AZ EN RU

Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyi İdarə Heyətinin sədri Əthəm Tanrıverdi: Məqsəd işbirliyimizi daha da gücləndirmək və ixracı artırmaqdır

    Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyi İdarə Heyətinin sədri Əthəm Tanrıverdinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Heyət səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi, “Ləzzət Biskvit və Şokalad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Badamlı” Mineral Sular Zavodu ilə tanış olublar.
    Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyi İdarə Heyətinin sədri Əthəm Tanrıverdi “Şərq qapısı” qəzeti üçün aldığımız müsahibədə dedi:  – 29min üzvü, 2 milyard 542 milyon dollar ixracatı olan birliyin idarə heyətinin sədriyəm. Çox böyük bir nümayəndə heyəti – Türkiyənin aparıcı iş adamları ilə qardaş ölkəmiz Azərbaycanın bir parçası olan  Naxçıvana gəldik. Məqsəd işbirliyimizi daha da gücləndirmək və ixracı artırmaqdır. Biz buraya həm məhsul satmaq, həm də məhsul almaq üçün gəlmişik. Naxçıvanda çox mehribanlıqla qarşılandıq. Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunu ziyarət etdik. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri və Dövlət Gömrük Komitəsinin sədri ilə gələcək iqtisadi tərəfdaçlıqla bağlı səmərəli görüşlərimiz oldu. Biznes Mərkəzini  ziyarət etdik, gördük ki, Naxçıvanda çox gözəl məhsullar istehsal olunur, bu bizi qürurlandırdı. Buradakı görüşümüzün bir sıra məsələlərin həllində faydalı olacağına inanırıq. Bu gün dünyada hər şey istehsala bağlıdır. Naxçıvanda bununla bağlı hər kəsdə ciddi bir həyəcan, istehsal etmək, bizneslə məşğul olmaq eşqi vardır. Bu ilin muxtar respublikamızda “Sənaye ili” elan olunması, heç şübhəsiz, bu diyarda iqtisadiyyatın, xüsusilə də  sahibkarlığın inkişafına, ixrac potensialının artırılmasına hədəflənmiş mühüm addımdır. Gələcəkdə Naxçıvanda istehsal gücünün daha da artacağını, ixrac imkanlarının genişlənəcəyini bir daha yəqin etdik. Əlbəttə ki, bizim birgə əməkdaşlığımız buna yeni töhfə verəcək. 

    Mən qardaş ölkəmizin xalqını Qarabağda qazandığı qələbə münasibətilə bir daha təbrik edirəm. Açılacaq dəhlizin hər kəs üçün xeyirli olmasını diləyirəm. Bu, çox vacib bir dəhliz olacaq. Artıq dünyada məhsul istehsal etməklə bərabər, onun daşınmasını və logistikasını təşkil etmək də çox mühüm məsələdir. Dəhliz açıldıqdan sonra logistika xərcləri də çox ciddi şəkildə azalacaq və  bütün dünya bundan  faydalana biləcək. Qismət olsa, tezliklə Zəngəzur dəhlizinin açılışını görəcəyik. Naxçıvana gəldiyim üçün xoşbəxtəm, nümayəndə heyətim adından sizə təşəkkür edirəm. Ümid edirəm ki, Naxçıvanda birlikdə daha yaxşı işlər görəcəyik.

    Digər həmsöhbət olduğumuz İqdırdan bir çox ölkələrə taxta və taxta məhsulları istehsal və ixrac edən gənc sahibkar Berat Atəş və Beşiktaş İnşaat Sənaye Ticarət Limited Şirkətinin sahibi Müzaffər Taş Cahan, Gəmiqaya kimi şirkətlərlə uğurlu əməkdaşlıq etdiklərini və  yeni sahələrə də sərmayə qoyacaqlarını dedilər. Naxçıvanda çox sürətlə inkişaf etdiyini, ticarət sahəsində uğurlu əməkdaşlıq əlaqələrini  bundan sonra da davam etdiriləcəyini bildirdilər. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 03.06.2022 19:26