AZ EN RU

Türkiyə universitetlərinin rektorları Naxçıvan Dövlət Universitetində

    Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, beynəlxalq əlaqələr ofis koordinator köməkçisi, professor Ali Çağlar Güllücə, Van Yüzüncü İl Universitetinin rektoru, professor Həmdullah Şevli və universitetin prorektoru Sabahattin Şevgin Naxçıvana gəliblər. Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən qonaqlar abidə önünə gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Oruc­əliyev 10 may 1999-cu ildən fəaliyyət göstərən mədəniyyət müəssisəsi, burada sərgilənən nadir tarixi eksponatlar haqqında ətraflı məlumat verib. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev və Mustafa Kamal Atatürkün həyat yolu və siyasi fəaliyyəti ilə bağlı oxşar məqamlar qonaqlarda böyük maraq doğurub. Türkiyəli qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qardaş ölkənin rektorları ilə keçirilən görüşdə qonaqları salamlayıb, rəhbərlik etdiyi universitetin əməkdaşlıq əlaqələrində hər iki universitetin xüsusi rolu olduğunu qeyd edib. Bildirilib ki, bu tarixi ənənə Ərzurum Atatürk Universiteti ilə 1992-ci ildən, Van Yüzüncü İl Universiteti ilə 1998-ci ildən başlanıb. Vurğulanıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Türkiyənin 130-dan artıq universiteti arasında beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb. Universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqqında məlumat verən Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağı elmi-tədqiqat istiqamətli araşdırmalara üstünlük verməklə gələcək hədəflərini müəyyənləşdirir. 
    Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı yüksək qonaqpərvərlikdən məmnunluq ifadə edib. Bildirib ki, Türkiyənin ən qədim yeddi universitetindən biri olan Atatürk Universitetinin  xəstəxanası Şərqi Anadolu və Şərqi Qaradəniz üçün önəmli səhiyyə mərkəzi roluna sahibdir. Vurğulanıb ki, bu ali təhsil ocağı Türkiyənin 20 araşdırma universitetləri sırasında yer alır. 
    Van Yüzüncü İl Universitetinin rektoru, professor Həmdullah Şevli bu il 40-cı ildönümünü qeyd edən ali təhsil ocağında mövcud ixtisaslar və universitetin gələcək perspektiv imkanları haqqında məlumat verib. 
    Görüşdə beynəlxalq akkreditasiya qaydaları, Erasmus+, Mövlana proqramları çərçivəsində müəllim və tələbə mübadiləsi, kənd təsərrüfatı, meliorasiya və turizm sahəsində təcrübə əldə etmək, doktorantura, qida mühəndisliyi, zootexnik sahəsi üzrə araşdırma mərkəzlərinin birgə fəaliyyətinə dair müzakirələr aparılıb. 
    Tədbirdə bu ilin yayında Naxçıvan Dövlət Universitetində keçirilməsi nəzərdə tutulan beynəlxalq tibb forumunda hər iki universitetin iştirakı barədə razılığa gəlinib. Naxçıvan Dövlət Universiteti ilə hər iki universitet arasında qarşılıqlı protokol aktı imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, rektorlar universitetin xatirə kitabına ürək sözlərini yazıblar. Sonra qardaş ölkənin rektorları ali təhsil ocağının İncəsənət fakültəsi və Musiqi Kollecinin hazırladığı, Azərbaycan və türk musiqilərindən ibarət konsert proqramını izləyiblər. Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Naxçıvanın gəzməli yerlərini ziyarət ediblər. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

***

    Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı və Van Yüzüncü İl Universitetinin rektoru, professor Həmdullah Şevlinin muxtar respublikamızla, habelə Naxçıvan Dövlət Universiteti ilə bağlı maraqlı müsahibələrini “Şərq qapısı” qəzeti oxucularına təqdim edirik:    
    İlk müsahibimiz olan Van Yüzüncü İl Universitetinin rektoru, professor Həmdullah Şevli Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil arenasında, habelə qardaş Türkiyə Respublikasında tanıdılmasından və bu ali təhsil ocağı ilə apardıqları çoxşaxəli əməkdaşlıqdan söhbət açaraq deyir:

