AZ EN RU

Türkiyəli kanoçular: “Naxçıvanlı qardaşlarımızla keçirdiyimiz bu iki gün o qədər dəyərlidir ki, heç ayrılmaq istəmirik buradan”

Fevralın 4-də Türkiyənin “Ordu kano klubu (ORKADO)” və “Fatsa off road klubu”nun üzvləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Qonaqlar səfər çərçivəsində Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda Türkiyə və Azərbaycan kano idmançılarının yarışlar, tanıtım tədbirləri zamanı müxtəlif təbiət ərazilərində çəkdirdikləri şəkillərdən ibarət “Türkiyə-Azərbaycan dostluğu” adlı fotosərgi ilə tanış olublar. Səfərin ikinci günü türkiyəli qonaqlar “Saat Meydanı” turistik istirahət mərkəzində stand qurub, Batabat yaylağında kano idman növünün tanıtımını ediblər.

Kano klublarının üzvlərindən bir neçəsi “Şərq qapısı” qəzetinə müsahibə verib, layihənin məqsədi və səfər təəssüratları ilə bağlı fikirlərini bölüşüblər:

- İbrahim Ethem Kibar- Fatsa rayon bələdiyyə sədri:- Hər iki klubun üzvləri tərəfindən bu layihə ilə bağlı bələdiyəmizə müraciət olunub. Layihənin məqsədi Türkiyə Azərbaycan qardaşlığını nümayiş etdirmək idi. Bildiyimiz kimi ötən il ölkəmizdə yaşanan təbii fəlakətlərdə, meşə yanğınlarında azərbaycanlı qardaşlarımız bizi yalnız buraxmadı, hərtərəfli dəstəyini göstərdi. Bizim kano klubu üzvləri də bu diqqət, kömək müqabilində burada bir sıra fəaliyyətlər sərgiləməyi, birliyimizi göstərən tədbirlər həyata keçirməyi özlərində mənəvi borc hesab edirlər. Layihə barədə bələdiyyəmizə verilən məlumat bizim də könlümüzcə oldu və gələcəkdə belə tədbirlərin sıx-sıx keçirmək istəyimizi bildirdik. Beləcə üz tutduq qardaş ölkəmizə, onun qədim və ulu diyarı Naxçıvana. İki günlük səfərimiz müddətində ilk olaraq Baş konsulluqda gözəl, maraqlı foto sərgi açdıq, qonaqlar tərəfindən də çox maraqla qarşılandı sərgimiz. Bundan başqa bir sıra rəsmi və qeyri-rəsmi görüşlər də keçirdik. Ən maraqlı məqam isə məhz Naxçıvanın gözəl guşələrindən sayılan Batabatda kano idman növünün tanıtımı oldu. Naxçıvanlı qardaşlarımızla birgə doyunca əyləndik, yaddaqalan anlar yaşadıq. Hər iki ölkənin qardaşlığının daha da möhkəmlənməsinə xidmət edən bu layihə şübhəsiz ki, yaxın gələcəkdə kano idman növünə marağın artmasında da böyük rol oynayacaq. Mən bu layihənin reallaşmasında əməyi keçən hər kəsə, eləcə də Naxçıvan Muxtar Respublikasında bizi qonaqpərvərliklə qarşılayan, bizə Vətənimizdəki doğmalığı hiss etdirən dostlarımıza, qardaşlarımıza səmimi təşəkkürlərimizi ifadə edir, yaradılan şəraitə görə minnətdarlığımızı bildiririk. Belə tədbirlərin gələcəkdə daha sıx şəkildə keçirilməsi və əhatə dairəsinin genişlənməsinə çalışacağıq.

