AZ EN RU

Türkiyə XİN: Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımırıq

Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır. BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, qondarma “seçkilər” beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulmasıdır.

Türkiyə XİN Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkiləri” pisləyib və onu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndirib.

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inamını qorumaqdadır”, - deyə Türkiyə XİN-dən bildiriblər.

Nəşr edilib : 09.09.2023 20:35