    – Qardaş Azərbaycan Respublikasının ən qədim mədəniyyət ocaqlarından biri olan Naxçıvan şəhəri dünyanın bir çox regionlarında tanınır və sevilir. Təmsil etdiyimiz ali təhsil ocağının yerləşdiyi Van şəhəri də Naxçıvana yaxın olmaqla bərabər, həm də türk xalqının ən qədim sivilizasiya məskənlərindən biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında geniş siyasi, ictimai əlaqələrin tarixi də minilliklərə söykənməkdədir. Bu şəhərə ilk dəfədir, səfər edirəm. Naxçıvanın rəngarəng və maraqlı mühiti, qonaqpərvər insanları, o cümlədən savadlı tələbə-gəncləri bizi heyrətləndirdi. Səfərimiz çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış olduq, regionun ən prestijli ali təhsil müəssisəsi haqqında geniş məlumat əldə etdik. Rektor Elbrus İsayevlə olan söhbətimizdə öyrəndik ki, Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili sahəsində aparılan məqsədyönlü işlər hər zaman öz müsbət nəticələrini göstərir. Xarici tələbələrin sayına görə Azərbaycan ali təhsil müəssisələri sırasında öncüllüyünü qoruyan universitetdə 10 ölkədən 1000-ə yaxın əcnəbi tələbə təhsil alır. Ən böyük üstünlüyü isə Türkiyənin tələbə-gənclərinin təşkil etməsi həm bizi qürurlandırdı, həm də çox sevindirdi. Müasir dövrümüzdə, qloballaşan dünyada milli mədəniyyət, tarixi və etnik köklərin birliyi ilə bir-birinə bağlı olan Azərbaycan Respublikası və Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq və bərabərlik nümayiş etdirirlər. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri vardır. Belə ki, dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əlaqələri mövcuddur. Bu, təbii ki, qardaş ölkə və Türkiyə arasındakı təhsil uğurlarının ən gözəl nəticəsi, gələcək uğurlu əməkdaşlıqların əsasıdır. Hər sahədə əməkdaşlıq üçün imkanlar açan dil, din birliyi, ortaq ənənələr və xalqlar arasındakı qardaşlıq münasibətləri türkiyəli tələbələrin Naxçıvan Dövlət Universitetini seçməsi üçün xüsusi imkanlar yaradır. Xarici ölkəyə təhsil üçün üz tutan əcnəbi tələbələr arzuladıqları humanitar-mədəni mühiti məhz qardaş ölkənin müasir şəhəri olan Naxçıvan Muxtar Respublikasında tapa bilir. Burada mövcud olan sabitlik, tərəqqi və yüksək sosial-iqtisadi inkişaf, habelə yenilikçi ideyaların yaşadılması bizim bu muxtar respublikanı seçib onunla təhsil sahəsindəki əlaqələrimizi də labüd edir. Bu hal həm biz müəllimlərin, həm də Naxçıvana üz tutan hər bir xarici tələbənin ürəyincə olur.
    “Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasındakı sabit əməkdaşlıq gələcək uğurlarımızın ən gözəl təminatçısı olacaq”, – deyən müsahibimiz, Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı qeyd edir ki, modernləşmə yolunda inamla addımlayan Naxçıvan Dövlət Universiteti ilə yaratdığımız qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi yaxın gələcəkdə universitetlərimizin beynəlxalq imicinin güclənməsinə və xarici əlaqələrin yüksələn xətlə inkişafına təkan verəcək. Əlbəttə ki, bütün bunlardan qazanan isə həm muxtar respublikanın, həm də Türkiyə Respublikasının ali təhsil ocaqlarının təhsil strategiyası olacaq. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, bizim Naxçıvana, o cümlədən diyarın ən prestijli ali təhsil ocağına olan səfərimiz təsadüfi deyil. Təhsil elə bir sahədir ki, burada atılan hər bir addım yüz ölçülüb, bir biçilməli, müsbət və mənfi çıxarlar və nəticələr nəzərə alınmalıdır. Bu yolda gələcək davamçılarımız olan gənclərimiz cidd-cəhdlə çalışır, səy göstərirlər. Bizim də yeganə amalımız, məqsədimiz onlara dəstək göstərmək, hər zaman yanlarında olmaqdır. Təbii ki, bu yolda ən böyük fədakarlıq onlara rahat təhsil alacağı, oxuyub inkişaf edəcəyi bir elm yolu, tərəqqi institutu vədini verməkdir. Bizim Naxçıvan Dövlət Universitetinə etdiyimiz  tarixi səfər də bu amala xidmət edir. Bu mənim Naxçıvana ikinci səfərimdir. Hələ ilk səfərimdə öyrənmişdim ki, bu ali təhsil ocağında oxuyan xarici tələbələrin böyük bir qismini türk tələbə-gənclər təşkil edir. 
    Naxçıvan, həqiqətən, çox maraqlı bir şəhərdir. Təmiz küçələr, abad yollar, geniş park və xiyabanlar ilk görüşdən insanı özünə cəlb edir. Bu diyarın insanları da tamam fərqli bir cazibəyə malikdirlər. Hər iki səfərimdə heç bir özgəlik hiss etməmişəm. İstər milli mətbəx nümunələri olsun, istər tanıdığım, münasibətdə olduğum insanlar olsun, insana çox müsbət aura yaşadır. Səfər proqramı çərçivəsində fürsət əldə edib “Duzdağ” Fizioterapiya Mərkəzi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə yaxından tanış olduq. Yolboyu seyr etdiyim mənzərələr Naxçıvanla bağlı yüksək təəssürat yaratdı. Gördük ki, Naxçıvan necə müasir və inkişaf səviyyəsi yüksəkdə olan bir şəhərdir. Bizə yolboyu bələdçilik edən naxçıvanlı qardaşlarımız yeni-yeni faktlar barədə danışdılar. Öyrəndik ki, Naxçıvanın havası, suyu təmiz olan, hərtərəfli şəraitə və özünəməxsus müsbət auraya malik kənd və qəsəbələri abadlaşdırılaraq bir cazibə məkanına çevrilir. Məhz bunun nəticəsidir ki, Naxçıvan muxtar diyarı Azərbaycan şəhərləri sırasında bir çox müsbət keyfiyyətlərinə görə lider mövqedə dayanıb. Bu mövqenin fövqündə isə bizi bura cəlb edən təhsil siyasəti aparıcı rol oynamaqdadır. Naxçıvandan qayıtdıqdan sonra da əlimizdən gəldiyi qədər həmvətənlərimizə burada bizim üçün yaradılan geniş şərait barədə ətraflı məlumat çatdıracağıq. İnanıram ki, istər təhsil sahəsində, istərsə də bu və ya digər sahələrdəki əməkdaşlığımız daha gözəl xarakter alacaqdır. Göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığımı bildirirəm. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 11.05.2022 22:05