Mustafa Sarıkaya -Ordu kano kulubunun sədri: - Öncə onu deyim ki, 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin Çoğrafiya ixtisasında təhsil almışam. İndi Türkiyədəki Anadolu İmam Hatib liseyində Çoğrafiya müəlllimi kimi çalışıram. Naxçıvanlı tələbə yoldaşlarım, buradakı dostlarımla tez-tez telefonla danışırıq, ünsiyyətimiz, əlaqərimiz çox olur. Təhsil alıb peşəyə yiyələndiyim, çörəyini yediyim, suyunu içdiyim bir diyarda olmaq çox qürurvericidir mənimçün. Ümumiyyətlə hər bir türkiyəli kimi mənim  üçün də Azərbaycan ana Vətənim Türkiyə qədər çox doğma, əziz bir ölkədir. Ötən il Türkiyədə baş verən meşə yanğınlarında azərbaycanlı qardaşlarımız da öz dəstəklərini əsirgəmədilər. Onlar arasında tələbə yoldaşım, Azərbaycan Silahlı Qüvvələrində helikopter pilotu kimi çalışan naxçıvanlı Nurlan İsmayılov da var imiş. Tələbə yoldaşı kimi daim əlaqələrimiz vardı, telefon söhbəti zamanı onun da meşə yanğınlarının qarşısının alınmasında iştirakını eşidəndə çox duyğulandım və bu layihəni reallaşdırmağı özümə mənəvi borc hesab etdim. Məhz bu mənada Türkiyə Azərbaycan dostluğu və qardaşlığına söykənən belə bir layihəni hazırlayıb həyata keçirdiyimiz üçün çox şadam. Layihə çərçivəsində ölkəmizin Naxçıvandakı Baş konsulluğunda sərgilədiyimiz fotosərgi olduqca maraqla izləndi. Qeyd edim ki, sərgidə əsasən Vətən müharibəsi zamanı Azərbaycana dəstək vermək məqsədilə keçirdiyimiz tədbirlərdən çəkilən fotolar yer almışdı.                                                                                        Lahiyə çərçivəsində Batabat gölündə Türkiyə, Azərbaycan bayraqlarının nümayişi ilə maraqlı bir kano idman tədbirimiz reallaşdı, saat meydanında tanıtım məqsədilə stand qurduq, bir sıra rəsmi və qeyri-rəsmi görüşlərimiz oldu. Ekurskursiya zamanı mənim diqqətimi çəkən amillərdən biri də məzun olduğum müddətdən qısa zaman ötməsinə baxmayaraq Naxçıvanın inanılmaz şəkildə dəyişilməsi və gözəlləşməsidir. Hər yerdə abadlıq, firavanlıq, səliq-sahman könlümüzü oxşadı. Üniversitet illərimi, peşəmi mənə qazandıran bir diyarla qürur duydum.

Üzeyir Ərdoğan-Fatsa off road klubunun sədri: - “Yolumuz qardaşlıq, dostluq yolu, amalımız birdir” deyib buraya üz tutduq. Səfərimiz çox gözəl, mənalı və yaddaqalan keçdi. Naxçıvanlı qardaşlarımızla keçirdiyimiz bu iki gün o qədər dəyərlidir ki, heç ayrılmaq istəmirik buradan. Bizləri bu layihədə tək buraxmayan, dəstəyini əsirgəməyən azərbaycanlı qardaçlarıma minnətdarlığımı bildirirəm. Kano idman növü üzrə tədbirlərimiz çox maraqlı, həyəcanlı oldu, naxçıvanlı dostlarımızın məmnunluğu bizi də çox şad etdi. Yüksək qonaqpərvərliyə, alicənab davranışa görə də ayrıca təşəkkür edirik.       Onu da deyim ki, kano kulubu olaraq Türkiyənin bir sıra bölgələrində yarışlar keçiririk. Gürcüstanda, İranda da olmuşuq, Naxçıvandan sonra Azərbaycanın digər yerlərinə də getməyi düşünürük. Bu iki gün ərzində həm də Naxçıvanı yaxından tanımaq fürsətimiz oldu. Şəhərin görkəmini, interyerini çox bəyəndim. Bölgələr də ayrıca çox gözəldir, baxımlıdır. Batabat yaylağına səfərimiz zamanı avtomobilin pəncərəsindən kəndləri müşahidə etdim, müasir görkəm, ən yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları diqqətimi çəkdi. Ümumilikdə bu iki günlük səfərdən çox məmnun qaldıq. Gələcəkdə belə tədbirlərin daha tez-tez keçirilməsinə çalışacağıq. 

