AZ EN RU

Türkiyə Prezidenti Ukraynaya rəsmi səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.

Türkiyə Prezidenti Ukrayna səfərindən əvvəl Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlama verib.

Bölgədə baş verən gərginliyə toxunan Prezident Ərdoğan bildirib: “Qara dəniz ölkəsi olaraq bölgəyə sülh gətirmək üçün bütün tərəfləri təmkinli olmağa və dialoqa dəvət edirik”.

Ukrayna Prezidentinin dəvəti ilə Yüksək Səviyyəli Strateji Şuranın X iclasında iştirak üçün Kiyevə gedəcəklərini deyən Prezident Ərdoğan bu gün həm də Ukrayna ilə Türkiyə arasındaki diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü olduğunu, bu baxımdan səfərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Volodimir Zelenski ilə ikitərəfli görüşdən sonra şura iclasına sədrlik edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib: “Görüşlərimizdə ikitərəfli əlaqələrimizi nəzərdən keçirəcəyik. Həmçinin gündəliyimizdəki regional və beynəlxalq mövzularda da fikir mübadiləsi aparacağıq. Müxtəlif sahələrdə sazişlər imzalamaqla əlaqələrimizin müqavilə bazasını daha da möhkəmləndirəcəyik”.

Türkiyənin Ukrayna ilə əlaqələrinin son illərdə xüsusilə ticarət, investisiyalar, turizm və müdafiə sənayesi kimi sahələrdə böyük yol keçdiyini bildirən Rəcəb Tayyib Ərdoğan pandemiya şəraitinə baxmayaraq, keçən il Ukraynadan Türkiyəyə iki milyondan çox turistin gəldiyini və bununla da yeni rekorda imza atıldığını deyib.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2020-ci ilə nisbətən təqribən 60 faiz artaraq 7,5 milyard dollara çatdığını vurğulayan Türkiyə Prezidenti 10 milyard dollarlıq hədəfə çatmaq üçün zəruri addımlar atdıqlarını və bu hədəfin qısa müddətdə reallaşacağına inandığını, imzalanacaq azad ticarət sazişi ilə bu məqsədə qısa zamanda nail olunacağına inandığını bildirib.

Nəşr edilib : 03.02.2022 14:56