzaq düşən uşaqları digital aləmdən, mənfi psixologiyadan uzaq tutmaqdır. Milli-mənəvi dəyərlər, milli şüur, milli kimlik üzərində qurduğumuz layihə çərçivəsində qədim türk torpağı sayılan Naxçıvana gəldik. Türk dünyasının qardaşlığı, birliyimiz-bərabərliyimiz şagirdlərin mənəviyyatının zənginləşdirilməsində, dünyagörüşlərinin artırılmasında böyük rol oynayır. Naxçıvanda bizi yüksək qonaqpərvərliklə qarşıladılar, sərhəddən bəri yolboyu ötəri də olsa, müasir, gözəl kəndlərinizi seyr edə bildik. Xüsusilə yaşayış məntəqələrində tikilən məktəb binalarının görkəminə heyran qaldıq. Şəhərdə də maraqlı ekskursiyalarımız oldu, Möminə xatın türbəsi möhtəşəmliyi ilə bizi valeh etdi, üzərindəki naxışların rəmzi mənası Türk dünyasının zəngin tarixi keçmişindən, mədəniyyətindən, Naxçıvanın özünəxas memarlıq məktəbindən xəbər verir. Naxçıvanqala, Nuh türbəsi Naxçıvan barədə bizdə zəngin təəssüratlar buraxdı, Duzdağ Fizioterapiya Mərkəzi də nadir rast gəlinən səhiyyə ocağı kimi diqqətimizi çəkdi. İkigünlük səfərimiz müddətində buradakı istedadlı uşaqlarla da tanış olduq, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki innovativ dərnəklərdə avadanlıqlar, dərnək üzvlərinin əl işləri liseyin şagirdlərində böyük maraq oyatdı. Düşünürəm ki, gələcəkdə belə turlarımız daha tez-tez olmalıdır. Qonaqpərvərliyə, mehriban münasibətə görə zəhməti keçən hər kəsə minnətdaram.
    Müsahibimiz, liseyin müəllimi, psixoloq Hümeyra Yıldırım səfər barədə təəssüratlarını bizimlə bölüşərək deyir:
    – Artıq iki gündür ki, Naxçıvandayıq. Etiraf edim ki, Naxçıvana gəlməmişdən əvvəl şəhər haqqında az-çox zəngin fikirlərim var idi, amma tur çərçivəsində gördüklərim məni, həqiqətən, heyrətləndirdi. Diqqətimi ən çox çəkən ünvan isə Naxçıvan Dövlət Universiteti oldu. Tibb fakültəsində şahidi oldum ki, burada çoxsaylı türk tələbə ali təhsil alır. Hesab edirəm ki, bu mənim kimi bütün müəllimlərin sevincinə, qüruruna səbəb olur. Bununla yanaşı, bizə məlumat verildi ki, Naxçıvan Dövlət Universitetində təhsil alan bütün xarici tələbələr muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Belə ki, burada təhsil alan tələbələrə ildə bir neçə dəfə, bayram ərəfələrində sovqatlar paylanılır, maddi yardım göstərilir. Bunun nəticəsidir ki, həmin ali təhsil ocaqlarından ali təhsil alan xarici tələbələrin sayı çoxalır. Dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan orta məktəbdə təhsil şəraiti ilə daha yaxından tanış olduq. Hətta bir tələbəmiz şahmat dərsində iştirak edərək məktəbin yeddinci sinif şagirdi ilə yarışdı və uğur qazandı. İnsanların gülərüzlü, səmimi və qonaqpərvər olması, sözsüz ki, qonağa olan ehtiramın, ən başda da bizlərə göstərilən dəyərin bariz nümunəsidir. Əminəm ki, bizim qardaş Azərbaycana, o cümlədən onun mədəniyyət, elm, irfan ocağı olan Naxçıvana səfərlərimiz kütləvi xarakter alacaq.
