AZ EN RU

Türkiyə XİN: Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü neytrallığa zərbə vuracaq

Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq.
"Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatı vasitəsilə bütün əraziləri üzərində suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Bu tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənardan olan aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı zərər vurmaqdan çəkinməsi daha vacibdir. Bu kontekstdə aprelin 5-də Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim borcumuzdur",-məlumatda qeyd edilib.
Türkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb:
"Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və layiq olduğu regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycan ilə Ermənistan arasında davamlı sülh üçün bu tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək".

Nəşr edilib : 04.04.2024 20:08