AZ EN RU

Türkiyə Prezidenti: Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılmasına lazımi dəstək verməyə hazırıq

Ukraynaya rəsmi səfərim çərçivəsində təmaslarımız oldu. 2011-ci ildə təsis etdiyimiz Yüksək Səviyyəli Strateji Şuranın X iclasını keçirdik. Prezident Volodimir Zelenski ilə ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirdik. Şura iclasımızda Ukrayna ilə hazırkı hərbi, siyasi, iqtisadi, kommersiya və mədəniyyət sahələri daxil olmaqla, bütün sahələrdə əməkdaşlığımızı müzakirə etdik.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərindən dönərkən mediaya açıqlamasında bildirib.

Ukrayna ilə Türkiyə arasında ticarət dövriyyəsində hədəfin 10 milyard ABŞ dolları olduğunu xatırladan Prezident Ərdoğan deyib: “2021-ci ilədək Ukrayna ilə ticarət dövriyyəmiz 7,5 milyard dollar səviyyəsinə çatıb. İndi hədəf 10 milyard dollardır. Ümid edirəm ki, məqsədimizə çatacağıq. Ukrayna ilə diplomatik münasibətlərimizin qurulmasının 30-cu ildönümü ərəfəsində baş tutan səfərimizi imzaladığımız səkkiz müqavilə ilə taclandırdıq. On bir ildir danışıqları davam edən Azad Ticarət Sazişi çox vacib və əhəmiyyətlidir. İclaslarda bir sıra müxtəlif məsələləri də müzakirə etmək imkanımız oldu. Şuramızın növbəti iclasının Cumhuriyyətimizin 100-cü il dönümündə Türkiyədə keçirməyi qərara aldıq”.

Ukrayna ilə Rusiya arasında baş verən gərginliyin azaldılmasına Türkiyənin lazımi dəstək verməyə hazır olduğunu vurğulayan Prezident Ərdoğan bildirib: “Təəssüf ki, Ukrayna-Rusiya əlaqələrində gərginlik artmaqda davam edir. Bu gərginliyin aradan qaldırılması istiqamətində lazimi dəstəyi verməyə hazır olduğumuzu Prezident Zelenskiyə xüsusilə bildirdim. Bununla bağlı liderlər səviyyəsində sammit və ya texniki səviyyədə görüşlərə ev sahibliyi etməyə hazırıq”.

Nəşr edilib : 04.02.2022 16:24