 Qardaş ölkənin Qaradəniz şəhərindən olan Zəkəriyyə Koçan deyir: - Dünyanın bir çox coğrafiyaları ilə yaxından tanış olsam da, Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Bu vaxta qədər bu diyar haqqında çox oxumuşam, çox eşitmişəm amma onu yaxından görmək bu günə nəsib imiş. Başdan-başa təbiət muzeyi olan bu torpağın insanları gülərüz və mehribandır. Burada olduğumuz 2 gün müddətində bir-birindən maraqlı və yaddaqalan anların şahidi olduq. Ekskursiyalarımız çərçivəsində rəngarəng fotoşəkillər çəkərək öz şəxsi media hesablarımızda izləyicilərimizlə bölüşdük. Həqiqətən Naxçıvan bizim kimi bir çoxlarını özünə cəlb edə bilib. Çox sevindirici haldır ki, bu diyar uzun illər blokada şəraitində yaşamasına baxmayaraq inkişaf edərək öz müstəqil və çiçəklənən dövrünü yaşayır. Bununla yanaşı, istər siyasi müstəvidə, istərsə də digər sahələrdə Azərbaycan və Türkiyə qardaşlığı bu gün bütün dünyanın diqqət mərkəzindədir. Tarix də sübut edir ki, hər iki qardaş ölkə ən mürəkkəb, çətin proseslərin məngənəsində olduqda belə, bir-birindən köməklərini əsirgəməyib. Bunu qardaş Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi qələbənin timsalında da gördük, ötən müddətdə Türkiyənin bir çox regionlarında baş verən yanğın fəalakətindəki yardımda da bir daha şahid olduq. Hesab edirəm ki, hər iki ölkə arasında bu cür geniş əlaqələrin mövcudluğu gələcək dövrlərdə də özünü daha aydın göstərməklə bir çox uğurlara da imza atmağımıza vəsilə olacaq. Son olaraq qeyd edim ki, Naxçıvan gözəl və qonaqpərvər bir diyar kimi xatirəmdə həmişəlik qalacaqdır. İnanıram ki, bundan sonra da bu diyara səfər etmək şansını sevə-sevə, böyük həvəslə dəyərləndirəcəyəm.

İstanbul şəhərindən olan digər müsahibimiz Zeki Acur söhbət zamanı bildirdi ki, Naxçıvan həqiqətən zəngin coğrafi mühiti, füsunkar təbiəti ilə buraya üz tutan hər bir kəsi özünə heyran qoyur. İlk dəfədir səfər etməyimə baxmayaraq heç bir yadlıq və özgəlik hiss etmirəm. Düşünürəm ki, insanların istiqanlı olması, qonaqpərvərliyi bizdə bu cür müsbət təəssüratlar yaradır. Həqiqətən bu vaxtacan Naxçıvan haqqında eşitdiyim gözəl fikirlərin əyani sübutunu burada olduğum iki gün müddətində daha yaxından gördüm. Turumuzun ikinci gününə Batabat yaylağına səfər etməklə başladıq. Havanın kəskin soyuq olmasına baxmayaraq ekskursiyamız maraqlı və yadda qalan oldu. Daha öncədən Azərbaycanın, o cümlədən Naxçıvanın kəskin, dəyişkən iqlim şəraiti haqqında eşitsəm də, ilk dəfədir səfər etdiyim üçün onu hiss etmək məhz bu günə nəsib oldu. Bir məqamı da məxsusi olaraq vurğulamaq isdərdim ki, Türkiyənin bir çox regionları ilə müqayisədə Naxçıvan çox sakit və müasir şəhərdir. Hər tərəfdə gedən tikinti-quruculuq, geniş yolar, müasir obyektlər və bunun kimi neçə-neçə maraqlı və gözəl proseslər bir daha bunu deməyə əsas verir ki, Naxçıvan sözün əsl mənasında geniş turizm potensialına sahibdir.

Müsahibim Durmuş Durmuş da öz təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, qardaş ölkəmiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda olduqları bu iki gün onlar üçün böyük önəm daşıdı: -  Bir fotoqrafçı nöqteyi-nəzərindən mövzuya yanaşsaq, həm bir qonaq kimi burada olan turizm potensialı haqqında ətraflı məlumatlar qazanır, həm də qədim türk diyarımız olan Naxçıvanın tarixi ilə yaxından maraqlanıb, tanış oluruq. Vaxtımız xeyli maraqlı və səmərəli keçir. İki gün ərzində Naxçıvanın qış mövsümünə uyğun olan turistlik məkanlarına ekskursiyalar etdik, xeyli maraqlı və faydalı məlumatlar qazandıq. Bunlardan biri də bu gün səfər etdiyimiz təmiz havası və kəskin iqlimi ilə diqqəti cəlb edən Batabat yaylağı oldu. Səfərimizin qış fəslində baş tutmasına, hər tərəfi qarla əhatələnmiş dağların, meşələrin buranın gözoxşayan gözəlliyini bütünlüklə görməyimizə qismən mane olsmasına baxmayaraq qışın da gözəlliyindən bir başqa mənəvi zövq aldıq, xatirə şəkilləri çəkərək səfərimizi əbədiləşdirdik. İlk dəfədir səfər etməyimə baxmayaraq bu diyar haqqında yüksək fikirlər qazandım, geniş məlumatlar əldə etdim. Ümid edirəm ki, Naxçıvana yenidən gəlmək şansı əldə edə biləcəyəm.

 Nail ƏSGƏROV

 Məcid Əkbərov

Nəşr edilib : 05.02.2022 23:03