    Digər müsahibimiz, liseyin müəllimi Fateh Dəmirtürk Azərbaycan və Türkiyə qardaşlığının hər iki ölkədə göstərdiyi bənzərsiz nəticələrindən söhbət açaraq deyir: – İlk dəfədir ki, Naxçıvana səfər edirəm, həqiqətən, bənzərsiz diyardır. Bir gün ərzində bir-birindən fərqli iqlim şəraitinin yaratdığı gözəlliklər, təbiət ecazkarlıqları insanda çox müsbət emosiyalar yaşadır. Möminə xatın abidəsini ziyarət edərkən bir daha şahid oldum ki, türk xalqı necə tarixinə, soykökünə, milli-mənəvi dəyərlərinə ehtiramla yanaşan, onu yaşadan xalqdır. İstər zəngin, hərtərəfli təhsil şəraiti, istər maddi mədəniyyət nümunələri, istər milli mətbəxi bir daha sübuta yetirir ki, Naxçıvan möcüzənin özü, daşlaşmış tarixin yaşıdıdır. Onun tarixinin hər sətrinə şəhidlərimizin qanı ilə yazılmış azadlıq tarixinin, mücahidlərimizin, öndərlərimizin siyasi iradəsi hesabına əldə edilmiş azadlıq dastanlarının ətri hopubdur. Mən də bizlərə göstərilən qonaqpərvərliyə, verilən dəyərə görə minnətdarlığımı bildirirəm. 
    Naz Zeynəb Uzun – Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin 7-ci sinif şagirdi: – Əvvəllər görmədiyimiz bir türk məmləkətinə – Naxçıvana üz tutacağımızı biləndə şagird yoldaşlarımla birgə çox sevindik. İnternetdən araşdırma aparıb diyarınız barədə xeyli məlumat öyrənə bildik. Əyani tanışlığımız ilə daha da zənginləşdi düşüncələrimiz. Xüsusilə Heydər Əliyev Muzeyində öyrəndik ki, Türkiyə dövlətinin qurulmasında dahi öndər Mustafa Kamal Atatürkün böyük rolu olduğu kimi, qardaş ölkəmiz Azərbaycanın var olmasında da ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. Səfər müddətində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün xatirəsinə ucaldılan abidəni və Kazım Qarabəkir Paşa məscidini də ziyarət etdik. Naxçıvanda Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı bu ünvanlar qardaşlığımıza, dostluğumuza ən gözəl nümunədir. İkigünlük səfərimizin yekunu olaraq onu deyə bilərəm ki, Naxçıvan barədə yüksək fikirlərimiz formalaşdı. Bütün şagird yoldaşlarım adından bizə bu fürsəti yaradan hər kəsə, müəllimlərimizə dərin minnətdarlığımı bildirirəm.
    Begüm Türkday – Liseyin 7-ci sinif şagirdi: – Şagird yoldaşlarımla iki günümüz çox mənalı və yaddaqalan keçdi. Naxçıvan barədə heç vaxt eşitmədiyimiz məlumatları öyrəndik, mədəniyyət, təhsil ocaqlarında olduq, tarixi abidələri ziyarət etdik. Ən çox diqqətimizi çəkən Heydər Əliyev UşaqGənclər Yaradıcılıq Mərkəzindəki dərnəklərin fəaliyyəti, orada sərgilənən əl işləri oldu. Həqiqətən, naxçıvanlı həmyaşıdlarımızın istedadına heyran qaldıq, innovativ dərnəklərdə onlar üçün çox gözəl şərait yaradılıb. Duzdağ Fizioterapiya Mərkəzi də çox maraqlı quruluşu, özünəməxsus aurası ilə diqqətimizi çəkdi. Şəhər gəzintimiz də olduqca yaddaqalan keçdi, Nuh türbəsi, Naxçıvanqala, Möminə xatın möhtəşəm memarlıq abidələridir. Doyunca gəzdik, şəkillər, videolar çəkdik. Qayıdanda liseyimizin digər şagirdləri ilə də təəssüratlarımızı bölüşəcəyik. Gələcəkdə yenə tur olsa böyük məmnuniyyətlə gəlmək istəyərəm. Əməyi keçən hər kəsə minnətdarlıq edirəm. 

Nail ƏSGƏROV
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 17.03.2022 20:43