AZ EN RU

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri və Ali Məhkəmənin Baş prokuroru Naxçıvana səfər ediblər - YENİLƏNİB - FOTOLAR

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyə  Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlib.

Nümayəndə heyəti əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

Daha sonra qonaqlar türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan büstünü ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını da ziyarət edib, xiyabandakı “Ana abidəsi”nin önünə gül düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Həmçinin, qonaqlar şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər düzüblər.

Sonra Türkiyədən olan nümayəndə heyəti ilə Baş prokuror Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş olub. Görüş zamanı Naxçıvanda aparılan kompleks islahatlar, yenidənqurma işləri barədə ərtaflı müzakirə aparılıb.

Sonra Baş prokuror Kamran Əliyevlə Türkiyədən olan nümayəndə heyəti arasında ikitərəfli görüş olub.

Bundan sonra "Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı” mövzusunda konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, görkəmli alim Zərifə Əliyevanın, şəhidlərimizin və Türkiyədə baş vermiş zəzələdə həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Konfransda Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Ermənistanın sərhədyanı bölgədə törətdiyi ekoloji cinyətlərdən bəhs edən Kamran Əliyev Naxçıvanla sərhəddə Ermənistanın metallurgiya zavodu inşa etməsinin həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaratdığını və bunun bütün beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırıldığını  bildirib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan və Türkiyə münasibətlərindən bəhs edərək,  Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətin məhz Türkiyə Cumhuriyyəti olduğunu bildirdi. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəkdən bəhs edən Fuad Nəcəfli Prezident İlham Əliyevin dövlətlərimiz arasında “bir millət, 2 dövlət, tək yumruq” prinsipinin əsasını qoyduğunu, dövlətlərimiz arasında imzalanan Şuşa bəyənnaməsinin bizim dostluğumuzun, qardaşlağımızın, əməkdaşlığımızın ən yüksək zirvəsi olduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycan və Türkiyə arasında reallaşan böyük infrastruktur layihələrindən bəhs edən səlahiyyətli nümayəndə Zəngəzur dəhlizinin region və dünya üçün əhəmiyyətinə toxunub.

Konfrans zamanı Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca bütün sahələrdə olduğu kimi sərhədyanı cinayətlərlə mübarizə məsələsində də 2 ölkə arasında məhkəmə əməkdaşlığından duyduğu məmnuniyyəti ifadə edib.

Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, reallaşacaq Zəngəzur dəhlizinin əhəmiyyətindən danışaraq, bu dəhliz vasitəsi ilə yaranacaq yeni ticarət əlaqələrindən bəhs edib.

Digər çıxış edənlər Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev, Naxçıvan Muxtar respublikası Ali Məhkəməsinin sədri Səadət Bektaşi və İğdır Vilayəti Baş prokuroru Serkan Başaran Naxçıvanın məhkəmə sistemindən, Türkiyə və Azərbaycan münasibətlərindən bəhs edərək konfransın əhəmiyyətini vurğulayıblar.

Nəşr edilib : 10.07.2023 12:01