AZ EN RU

Türkiyə Respublikasında zəlzələdən zərər çəkmiş şəxslərə Naxçıvan Muxtar Respublikasından humanitar yardımların göndərilməsi davam etdirilir

    6 fevral 2023-cü il tarixdə Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar olmuşdur. Prezident cənab İlham Əliyevin tapşırığı ilə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Azərbaycan dövləti tərəfindən genişmiqyaslı tədbirlərə başlanılmışdır.
    Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlara bütün ölkə vətəndaşları kimi muxtar respublika sakinləri də yardım etməyə başlayıblar. Bu məqsədlə Naxçıvanda başladılmış geniş yardım kampaniyası bu gün də davam etməkdədir. Məlumat üçün qeyd edək ki, 8-13 fevral 2023-cü il tarixlərdə muxtar respublikadan zəlzələ bölgəsinə 52 TIR humanitar yardım göndərilmişdir.
    Naxçıvan Muxtar Respublikasındakı qurumlar, təşkilatlar, sahibkarlıq subyektləri və muxtar respublika sakinləri tərəfindən zəlzələdən zərərçəkmiş insanlara humanitar yardım məqsədilə ötən müddət ərzində müxtəlif nəqliyyat vasitələrilə kişi, qadın, uşaq paltarları, uşaq bezləri, adyallar, çeşidli ərzaq məhsulları, fərqli ölçülərdə xalçalar, döşək dəstləri, müxtəlif növ təmizlik məhsulları, qızdırıcı sobalar, elektrik plitələri, əl fənərləri, müxtəlifölçülü çadırlar, konteynerlər, çarpayılar, plastik oturacaqlar, plastik qablar, dərman preparatları, generatorlar, çeşidli növlərdə mineral sular və digər zəruri avadanlıqların Türkiyədə zəlzələ bölgəsinə göndərilməsi təmin edilmişdir.
    Həmçinin Naxçıvan şəhərində Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ehsan verilmiş, zəlzələdən dünyasını dəyişənlərin ruhlarına dualar oxunulmuş, yaralılara şəfalar dilənmişdir. Qeyd edək ki, muxtar respublikadan Türkiyədə zəlzələ bölgəsinə göndərilən humanitar yardımın ümumi dəyəri 14 milyon 774 min 631 manat təşkil edir.

    Naxçıvan Muxtar Respublikası Nazirlər

Kabinetinin mətbuat xidməti

Nəşr edilib : 14.02.2023 14:02