AZ EN RU

Türkiyəli jurnalistin təklifi ilə bu məktəbə “Şuşa” adı verildi

Türkiyənin İgdır şəhərinin Topçular məhəlləsindəki Heydər Əliyev Fənn Liseyinin qarısında inşaatı başa çatdırılan orta məktəbə “Şuşa” adı verilib. Belə ki, bu günlərdə İgdırda nəşr olunan “Yeşil İgdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş İgdır valisi Hüseyn Engin Sarıibrahimə müraciət edərək 2023-2024-cü tədris ilində igdırlı müəllim və şagirdlərin istifadəsinə veriləcək yeni orta məktəbə “Şuşa” adının verilməsini təklif edib və təklif yüksək səviyyədə qəbul edilərək bununla bağlı qərar verilib.

İğdır Valisi Hüseyn Engin Sarıibrahim yeni orta məktəbə “Şuşa” adının verilməsini belə dəyərləndirmişdir: “44 günlük müharibədən sonra öz azadlığına qovuşan Şuşa şəhəri Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin birliyi, dostluq və qardaşlıq bağı sayəsində müstəqilliyinə qovuşmuş, Şuşa bəyannaməsi ilə dünyaya çok önəmli mesajlar verilərək Şuşa “Mədəniyyət paytaxtı” olarak elan edilmişdir. Yeni istifadəyə veriləcək orta məktəbə “Şuşa” adının verilməsi də gözəl bir təşəbbüsdür. Şəhərimizə xeyirli olsun.

“Yeşil İgdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş qəzetimizə açıqlamasında bunları dedi: “30 ildir, işğal altında olan Şuşa 44 günlük vətən savaşından sonra öz azadlığına qovuşdu. Hər iki lider – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev əl-ələ tutaraq dosta güvən, düşmənə göz dağı verdi, Şuşanı Türk dünyasının Mədəniyyət Paytaxtı elan etdilər. Qarabağ müharibəsi qəhrəmanlarını yad etmək, “Şuşa” adını qəlbimizdə yaşatmaq hər birimizin borcudur. Əgər Xocalı bizim qan yaddaşımızdırsa, Şuşa igidlərimizin Vətən üçün şəhadətə gözlərini qırpmadan getdiyi və Zəfərimizin simvoludur. Hörmətli valimizin təklifimizi qəbul edib yeni məktəbimizə “Şuşa” adını verilməsinə qərar verdiyi üçün təşəkkürlərimi bildirirəm”

İgdırın Topçular məhəlləsində fəaliyyətə başlayacaq yeni orta məktəb 160 şagird yerlikdir. Məktəbin direktoru Fatma Kurt artıq şagird qəbulu üçün məktəbdə hazılqların başladığını bildirib.

 Qeyd edək ki, rəsmi sənədlər hazırlandıqdan sonra məktəbin adı yazılmış lövhə də məktəb binasının önünə vurulacaq.

Səbuhi HƏSƏNOV

Əli ŞIKTAŞ

Nəşr edilib : 31.07.2023 21:30