AZ EN RU

Türkiyədə Azərbaycan Prezidenti seçkiləri üzrə seçki məntəqələri fəaliyyətə başlayıb

Bu gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə start verilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada yerləşən inzibati binasında yerli vaxtla saat 8-də yaradılan iki seçki məntəqəsi seçicilərin səsverməsi üçün açılıb.

Formalaşdırılan məntəqə seçki komissiyaları da fəaliyyətə hazırdır. Məntəqələrdə seçki kabinələri və şəffaf seçki qutuları yerləşdirilib.

Qeyd edək ki, Türkiyədə Azərbaycan vətəndaşlarının sıx yaşadığı nəzərə alınaraq və seçki qanunvericiliyinə uyğun olaraq qardaş ölkədə 5 seçki məntəqəsi yaradılıb. Səfirliyimizin inzibati binasında 46 və 47 saylı seçki məntəqələri ilə yanaşı, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri bu gün eyni vaxtda fəaliyyətə başlayıb.

Səfirlikdən “Report”a bildirlib ki, Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 8:00-dan 19:00-dək ölkəmizin ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.

Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva deyib ki, səfirlik bu ölkədəki vətəndaşlarımızın seçki hüquqlarını şəffaf və demokratik şəkildə həyata keçirmələri üçün bütün zəruri tədbirləri həyata keçirib: “Vətəndaşlarımızın seçki məntəqələrinə gediş-gəlişini asanlaşdırmaq üçün yerli bələdiyyələrin də dəstəyi ilə bu gün Ankarada, İstanbulda və Qarsda şəhər mərkəzindən, azərbaycanlıların sıx yaşadıqları ərazilərdən və universitetlərdən səfirliyə xüsusi avtobus reysləri təşkil olunub”.

Seçkilərdə iştirak etmək istəyən, lakin səhhəti ilə əlaqədar seçki məntəqələrinə getmək imkanı olmayan Azərbaycan vətəndaşları da nəzərə alınıb. Müraciətləri əsasında həmin şəxslər üçün seçki qanunvericiliyinə uyğun olaraq daşınabilən seçki qutuları təşkil olunub.

Nəşr edilib : 07.02.2024 09:29