AZ EN RU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfərə yola düşüb

Fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfərə yola düşüb.

Türkiyə Prezidenti səfərdən əvvəl Atatürk Hava Limanında media nümayəndələrinə müsahibə verib.

Səfər barədə açıqlamasında Prezident Ərdoğan ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərdə yeni dövrün başlandığını bildirib. “BƏƏ səkkiz milyard dollara çatan ticarət dövriyyəmizdə əsas tərəfdaşlarımızdan biridir. Türkiyənin podratçı şirkətləri indiyədək BƏƏ-də 13 milyard dollar dəyərində 141 layihə həyata keçirib. BƏƏ də Türkiyədə dinamik investisiya sahəsinə mühüm töhfələr verir. Ölkələrimizin iqtisadiyyatının potensialı indiki rəqəmlərdən çox yüksəkdir. Səfərin məqsədi bu potensialı tez bir zamanda reallaşdırmaqdır”, - deyə Prezident Ərdoğan qeyd edib.

Rusiya-Ukrayna böhranı ilə bağlı sualı da cavablandıran Türkiyə Prezidenti səfər zamanı, sadəcə, BƏƏ ilə ölkəsi arasındakı münasibətlərin deyil, bölgədəki problemlərin də müzakirə olunacağını bildirərək deyib: “Hazırda bunların arasında ən vacibi Rusiya-Ukrayna böhranıdır. Səfər çərçivəsində bu məsələ və problemin aradan qardırılması istiqamətində atılacaq addımlar da müzakirə olunacaq”.

Səfər çərçivəsində Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında investisiya, ticarət, müdafiə, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrini əhatə edən 12 sazişin imzalanması gözlənilir.

Təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçiriləcəyi səfər çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı, sülh və sabitliyin bərqərar olması, qorunub saxlanması anlayışı əsasında regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Nəşr edilib : 14.02.2022 14:08