AZ EN RU

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Prezidentinin Milli Saraylar İdarəsi Topkapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşüb.

Görüşdə İ.Kocaman Osmanlı İmperiyasının 600 illik tarixinin 400 ilində Osmanlı sultanlarının yaşadığı və dövlətin inzibati mərkəzi kimi istifadə edilən sarayın strukturları, memarlığı, kolleksiyaları barədə məlumat verib. 300 minə yaxın arxiv sənədləri ilə dünyanın ən böyük muzey-saraylarından olan bu mədəniyyət ocağının Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1924-cü il aprelin 3-də ölkənin ilk muzeyi olaraq fəaliyyətə keçdiyini deyib. Topkapı Saray-Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa açıq olduğunu qeyd edən dairə başçısı dövlətlərimiz arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, mədəniyyət sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını söyləyib.

Mərkəzin direktoru Samir Abbasov Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın qarşılıqlı səfərləri, imzaladıqları sənədlər, mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışaraq, muzeylərimiz arasında birgə layihələrin əhəmiyyətini qeyd edib. O, Azərbaycanda muzey sahəsində həyata keçirilən işlər, eləcə də ölkənin aparıcı muzeyləri haqqında məlumat verərək, dünyanın ən böyük və unikal muzeylərindən olan Topkapı ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılmasının ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Diplomat Topkapı saray-muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını və gələcəkdə birgə layihələr əsasında bu əsərlərin Azərbaycanda da nümayiş etdirilməsi, eləcə də Azərbaycan mədəniyyətinə dair sərgilərin Topkapının qalereya və salonlarında sərgilənməsinə dair təkliflər irəli sürüb.

Görüşdə Azərbaycan muzeyləri ilə qarşılıqlı əməkdaşlıq, Topkapı sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə olunması, bu tarixi məkanda Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Samir Abbasov İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan Rəqəmsal Təcrübə Muzeyi (Dijital Deneyim Müzesi) ilə də tanış olub. Mərkəz rəhbəri burada ziyarətçilər üçün yaradılan imkanlar, müxtəlif guşələr, rəqəmsal otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış keçirib. Ziyarət zamanı muzey rəhbərliyi ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq məsələlərini müzakirə edilib, gələcəkdə ölkəmizin muzeyləri ilə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Ənənəvi muzey ziyarətindən fərqli olaraq, yeni yanaşma olaraq Rəqəmsal Təcrübə Muzeyində sensor ekranlar, süni intellektlə dəstəklənən interaktiv tətbiqlər kimi müxtəlif texnologiyalardan istifadə edilərək ziyarətçilərə əsərlərlə birbaşa ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq imkanı yaradılıb.

Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində yenilikçi addımları və müasir yanaşmaları sayəsində ənənəvi muzeyşünaslıq anlayışını texnologiyanın sonsuz imkanları ilə birləşdirərək mədəniyyət və incəsənətin universal dilini yaradılıb.

Muzeyin hər bölümündə ziyarətçilərə incəsənətin müxtəlif ölçüləri ilə qarşılaşmaq imkanı verən interaktiv sərgilər təşkil edilib, interaktiv dizayn və proqram təminatı vasitəsilə yerli yaradıcılıq və innovasiyaların nümayişi kimi türk proqram tərtibatçı-dizaynerləri tərəfindən diqqətlə hazırlanıb. Təqdim etdiyi 3D və 4D təcrübələri ilə muzey hər ziyarətdə yeni hekayə və macəra təqdim edir. Muzey hər yaşdan və hər təbəqədən olan ziyarətçilərə sənət və texnologiyanın sehrli dünyasını kəşf etməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verir.

Nəşr edilib : 01.07.2024 16:43